Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“QHT Agentliyi əksinə fəaliyyət göstərir”

1-04-2024, 07:50   


“QHT Agentliyi əksinə fəaliyyət göstərir”



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib. Müsabiqənin qaliblərinin əksəriyyəti Qərbi Azərbaycanla (indiki Ermənistan Respublikasının ərazisində vaxtilə Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan) bağlı layihələr təqdim ediblər.Layihələr “Qərbi Azərbaycana qayıdış prosesi çərçivəsində” adlandırılır. Ümumilikdə Qərbi Azərbaycana qayıdış prosesi layihəsi üzrə ictimai birliklərə 311050 manat qrant vəsaiti ayrılıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ümumilikdə 413 təşkilata qrant ayırıb.

Böyük qrant layihələrinin əksəriyyəti sosial şəbəkələrdə müzakirəyə çıxarılıb, tənqid edilib.

Mövzu ilə bağlı Vətəndaş Hüquqları İnstitutunun sədr müavini Samir Kazımlı ASTNA-ya danışıb.

* * *

Sual: Samir bəy, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.Müsabiqənin qaliblərinin əksəriyyəti Qərbi Azərbaycanla bağlı layihələr təqdim ediblər. Böyük qrant layihələrinin əksəriyyəti sosial şəbəkələrdə müzakirəyə çıxarılıb, tənqid edilib. Siz bu barədə nə düşünürsünüz? Həqiqətənmi büdcədən belə layihələrə pul ayrılması səmərəsizdir?

Cavab: Öncə onu deyim ki, ölkədə ictimai müzakirə məkanı çox məhdudlaşdırılıb, əsasən müzakirələr sosial şəbəkələrdə aparılır. Son zamanlar hakimiyyət Qərbi Azərbaycan mövzusunu aktuallaşdırıb. Elə həssas mövzular var ki, o kampaniya, təbliğat xarakterli olmamalıdır və cəmiyyətdə gülüş mövzusuna çevrilməməlidir. Amma təəssüf ki, hakimiyyətin yanlış siyasəti nəticəsində belə hallar baş verir. Ermənistandan köçürülmüş və qaçqın salınmış azərbaycanlıların problemləri diqqətdə saxlanılmalıdır, bu istiqamətdə dövlət və ictimaiyyət tərəfindən addımlar atılmalıdır.  Bu öz yerində. Amma bunun fonunda ölkənin başqa problemləri unudulmamalıdır. Azərbaycanın digər bölgələrindəki problemləri kənara qoyub ancaq Qərbi Azərbaycan mövzusunu önə çəkəndə, bu insanlarda narazılıq yarada və bu da sosial şəbəkələrə kimi gedib çıxa bilər. Bəzi şəxslər, o cümlədən hakimiyyət nümayəndələri düşünə və deyə bilərlər ki, hazırkı dövrdə Qərbi Azərbaycan mövzusu Azərbaycan cəmiyyəti üçün aktualdır və buna diqqət yetirmək lazımdır. Ona görə layihələrin adları ətrafında dayanmaq yox, daha çox məsələnin mahiyyətinə, icra mexanizmlərinə varmaq istəyirəm. 

Sual yaranır: bu layihələr nə dərəcədə effektli olacaq, layihəni icra edənlər qoyulan məqsəd və hədəflərə çata biləcəklərmi? Ümumiyyətlə, bu kimi layihələrin məqsəd və hədəfləri nədən ibarətdir? Əslində sosial şəbəkələrdən başlayan müzakirələrdən, iradlardan sonra bu suallara cavab tapmaq üçün isə ictimai müzakirələr olmalı idi. Təəssüf ki, olmadı. Ona görə olmadı ki, yuxarıda dediyim kimi ictimai müzakirə mühiti çox məhdudlaşdırılıb. Əgər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə dövlət büdcəsindən hansısa layihələrə ayrılan vəsaitlərlə bağlı sualları, iradları, tənqidləri yaranırsa, bunlara ağlabatan cavablar verilməlidir. Əgər ortaya çıxan iradlar, tənqidlər üzərində ictimai müzakirələr təşkil edilmirsə və ya səlahiyyətli şəxslər çıxıb ictimaiyyətə ağlabatan açıqlamalar vermirlərsə, o layihələrin gələcəkdəki icrasının faydalı olacağı indidən şübhə yaradır.

