Bəzi bölgələrdə İnternetin dayandırılması və TİK-TOK sosial şəbəkəsinin bağlı qalması nə qədər legitimdir?

7-10-2023, 09:16   




Bu sətirləri yazmaqda məqsədim son günlər medianın, jurnalistlərin habelə çoxsaylı şəxsilərin sualları ilə qarşılaşmağım və onlara ayrı-ayrı müəyyən izahatlar verməyə məcbur qalmağımdır. Qərara aldım ki, birdəfəlik bu sual doğuran məsələ ilə bağlı hüquqi durumu izah edən bir yazı ilə bütün mümkün suallara cavab verim habelə rəsmi qurumlar da bu məsələnin ictimai əhəmiyyətini nəzərə alıb zəruri hüquqi tədbirlər görsün, vətəndaşların pozulan hüquqlarının daha da dərinləşməsinin qarşısını alan təcili addımlar atsınlar.


Sual budur: 19 Sentyabrda keçirilən 23 saatlıq antiterror əməliyyatı zamanı əməliyyat keçirilən zonaya yaxın bəzi yaşayış yerlərində habelə ölkə üzrə telekommunikasiya xidmətlərinə gətirilən məhdudiyyətlərin əməliyyat bitdikdən 2 həftə keçməsinə baxmayaraq davam etdirilməsi nə qədər hüquqidir?

Məlumdur ki, Azərbaycanın ərazi bütünlüyü, dövlət suverenliyinin qorunması ölkə əhalisinin mütləq əksəriyyətinin ən həssas yeridir. 35 il öncə ölkəmizə və xalqımıza qarşı başlayan separatizim, düşmənçilik, kütləvi qətliamlar, işğal, məcburi köçə zorlamalar nəhayət 2020-ci ildə 44 günlük müharibə ilə yekunlaşdı. Buna baxmayaraq dövlət suverenliyinin tam bərpası geridə qalan 3 ildə tam reallaşmadı, silahlı erməni çətələrinin qondarma qurumları öz fəaliyyətini davam etdirmələri və sistemli şəkildə silahlara sarılaraq terrorlara əl atmaları nəhayətində 19 Sentyabrda 23 saatlıq antiterror əməliyyatının gerçəkləşməsi ilə tarixə qovuşdu.

23 saatlıq antiterror əməliyatının başlaması rəsmi elan edildiyi kimi, sonlandırılması da separat erməni çətələrinin təslimiyyəti qəbul etmələri ilə rəsmi olaraq 20 sentyabr saat 13:00 etibarı ilə elan edildi.

23 saatlıq əməliyyat zamanı telekommunikasiya xidmətlərinə ölkə üzrə “rəsmi” elan edilib tətbiq edilən  (tik-tok sosial şəbəkəsinə ölkə üzrə girişin məhdudlaşdıırlması) və bölgələr üzrə rəsmi elan edilmədən tətbiq edilən  (şəbəkə üzrə təqdim edilən internetin bölgədə tamamilə dayandırılması yaxud mobil internetə girişlərin çətinləşdirilməsi) müəyyən məhdudlaşdırıcı addımlar atıldı və hələ də davam etdirilir.

1. Rəsmi mediada yayılan[1] bütün ölkə boyu tətbiq edilən məhdudlaşdırma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən elan edildi:

19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”[2].

Lakin nədənsə rəsmi dövlət qurumu bu xəbərdarlığı öz internet informasiya resursunda yerləşdirmədi. Halbuki belə bir rəsmi qərar qəbul edilibsə, bu xəbərdarlığı öz internet informsiya resursunda yerləşdirmə öhdəliyi İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanunun[3] 9, 29, 32, 33-cü maddələrinin qəti tələbidir. Maraqlıdır ki, bu qurumun rəsmi internet resursunda vətəndaşlara son xəbərdarlığı 21 iyun 2023-cü ildə olub. Bunun da motivi başqadır. 

