Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsi, Kremlin Rusiyanın ali rəhbərliyində təmsil olunan Dmitri Medvedev kimi qeyri-adekvat birinin dili ilə dünyanı dönə-dönə nüvə silahı ilə təhdid etməsi, HƏMAS-İsrail qarşıdurması və digər bəşəriyyətin gələcək taleyini sual altına alan hadisələr və bütün bunların fonunda ABŞ Prezidenti Co Baydenlə Si Cinpinin maraqla gözlənilən son görüşü və bu görüşdən sonrakı açıqalmalar, bir daha ölməz Hüseyn Cavidin “dünya bir kor abdalın, bir də dəli Topalın ümidinə qalıb” fikrini yada salır...
Ümumiyyətlə, Ukrayna müharibəsi və yaxın Şərqdəki münaqişə göstərdi ki, nə Rusiya bizim indiyə qədər bildiyimiz “qüdrətli Rusiya”dır, nə ABŞ və Avropa biz təsəvvür etdiyimiz gücdə və ağıldadır, nə də İsrail indiyə qədər təqdim olunan qədər tədbirli, ehtiyatlı və güclüdür...
“Çətin zamanlar güclü insanlar doğurur, güclü insanlar asan dövrlər yaradır, asan dövrlər zəif insanlar doğurur, zəif insanlar isə çətin günlər yaradır”. Platona aid olduğu deyilən bu fikirlər hazırkı ABŞ və Avropa ölkələri rəhbərliyində təmsil olunanlara – baydenlərə, makronlara, sunaklara, şoltslara və s. olduqca uyğundur.
Elə bu cür cılız, qısır “liderlərin” sayəsində nə beynəlxalq hüquq, nə dünya nizamı, nə haqq-ədalət var. Hazırda baş verənlər isə apokalipsisin, qiyamət günün məşqinə bənzəyir...
Bu gün qarşı-qarşıya durduğumuz mənzərə ondan ibarətdir ki, Çin öz yarı-kommunist, avtoritar rejimi ilə dünyada baş verən hadisələrə daha çox nüfuz, təsir etməyə nail olub. ABŞ kimi nəhəng, demokratiya təcrübəli dövlət isə iki aşkar demensiya əlamətləri olan, adekvatlığını itirmiş və yaşı 80-ni haqlamış əsas prezidentliyə namizədlər – Tramp və Baydenin ümidinə qalıb. Doğrudanmı, bu ölkədə daha gənc, adekvat, qətiyyətli və enerjili siyasətçi tapılmır? Bu, ABŞ-nin aciz, gülünc və hətta biabırçı vəziyyətindən xəbər vermirmi?
Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın Kiyevi işğalçı üzərində qələbə üçün yetərli olacaq miqdarda silah və maliyyə yardımı ilə təmin etməyən ABŞ və Avropa haqqında dediyi çox maraqlı bir fikir var. O, deyir ki, Qərb bu müharibəni də uda bilmirsə, hansı müharibəni uda bilər? Yəni, Qərb Ukraynanın döyüşkən, fədakar insan resurslarından, xalqından, hərbi potensialından, təcrübəsindən və s. istifadə edib Rusiyaya qalib gələ bilmirsə, məsələn, Rusiya Pribaltikaya hücum etsəydi həmin Qərb nə edəcəkdi?
Bəli, Rusiya özünü məhəllədə hay-küy, dava salan, həbsdən yeni çıxıb gələn keçmiş məhbus kimi aparır, əlindəki bıçaqla, yəni, “nüvə dəyənəyi” ilə hamını hədələyir. “Məhəllə camaatı” isə onunla danışmağa, dilə tutmağa, “yola verməyə” məcburdur.
Onu da unutmayaq ki, əgər dünyada 10 tanınmamış, separatçı respublika varsa, onun 8-ni Rusiya yaradıb və himayə edib. Zamanında Krımda, Abxaziyada, Dnestryanıda, nəhayət, Qarabağda bunun qarşısını almayanlar və Rusiyadakı rejimlə alış-veriş edənlər indi Ukraynadakı geniş miqyaslı işğalçılıq müharibəsi formasında bunun nəticəsini görürlər, “altını çəkirlər”...
İslam dünyasına gəlincə, burada da vəziyyət acınacaqlıdır. Məsələn, İslam coğrafiyasına aid olan dövlətlərin İsraillə “mübarizəsi” bir müddət əvvəl Dağıstan aeropotunda baş verənləri xatırladır. Hansı ki, həmin hadisələr zamanı bircə yəhudinin burnu qanamadı, amma 100-ə qədər dağıstanlı həbs olundu, döyüldü, aeroporta milyonlarla ziyan dəydi, polis işçiləri yaralandı və s. Nəhayətdə isə Dağıstanın adı bədnam oldu, buradakı əhali isə “yəhudi düşməni” kimi qələmə verildi. Müsəlman ölkələrinin İsraillə hay-küydən başqa heç bir ciddi nəticə verməyən və özünə ziyan vuran “savaşı” da bundan az fərqlənir...
Bayden-Si Cinpin görüşünə qayıtsaq, tərəflər hansısa müsbət nəticələrə yol açacaq müzakirələrdən, Bayden özü isə danışıqların böyük faydasından “dəm vurdu”. Ardınca da dərhal Çin liderini “diktator” adlandırdı.
Sual yaranır ki, dünyanı gərginlikdən, növbəti dünya müharibəsindən qorumaq, hazırda davam edən qanlı savaşlara son qoymaq istəyən bir dünya lideri nədən bu cür danışmalıdır? Hazırda bəşəriyyətin başının üstünü nüvə müharibəsi təhdidi alarkən, bu təhdidi yaradan Rusiya və İran kimi dövlətlərin gizli və başlıca himayədarı, hətta sponsoru olan nəhəng dövlətin başında duran şəxsi “diktator” adlandırmaq bu qədərmi vacib və məntiqlidir?
Yaxşı, Si diktatordur, bəs Bayden özü kimdir, nəyə xidmət edir? Nədir Baydenin, ABŞ-nin və bütün Qərbi idarə edən qüvvələrin məqsədi? Onlar doğrudanmı sülh, əminamanlıq, münaqişələrə son qoyulmasını, yoxsa növbəti kütləvi qırğınlar istəyirlər? İşğalçı Rusiyanın, İranın və digər anti-Qərb qüvvələrin nə istədikləri aşağı-yuxarı bəllidir.
Bəs ABŞ, Qərb nə istəyir? Bu, olduqca qaranlıq və anlaşılmazdır və bəşəriyyət bu qüvvənin nə istədiyini, hansı hədəfə doğru hərəkət etdiyini anlamayınca, dünyanın başı üzərindəki qara buludlar çətin ki, çəkilsin...
Cəlal Məmmədov
“AzPolitika.info”