Ölkədə xeyli problemlər və hökumətin o problemləri aradan qaldırması üçün vəsaitlər ayırmasına ehtiyac olduğu halda belə layihələrə əsasən hökumətdən tam şəkildə deyil, başqa mənbələrdən də vəsaitlər cəlb etmək olar. Dövlət də büdcə vəsaitini öz üzərinə düşən digər problemlərə yönəldə bilər. Məsələn, həmin vəsaitləri dövlət qurumlarının qəbul şöbələrinin qarşısında günlərlə dayanan, şikayətçi olan müharibə əlillərinin problemlərinə yönləndirmək olar. 

Ümumiyyətlə, elə məsələlər var ki, onu etmək hökumətin öhdəliyidir. Elə məsələlər də var ki, onu cəmiyyətin ixtiyarına buraxmaq və onun üçün şərait yaratmaq lazımdır. Eyni zamanda həmin məsələlər üçün cəmiyyətdən sifariş gəlməlidir. Qərbi Azərbaycanla bağlı əvvəlki illərdə də ayrı-ayrı şəxslər, qruplar tərəfindən təşəbbüslər, görülən işlər olub. Şübhə etmirəm ki, QHT Agentliyinin Qərbi Azərbaycanla bağlı vəsait ayırdığı layihələrə həm ölkədə, həm də xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamları ianə formasında vəsaitlər ayıra bilərlər. Belə olan halda daha yaxşı, maraqlı təşəbbüslər də ortaya çıxa bilər. Bunun üçün isə ölkədə insan hüquq və azadlıqları təmin edilməlidir ki, ölkədə güclü vətəndaş cəmiyyəti, yaxşı biznes mühiti, sahibkarlıq fəaliyyəti yaransın. Belə olan halda ictimai əhəmiyyət kəsb edən məsələlərə dövlətin çox vəsait ayırmasına ehtiyac da olmaz. Güclü vətəndaş cəmiyyəti və güclü sahibkarlıq institutu olsa, ictimai işləri görmək üçün dövlət büdcəsindən bu qədər vəsait ayrılmasına ehtiyac qalmaz. Təəssüf ki, hakimiyyət həmişə çalışır ki, bütün məsələlər onun nəzarətində olsun və onun istədiyi kimi baş versin. Bununla da özünün təbliği ilə məşğul olsun. Bu həm də digər təşəbbüslərə imkan verməməkdir. Bundan başqa hər şeyi dövlətin, dövlət büdcəsinin üzərinə yükləmək də doğru deyil. Başqa təşəbbüslərə meydan vermək və bu istiqamətdə təbliğat aparmaq lazımdır.          

Sual: Sizcə, hansı layihələr daha səmərəli ola bilərdi?

Cavab: Ölkədə problemlər o qədər çoxdur ki, əksər mövzular üzrə layihələri səmərəli saymaq olar. Amma burada mövzuya, layihələrə deyil, o layihələri kimlər necə icra edəcəyi və o layihələrin həmin şəxslərə hansı məqsədlərlə verilməsi ətrafında müzakirə açmaq lazımdır. Buna görə də biz əvvəlki illərə baxmalıyıq ki, QHT Şurasının, sonra onun bazasında yaradılan QHT Agentliyinin əvvəlki layihələri cəmiyyətdəki hansı problemləri aradan qaldırıb? Və ya cəmiyyət üçün faydaları nə olub? Əgər həmin layihələr mövzular üzrə qoyulan problemləri aradan qaldırıbsa, faydalı olubsa, bəs niyə problemlər daha da dərinləşib?


QHT Agentliyi də bir neçə ildir fəaliyyət göstərir. QHT Şurasındakı kimi vəziyyət yaranmaması və o layihələrə dövlət büdcəsindən vəsait ayrıldığı üçün layihələrin icrası, cəmiyyətə və problemlərin aradan qaldırılmasına təsiri ilə bağlı QHT Agentliyi tərəfindən ictimaiyyətə hesabat verilməlidir. Hansısa hökumətyönlü mediaya ütülü açıqlamalar, müsaibələr deyil, açıq mətbuat konfransı keçirib bütün medianın suallarına cavab verilməlidir. Amma bunları görmürük. Cəmiyyət qarşısında hesabatlılıq yoxdursa, deməli layihələrdən səmərəlilik gözləməyə dəyməz.

