Savaşda Mingəçevirə raketlər atdıq... – Zurabyandan sensasiya

20-10-2023, 22:24   




Azərbaycan enerji sektorunda Qərbin ciddi iqtisadi tərəfdaşıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycandan neft ixracı xeyli artıb, Avropa enerji resurslarına görə Azərbaycandan 5% asılıdır ki, bu da Bakıya sanksiyaların tətbiqində çox ciddi və mühüm maneədir.

Zurabyanın hesab edir ki, hazırda əsas problem İsraildir:

“Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin memarı İsraildir. 2016-2020-ci illərdə Azərbaycan aldığı silahların 70%-ni İsraildən idxal edib. Ən müasir silahlarla Bakıya Təl-Əvivdən ümumilikdə 92 uçuş həyata keçirilib.

İsrail Dəmir Qübbə sistemini yalnız Azərbaycana verib, başqa heç kimə. Niyə? Çünki bu sistem Mingəçeviri zərbələrdən qorumalı idi – necə ki, 44 günlük savaşda Mingəçevirə endirilən zərbələr hədəfə çatmadı (havada vuruldu – red.).

Bundan əlavə, İsrail PUA-ları, Ermənistanın dəqiq rəqəmsal xəritələrini və yüksək dəqiqlikli “Laura” raketlərini Azərbaycana verib. Yəni Azərbaycanın qələbəsini təmin edəcək yardımlar edib. 19 sentyabrdan əvvəlki (lokal antiterror tədbirlərindən öncə - red.) bir ayda Bakı yenə İsraildən silah alıb”.

Onun fikrincə, İsrailin Azərbaycana bu cür dəstəyinin səbəbi yalnız İrana qonşu olması deyil, İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşamasıdır:

“Qərb uzun müddətdir ki, azərbaycanlı separatizmi ilə İranı daxildən parçalamağa çalışır”.

O qeyd edib ki, bu gün iki düşərgə formalaşıb: Qərbin rəhbərlik etdiyi köhnə hegemonlar və Çin, İran, Rusiya və digər ölkələrin təmsil etdiyi yeni hegemonlar.

Onun iddiasına görə, İranla mümkün qarşıdurmada Azərbaycan Qərbin tərəfdaşıdır və buna görə də Qərb Azərbaycanı zəiflətmək üçün heç bir addım atmayacaq:

“Qərb (Ermənistana – red.) bəyanatlar və humanitar yardım göstərmək baxımından addımlar atacaq, lakin bu, Azərbaycanın Zəngəzura təcavüzünün qarşısını almaq üçün Paşinyanın gözlədiyi olmayacaq.

Qərbin hərbi bazalarının Ermənistanda yerləşdirilməsi təhlükəsizliyin təminatı ola bilərdi, lakin bu baş verməyəcək, çünki onların özlərində Ukraynaya yardım göstərməklə bağlı problemlər var, silahların bir hissəsi artıq İsrailə göndərilir.

Ona görə də İrəvana heç bir düşərgə ilə körpüləri yandırmağa ehtiyac yoxdur, çünki kimin qalib gələcəyi bəlli deyil və bəlkə də indi qarşı olduğunuz düşərgə ilə hələ də münasibət qurmalı olacaqsınız.

Bu gün ölkənin güvənsizliyi və iki düşərgənin qarşıdurması şəraitində bir düşərgə tərəfinə keçib, digər düşərgə istiqamətinə tüpürməsi təəccüb doğurur. Paşinyanın etdiyi də məhz budur.

İndiki şəraitdə balansı qorumaq və Rusiya ilə Qərb arasında birləşdirici körpüyə çevrilmək vacibdir”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.