Qarabağdakı keçmiş qondarma rejimin sabiq "prezidenti" Araik Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Ermənistanın müxalifyönlü "Hraparak" nəşri məlumat yayıb.
Sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan xəbərlərə görə isə, DTX əməkdaşları tərəfindən saxlanılan Arutyunyan hazırda Bakıya gətirilir.
Qeyd edək ki, Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin “İqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “Azad Vətən” adlı partiyanın sədri kimi separatçı rejimin “parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub.
2009-cu ildə yenidən "Azat Ayenik" partiyasının sədri seçilib.
2010-cu ildə rəhbərlik etdiyi "Azat Ayenik" partiyası qondarma respublikanın parlamentinə keçirilən seçkilərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib.
25 sentyabr 2017–6 iyun 2018-ci illərdə qondarma respublikanın dövlət naziri olub.
Araik Arutyunyandan əvvəl separatçı rejimə 4 nəfər başçılıq edib. 1994-97-ci illərdə separatçıların rəhbəri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub. Köçəryandan sonra separatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci ildə separatçıların "rəhbəri" Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan olub.
Araik 31 mart 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutub.
44 günlük Vətən müharibəsində Azərbaycana qarşı bir sıra təxribatlarda iştirak edib. Bütün təxribatlarının qarşısı ordumuz tərəfindən alınıb, Araik rəzil duruma düşüb.
Sonda onu da qeyd edək ki, Araik Arutyunyan 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı etiraf etmişdi.
“Mənim sərəncamımla “arsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı - Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi. Mülki insanları uzaqlaşdırın. Bu müharibəni siz başlamısız”, - Arutyunyan həmin müraciət zamanı bildirmişdi.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş "parlament sədr"i David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
"AzPolitika.info"