Rəsmi qurumun sahib çıxmadığı (rəsmi internet səhifəsinə yerləşdirmədiyi) bu elandan anlaşılır ki, Tik-tok sosial şəbəkəsinə ölkə üzrə bütün provayder və operatorlardan girişə hər hansı məhkəmə qərarı olmadan inzibati orqan tərəfindən müvəqqəti məhdudiyyət qoyulub.

Lakin məhdudiyyət niyə qoyulub, hansı hüquqi əsaslarla qoyulub, hansı qanunun verdiyi səlahiyyətlə qoyulub, bunlara dair hər hansı rəsmi bilgi mövcud deyil.

“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun[4] 2.0.1 maddəsinə əsasən qəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti inzibati orqandır və onun qəbul etdiyi “Tik-Tok sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilməsinə dair Qərarı” normativ xarakterli aktdır (inzibati akt).

“Normativ Hüquqi aktlar haqqında” Konstitusiya Qanununun[5] 4.3. maddəsinə əsasən normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir”. Yəni Tik-tok sosial şəbəkəsinin məhkəmə qərarı olmadan müvəqqəti məhdudlaşdırmasına dair qərarın hansı qanunun hansı maddəsinə əsasən, hansı Fərmanın hansı bəndindəki səlahiyyətlə məhduddlaşdırıldığı açıq şəkildə əsaslandırılaraq cəmiyyətə təqdim eidlməli idi.

quqi baxımdan hansı hallarda və hansı formallıqla bu məhdudiyyət tətbiq edilə bilər?

Sadəcə antiterror əməliyyatının aparılması əsası ilə belə bir məhdudiyyətin tətbiqi nəzərdə tutulsa məntiqlə bu 1999-cu ildə qəbul edilən “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununda[6] və ya “Terrorçuluğa qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanununda[7] olmalı idi. Bu qanunların heç birində ölkə ərazisinin bir hissəsində antiterror əməliyyatı yaxud əməliyyat-axtarış aparılarkən ümumi şəkildə bütün ölkə üzrə telekommunikasiya xidmətlərinə bu formada hər hansı məhdudiyyətin tətbiqi, habelə internet informasiya ehtiyatlarına nəzarət, sosial şəbəkələrin bloklanması yaxud internetin kütləvi verilməsinin dayandırılması nəzərdə tutulmayıb.

2005-ci ildə qəbul edilən “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda[8] hər hansı “müvafiq icra hakimiyyəti orqanının” belə bir səlahiyyəti və ya əsaslar mövcud deyil.

Yalnız hərbi vəziyyət elan olunduqda “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanunun[9] 1.0.3 maddəsində nəzərdə tuutlan hərbi senzura və xüsusi hərbi rejimin tətbiqi zamanı internet informasiya ehtiyatlarına nəzarət nəzərdə tutulub. Hərbi vəziyyət rejiminin tətbiqi Konstitusiyada xüsusi formallıqla həyata keçirilir. 19 Sentyabr antiteror əməliyyatları zamanı hərbi vəziyyət elan edilməyib və tətbiq edilməyib. Deməli bu əsasla belə bir məhdudiyyətin tətbiqi hüquqi baxımdan mümkün deyil. 

İkinci ehtimal, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqında “Azərbaycan Respublikası Qanununa[10] 2017-ci ildə hay-küylü şəkildə yamanan İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması tədbirləri çərçivəsində bu məhdudiyyətin qoyulmasıdır.

Bu qanunun 13-3.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir.

 Xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.

Məsələ burdadır ki, belə hal aşikar edilər və xəbərdarlıq edilərsə xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir.

İstisna hal kimi Qanunun 13-3.3 maddəsində göstərilir ki: “Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.” Qanunun bir tələbi də budur ki, bu halda eyni zamanda, internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir.

