Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsilə bağlı külli miqdarda korrupsiya

27-09-2023, 08:18   


“Həmin pulların sonra kimə çatdığını mən dəqiq bilməmişəm…”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində həyata keçirdiyi əməliyyatlar nəticəsində həbs olunanlardan biri də nazirliyin Mənzil-İstismar İdarəsinin rəisi, polkovnik Fikrət Mirzəyev idi. Onun işinə Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyilə baxılır.

Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı həbs olunanlar nazirliyin müxtəlif strukturlarında çalışsalar da, onlar eyni sxem üzrə həyata keçirildiyi iddia olunan yeyintidə ittiham olunurlar. İttihama əsasən, müxtəlif şirkətlərdən ərzaq, avadanlıq alınarkən, təmir-tikinti işləri görülərkən qiymətlər şişirdilib, müqavilədə artıq göstərilib. Büdcədən də daha çox vəsait ayrılıb. Şirkətlə əvvəlcədən olan razılaşma əsasında hesaba daha çox pul köçürülüb. Şirkət hesaba köçürülmüş pulu nağdlaşdırandan sonra artıq məbləği geri qaytarıb. Həmin məbləğ də mənimsənilib. 5 il ərzində ümumilikdə 143 milyon manatlıq mənimsəmədən söhbət gedir.
Mənzil-İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev 3 milyon 380 min manatlıq mənimsəmədə ittiham olunur. Lakin o, bu məbləğlə razı deyil. Məhkəmədə bildirib ki, özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, 111 min manatlıq ziyanı qəbul edir və onu da ödəyib.

Sentyabrın 25-də məhkəmədə Fikrət Mirzəyevin vəkili vəsatət qaldırıb ki, məhkəmə prosesi qapalı keçirilsin. Lakin onun vəsatəti təmin olunmayıb.

Məhkəmədə şahid kimi, Mənzil-İstismar İdarəsinin əsaslı təmir bölməsinin rəisi vəzifəsində çalışmış Rəhim Laçınov ifadə verib. İstintaqa ifadəsini təsdiqlədiyini deyən Rəhim Laçınov bildirib ki, işi təmirə nəzarət etmək idi. Onun sözlərinə görə, şirkətlərlə pul məsələlərini idarənin rəisi özü həll edirdi. Amma arabir Fikrət Mirzəyev özü gedə bilməyəndə onu göndərirdi, o da pulu alıb gətirir, rəisə çatdırırdı. Şahid məhkəmədə bildirib ki, gətirib verdiyi pulun sonradan kimə çatmasını görmürdü:

“Həmin pulların sonra kimə çatdığını mən dəqiq bilməmişəm…”.

O, dindirmənin davamında deyib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və Baş Qərargah rəisi Nəcməddin Sadıqova müəyyən vəsait verildiyini eşitmişdi, amma dəqiq bilmir.

Məhkəmədə məlum olub ki, Rəhim Laçınov istintaqa ifadəsində adbaad, konkret rəqəmlərlə pullardan kimə nə qədər çatdığını göstərib. Prokuror ona həmin ifadəsini xatırladanda izah edib ki, keçmiş rəisi Fikrət Mirzəyev bu cür ifadə vermişdi deyə, o da elə danışıb.

Hakimlər gedib şirkətlərdən alıb gətirdiyi pullardan onun özünə nə qədər çatdığını da soruşublar. İddia edib ki, onun özünə heç nə çatmırdı. Yalnız arabir qonaqlıqla və rəisi Fikrət Mirzəyevin verdiyi “cibxərcliyi” ilə kifayətlənirdi.

Şahidin ifadəsində adıçəkilən Nizami Məmmədov da məhkəmədə şahid kimi dindirilib. General-mayor Nizami Məmmədov da DTX-nın keçirdiyi əməliyyat nəticəsində həbs olunanlardan biridir. Onun da hazırda məhkəməsi gedir. Ona qarşı 18 milyon manatlıq mənimsəmə ittihamı irəli sürülüb. O isə bunun 12 milyonluq hissəsini qəbul edir, həmin məbləği də istintaq dövründə ödəyib.

Generalın Fikrət Mirzəyevin məhkəməsində şahid qismində dindirilməsinin səbəbinə gəlincə, ittihamda göstərilib ki, Mənzil İstismar İdarəsinin rəisi aldığı pullardan 369 min manat da nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova verib. Lakin o, məhkəmədə dindirilərkən bunu təkzib edib.

Nizami Məmmədov bildirib ki, bu idarədən ona pul verilməyib. Onun sözlərinə görə, Mənzil-İstismar İdarəsi demək olar, müstəqil şəkildə fəaliyyət göstərirdi, şirkətlərlə danışıqları da özü aparırdı, hətta Maliyyə Nazirliyi də pulu birbaşa onlara köçürürdü: “Bu idarənin bizimlə əlaqəsi yox idi”.

General ümumiyyətlə, bir çox məsələnin yalan olduğunu vurğulayıb. O, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanovun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqova 20 milyon manat pul verməsi haqda məhkəmədə dediklərini misal göstərib. Nizami Məmmədov bildirib ki, bu, doğru deyil və belə böyük məbləğ ola bilməzdi.

Məlikməmməd Qurbanovun sözlərinə görə, qiymətlərin şişirdilməsi nəticəsində şirkətlərdən geri qayıdan pulları Nəcməddin Sadıqova verirdi. O hesab edir ki, 5 il ərzində verdiyi vəsait 20 milyon manat olardı. Polkovnik Qurbanov əlavə edib ki, Baş Qərargah rəisi də sonra həmin vəsaitləri necə böləcəyinə özü qərar verirdi.

Polkovnik Fikrət Mirzəyev mənimsəmə nəticəsində dövlətə ziyan vurmaqda ittiham olunduğuna görə zərərçəkmiş qismində məhkəmədə Maliyyə Nazirliyinin nümayəndəsi iştirak edir. Nümayəndə dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb etdiklərini vurğulayıb.

Bu iş üzrə məhkəmə prosesi oktyabrın 9-da davam edəcək.

Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məsuliyyətə cəlb olunanlar arasında yuxarıda adları çəkilənlərlə yanaşı, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, bu idarənin zabiti Vüsal Əlizadə, Fikrət Mirzəyevdən əvvəl Mənzil-İstismar İdarəsinin rəisi olmuş polkovnik Mahir Şirvanov da var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.