Hesab edirəm ki, ifadə, sərbəst toplaşmaq, birləşmək azadlıqlarının, seçki və mülkiyyət hüquqları müdafiəsi ilə bağlı layihələrə daha çox ehtiyac var. Amma siz onları QHT Agentliyinin elan etdiyi mövzularda görə bilməzsiniz. Çünki onlar bu sahələrdə problemlər olduğunu düşünmürlər. Amma bütün problemlərin kökü qeyd etdiyim sahələrdə problemlərin olmasından qaynaqlanır.  

Sual: Ümumiyyətlə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini necə qiymətləndirirsiz? Belə bir Agentliyə ehtiyac varmı? Bu Agentliyin fəaliyyətinin məqsədi və məramı nədir?

Cavab: Hakimiyyətlər QHT-lərə dəstək olmaq əvəzində daha çox QHT-lərin normal şəkildə fəaliyyət göstərməsinə şərait yaratmalıdır. Bunun üçün hakimiyyət QHT-lərlə bağlı qanunvericiliyə edilən mürtəce dəyişiklər aradan qaldırmalı, QHT-ləri siyasi məqsədlər üçün özündən asılı vəziyyətə salmamalı, vətəndaşların, iş adamlarının QHT-lərə ianələr etməsini təşviq etməli, beynəlxalq donor təşkilatların Azərbaycanda fəaliyyətinə imkan yaradılmalı və müstəqil QHT-lərə qarşı basqıları dayandırmalıdır. Təəssüf ki, bunların əksini görürük.

Təbii ki, digər ölkələrdə olduğu kimi Azərbaycanın da QHT sahəsində donor təşkilatının olması normaldır. Amma təəssüflə qeyd etməliyəm ki, həm QHT Şurası, həm də onun bazasında yaradılan QHT Agentliyi  QHT sahəsinin inkişafı üçün deyil, inkişafının qarşısının alınması üçün yaradılıb.

Yuxarıda QHT-lərin inkişafı üçün bir neçə istiqamətləri qeyd etdim. Onların hansı ilə bağlı QHT Agentliyinin təşəbbüs irəli sürdüyünü və nəticəsi olduğunu görmüşünüz? Mən rast gəlməmişəm.

2021-ci ildə QHT Agentliyi QHT-lərin problemləri ilə bağlı bəzi müzakirələrə başlamışdı və bildirilirdi ki, QHT-lərin fəaliyyətində əngəl olan problemlər aradan qaldırılacaq. QHT Agentliyinin həmin müzakirələrinin birinə onlayn şəkildə mən də qatılıb təkliflərimi vermişdim. Üstündən 3 il keçib, vəziyyət daha da pisləşib, vətəndaş cəmiyyətinə yeni basqılar başlayıb və həbs edilənlər var.

Bu yaxınlarda hakimiyyətə yaxın xəbər agentliyində hakimiyyətin nəzarətində olan QHT-lər və İctimai Şuralar tənqid edilmişdi. Açığı, o tənqidi yazının niyə ortaya çıxdığını və hansı məqsədlə yazıldığını bilmirəm. Amma illərdir ki, o tənqidlər müstəqil vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən səsləndirilirdi, amma o tənqidlərə əhəmiyyət verilmirdi. O tənqidləri edən müstəqil vətəndaş cəmiyyəti nümayəndələri isə qara qüvvələr adlandırılırdı.

Düşünürəm ki, hazırkı dövrdə Azərbaycan cəmiyyətinə güclü, beynəlxalq aləmdə qəbul edilən vətəndaş cəmiyyəti lazımdır. QHT Agentliyi isə bu istiqamətdə deyil, bunun əksinə fəaliyyət göstərir. Ona görə ki, QHT Agentliyi siyasi hakimiyyətin təsiri altındadır. QHT Agentliyi də eyni siyasəti həyata keçirərək layihə verdiyi QHT-ləri təsir altında saxlayır. Belə olan halda isə səmərəlilikdən, faydalılıqdan danışmaq çətindir.

QHT Agentliyinin sonuncu qrant müsabiqəsinin qaliblərini siyahısına diqqət yetirəndə oradakı QHT-lərin əksəriyyətinin nəinki xaricdə, heç ölkə daxilində tanınmadığı üzə çıxır və fəaliyyətlərinin nədən ibarət olduğu bilinmir. Əlbəttə, qaliblər arasında ictimaiyyətdə tanınan QHT-lər də var. Amma onların sayları çox azdır. Onların arasında şəxsən tanıdıqlarım, fəaliyyətlərinə bələd olduqlarım da var. Hesab edirəm ki, azadlıqlar verilsə, QHT Agentliyindən qrant alan QHT-lərin bəziləri cəmiyyət üçün faydalı işlər görə bilər. Təəssüflər olsun ki, o qrantlar həm də azadlıqların məhdudlaşdırılması üçün verilir.