Əgər tik-tok sosial şəbəkəsinin müvəqqəti dayandırılmasının əsası “Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və təxirəsalınmaz tədbirlərin görülməsi” əsası ilə baş veribsə, bu halda yayılması qadağan olunan informasiyanın kim tərəfindən aşikar edildiyi və konkret nə olduğu, əgər bu məlumat başqa dövlət qurumundan, şəxslərdən daxil olubsa onun əsaslandırılmış təqdimatı ilə bərabər paralel olaraq məhkəməyə də müraciət edilməli idi.  Üstəlik bunu tətbiq edən tərəf Elektron Təhlükəsizlik Xidməti yox, birbaşa nazirlik özü olmalı idi.  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının[11] 2.3-cü bəndinə əsasən  Qanunun 13-3.3 maddəsini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Ayrıca, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnaməyə[12] baxdıqda bu qurumun səlahiyyətləri və vəzifələri arasında hər hansı internet informasiya resursunu bloklama, yaxud məhkəməyə müraciət etmə səlahiyyəti və vəzifəsi mövcud deyil. 

Bütün bunlar göstərir ki, Tik-tok sosial şəbəkəsinin müvəqqəti məhdudlaşdıırlmasına dair tədbirin nəzərdə tutulması hüquqi əsaslılıq baxımdan və prossesual baxımdan qanunlara uyğun şəkildə olmayıb və hələ də davam etdirilməsinin heç bir legitim əsası mövcud deyil. 

2. Bölgələr üzrə rəsmi elan edilmədən tətbiq edilən məhdudiyyətə gəldikdə, bu əsasən qeyri-rəsmi məlumatlara görə Ağdam rayonunda, Fizuli rayonunda sabit internet abunəçilərinə internetin verilməsinin dayandırılması və ərazidə mobil internet istifadəçilərinin də mobil internetlərinə məhdudiyyətin tətbiqi şəklində baş verir.

Bununla bağlı nə rəsmi qurumların nə də mətbuatın açıq şəkildə təqdim etdiyi bir məhdudiyyət tədbiri mövcud deyil. Lakin, praktik olaraq bu ərazidəki vətəndaşlar hazırda əməliyyatların bitməsindən 2 həftə keçməsinə baxmayaraq öncədən haqqını ödədikləri interneti istifadə edə bilmirlər. Ərazidə internet kütləvi kəsilib. Bəzi oprerator və provayderlər aşağıdakı məzmunda bir mesajla bu kəsintini “texniki səbəblərlə” əlaqələndirir lakin telefon danışıqlarında bunun “xüsusi  tapşırıq” olduğunu etiraf edir.

Nəticədə legitim hüquqi əsas olmadan vətəndaşların kütləvi şəkildə informasiyalara çatımlılığı məhdudlaşdırılır və Konstitusiyada təsbit edilən məlumat azadlığı hüququ özbaşına məhdudlaşdırılır. Bu sahədə dövlətin rəsmi siyasətinə cavabdeh olan qurumlar o cümlədən xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə hərəkətsi


z qalmaqda və onun nəzarətində olan  yaxud lisenziya verdiyi Aztelekom, Azercell, Bakcell, Narmobil və digər operatorlar, provayderlər vətəndaşların ölkənin bötünlüyünə və suverenliyinə bağlığını açıq şəkildə sui-stifadə edərək  onlarn hüquqlarını pozmağa davam edir. Bu formada bölgənin bir hissəsində vətəndaşların internetdən mərhum edilməsi həm də bölgəsəl ayrıseçkilyin tətbiqidir və yolverilməzdir.

 


[1] https://azertag.az/xeber/azerbaycan_erazisinde_tiktok_sosial_sebekesinin_fealiyyetine_muveqqeti_mehdudiyyet_tetbiq_edilib-2753728

[2] https://apa.az/infrastruktur/azerbaycanda-tiktokun-fealiyyeti-mehdudlasdirilib-resmi-786484

[3] “İnformasiya əldə etmək haqqında “Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/11142

[4] “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/11254

[5] “Normativ Hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, https://e-qanun.az/framework/21300

[6] “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/2938

[7] “Terrorçuluğa qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/3855

[8] “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/10663

[9] “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/35170

[10] “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqında “Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/3525

[11] “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı,https://e-qanun.az/framework/3605

[12] Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə, https://e-qanun.az/framework/25375

astna.biz


English Русский 


Ələsgər Məmmədli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.