Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiya xətlərinin açılması ilə bağlı maraqlı təkliflə çıxış edib.
“AzPolitika.info” xəbər verir ki, Saakaşvili növbəti müraciətində Rusiyanın Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında və regiona öz ordusunun daha böyük hissəsini yerləşdirməkdə maraqlı olduğunu qeyd edib. Saakaşvili “Facebook” sosial şəbəkəsindəki müraciətində Ermənistan rəhbərliyini Zəngəzur dəhlizini Azərbaycana icarəyə verməyə çağırıb: “Hal-hazırda biz Cənubi Qafqazda potensial hərbi münaqişə təhlükəsilə qarşılaşırıq. Özəl olaraq, Azərbaycanın öz ərazisi olan Naxçıvanla quru yolunu təmin edən dəhlizlə bağlı. Etiraf etməliyik ki, Rusiya bu münaqişənin yaranmasında çox maraqlıdır. Rusiya Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, Ermənistanda hakimiyyət çevrilişi etmək, müzakirə edilən dəhlizə öz sərhədçilərini yerləşdirmək istəyir.
Əslində, dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icarəsi müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi.
Sözügedən yolla bağlı razılaşma əldə olunarsa, Azərbaycan və Ermənistan da eynisini edə bilər. Ermənistan burada çox qazanmış olar. Həmçinin əsas beynəlxalq marşrutlara çıxış, mühüm nəqliyyat və logistika məsələləri də həllini tapacaq. Beləliklə hər iki tərəf ehtimal edilən münaqişədən qaçmış olacaq”.
Saakaşvilinin bu təklifi Ermənistanda birmənalı qarşılanmayıb. Xüsusilə də rusiyayönümlü müxalifət və Moskvaya xidmət edən mətbu orqanlar Saakaşvilinin təklifini “top atəşinə” tutublar.
Xatırladaq ki, bundan öncə Saakaşvili Nikol Paşinyana müraciət edərək, onu tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırmışdı. Həmçinin, Putinin onu istənilən yolla məhv etməyə çalışdığını qeyd etmişdi: “O, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək”.
“AzPolitika.info”