Sual: Son vaxtlar bəzi QHT rəhbərləri təklif edirlər ki, İctimai Şuralara nəzarət QHT-lərə Dövlət Dəstəyi Agentliyinə verilsin. Məsələn, Novella Cəfəroğlu deyir ki, nazirliklərin İctimai Şuralara ayırdığı vəsaitə nəzarət QHT-lərə Dövlət Dəstəyi Agentliyinə verilməlidir. Sizcə, bu təklif səmərələdirmi?

Cavab: Yuxarıda dediyim kimi, QHT Agentliyi QHT-lərin fəaliyyətinə normal şərait yaradılması üçün heç nə edə bilmir. Hakimiyyət bu qurumu öz QHT sektorunu nəzarətdə saxlamaq üçün yaradıb. Belə olan halda qeyd olunan agentliyin İctimai Şuralara nəzarət etməsi müsbət bir dəyişikliyə gətirməz. Özü ictimai-siyasi baxımdan hakimiyyətin nəzarət altında olan qurumun İctimai Şuralara nəzarəti necə müsbət nəticə verə bilər ki? Belə olan halda heç bir müsbət dəyişiklik ola bilməz. Əslində QHT Agentliyinin özünə nəzarət edəcək müstəqil İctimai Şuraya ehtiyac var.

Sual: Ümumiyyətlə, İctimai Şuralara ehtiyac varmı?

Cavab: Dövlət qurumlarının üzərində ictimai nəzarət həyata keçirmək üçün vətəndaş cəmiyyəti tərəfindən formalaşan İctimai Şuralara ehtiyac var. Əslində isə İctimai Şuraların adları var, özləri yoxdur, formaldırlar. Ölkədəki ən ciddi problemlərin biri də dövlət qurumları üzərində müstəqil ictimai nəzarət mexanizmlərinin olmamasıdır. Olanlar da formal, hakimiyyətin müəyyən etdiyi şuralardı. Belə olan halda, yəni üzərlərində ictimai nəzarət olmayanda dövlət qurumları özbaşınalıqlara daha çox yol verirlər. Bunun da əziyyətini vətəndaşlar çəkir.

Görünən odur ki, hakimiyyətə həqiqi İctimai Şuraların olması sərf etmir və bu səbəbdən də İctimai Şuraların tərkiblərinə müstəqil vətəndaş cəmiyyəti nümayəndələri buraxılmır.

2021-ci ildə yoxlamaq üçün dövlət qurumlarının birinin ictimai şurasına namizədliyimi verdim. Öncədən düşündüyüm kimi də oldu, məni ictimai şuraya buraxmadılar. Mənim üçün bir daha aydın oldu ki, hakimiyyət ictimai şuralarda müstəqil vətəndaş cəmiyyəti nümayəndələrini görmək istəmir. Bu səbəbdən də ictimai şuralara seçkilərin keçiriləcəyi ilə bağlı elanlar çox vaxt geniş şəkildə ictimaiyyətə elan edilmir. Bundan əlavə ictimai şuralara namizədliyin verilməsi, seçki prosesinin özü elə formada həyata keçirirlir ki, orada ədalətliliyin, şəffaflığın olması şübhələr yaradır.

Hər şeydən öncə müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai şuralarda təmsil olunması üçün öncə siyasi iradə olmalıdır. Bu isə hazırda yoxdur.  

Sual: Son olaraq, QHT-lərin, Agentliyin, İctimai Şuraların işi necə qurulmalıdır ki, səmərəli olsunlar? Sizin təklifləriniz nədən ibarətdir?

Cavab: İctimai Şuraların səmərəli olması üçün hakimiyyətin siyasəti dəyişməlidir, vətəndaş cəmiyyətinin fəaliyyətinə yaradılan əngəlləri aradan qaldırmalı, ölkədə güclü vətəndaş cəmiyyəti yaradılmasına və İctimai Şuralarda müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil edilməsinə şərait yaradılmalıdır.

Təəssüf ki, bu gün bu sahədə də əksini görürük. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar