Milli Məclisdə sədarətlə deputatlar arasında toqquşma
Vahid Əhmədov 18 oktyabrın qeyri-iş günü elan olunması, müstəqilliyə səs verənlərə dövlət qayğısının göstərilməsini təklif etdi
17 oktyabda spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Cari məsələlərin müzakirəsində parlamentarlar çıxışlarında daha çox qarşıdan gələn Müstəqillik gününə diqqət çəkib müvafiq addımların atılmasına çağırış etdi. Ancaq digər təkliflər də səsləndirildi.
Deputat Asəf Hacıyev dövlət xətti ilə xaricə ezamiyyətə gedən vətəndaşların işlədiyi yerlərdə daşınan əmlaka malik olduqlarını, lakin onların bu əmlakı gətirən zaman gömrük rüsumu ödədiklərini xatırladıb, onlara güzəşt edilməsini təklif etdi. Azərbaycan Aqrar Universitetinin tələbələrinin sayının ildən-ilə azaldığını deyən A.Hacıyev kənd təsərrüfatına yardım üçün bu universitetə kvota ayrılmasını istədi.
Deputat Bakıda keçirilən humanitar foruma gələn qonaqlardan birinin əşyalarının hava limanında, özü də VİP-də monitordan keçirilməsindən təəccübləndiyini dedi: “Dünyanin heç bir ölkəsində belə şey yoxdur”. (Xatırladaq ki, “Yeni Müsavat” bununla bağlı silsilə material dərc etmişdi-E.P.)
Zahid Oruc Türkiyənin İŞİD-lə mübarizədə təkbaşına hərəkətə keçməsinə qarşı olduğunu bildirdi: “Qərb dairlələrini ilk növbədə əməliyyatlara başlamağa, daha sonra isə bunu Türkiyədən tələb etməyə çağırırıq. Bu gün Eboladan bir neçə min adam ölübsə, 2010-cu ildən bəri həmin məkanda 300 mindən çox adam ölüb. Biz Türkiyənin soyuqqanlı davranışını müdafiə edirik. Hər hansı beynəlxalq müdaxilə olmadan ora Türkiyənin qoşun yeridilməsi bataqlığa düşməkdir”.
Fərəc Quliyev dövlət müstəqilliyi günü ilə bağlı spikeri və deputatları təbrik etdi. Həmçinin 18 oktyabrın qeyri-iş günü kimi qəbul olunmasına çağırdı: “Bu zalda SSRİ-nin saxlanmasının əleyhinə mərhum Heydər Əliyev də daxil olmaqla 43 deputat olub. Onların bəzilərinin ailə vəziyyəti, səhhəti ağırdır”. Bu mənada F.Quliyev spikerdən xahiş etdi ki, parlament onun keçmiş kolleqaları haqqında da düşünsün: “Onların təqaüdləri ilə bağlı qərar qəbul olunması yerində olardı”.
Siyavuş Novruzov isə dedi ki, ilk dəfə Azərbaycanın üçrəngli bayrağı məhz Naxçıvanda qaldırılmışdı, SSR sözü ilk dəfə Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan MR-də götürülmüşdü. Deputat Naxçıvana qəhrəman şəhər statusunu verməyə çağırdı: “Leninqradın müharibədə 3-4 il blokada şəraitində olmasına görə ora Qəhrəman şəhər statusu verildi. Naxçıvan 24 ildir blokada şəraitində yaşayır. Naxçıvanın 90 illiyi olduğuna , həm də müstəqilik bayramına görə parlament rəhbərliyi ilə məsləhətləşib hər hansı qərar verməliyik. Bu, Naxçıvanın düşmən qarşıdımnda qalmasına kömək edər”.
Fazil Mustafa da müstəqilik təbriki ilə bağışladı. Həmçinin Avropa Parlamentində Dağlıq Qarabağ ermənilərin dostları qrupunun yaradılması barədə addım atıldığını xatırlatdı: “Təklif edirəm ki, Azərbaycan parlamenti qurumu bu addımdan çəkinməyə çağırsın, kim ki, qərara dəstək olacaqsa, onların Azərbaycana gəlişi qadağan olunacaq”. F.Mustafa dedi ki, Ermənistanın Dağlıq Qarabağsız Avrasiya İttifaqına daxil olması məsələsi Azərbaycan prezidentinin düzgün siyasətini bir daha ortaya qoydu.
Vahid Əhmədov Müstəqillik günü ilə bağlı xalqı təbrik etdi: “İlham Əliyev bütün çıxışlarında Heydər Əliyev kimi Azərbaycanın müstəqilliyini önə çıxarır. Konstitusiya Aktını kimin imzalamasından asılı olmayaraq Azərbaycanın şanlı tarixidir. Mən də vaxtilə bu zalda müstəqilliyə səs verən insanlardan biri olduğum üçün 18 oktyabrın qeyri-iş günü elan olunması və silsilə tədbirlərinin keçirilməsinin tərəfdarıyam. Həmçinin xahiş edirəm müstəqilliyə səs verən, bu gün vəziyyəti ağır olan bizim keçmiş həmkarlarımıza, onların ailələrinə diqqət göstərilsin”.
Qənirə Paşayeva da Azərbaycanın ərazi bütövlüyünü pozan şəxslərin qarşısını almaq üçün işğal olunmuş ərazilərlə bağlı qanun layihəsini müzakirəyə çıxarmağı təklif etdi: “Orda birmənalı qeyd olunsun ki, Azərbaycanın ərazi bütövlüyün pozan şəxslərə Azərbayacvnın qapıları bağlı olacaq və onlar ölkəmizə daxil ola bilməyəcək. Gürcüstan da belə bir qanun qəbul edib”. Q.Paşayeva 1 və 2-ci qrup əlilliyi olan tələbələrin təhsil haqqı ilə bağlı güzəşt edilməsini də təklif etdi.
Fəzail Ağamalı bayram təbriklərinə qoşulmaqla yanaşı S.Novruzovun təklifini müdafiə etdi. Eyni zamanda professor Yaqub Mahmudovun İrəvanın Batum müqaviləsi əsasında Ermənistana verilməsi və Ermənistanın müqavilənin şərtlərini pozduğu üçün sazişin qüvvədən salınması barədə təşəbbüsünü xatırladıb bu məsələyə ciddi diqqət yetirməyə çağırdı: “Mən eyni zamanda bura bolşeviklərin xüsusi dekreti ilə Göyçə və Zəngəzurun Ermənistana verilməsi məsələsini də əlavə etmək istəyriəm. Bu isə Topçubaşovun böyük səyləri ilə Azərbaycanın 114 min kv.km-lik ərzisinə daxil olan Göyçə və Zəngəzuru Azərbaycandan qopardılar. Təklif edirəm ki, XİN-də xüsusi bir qrup yaradılsın və qaldırılan bu məsələnin həllində konkret addımlarını həyata keçirtsin”.
Oqtay Əsədov deputatların Avropa Parlamentindəki erməni qrupu ilə bağlı narahatlığını bölüşdüyün bildirdi: “Azərbaycan bütün beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara münasibət bildirib. Ancaq Avropa Parlamentinin qərarı barədə bir Avropa saytında xəbər yoxdur, yalnız erməni saytları məlumat yayıb, ona görə də tələsik mövqeyə ehtiyac yoxdur. Bir şeyi bilməliyik ki, dünyada ədalət prinsipi itib. Ancaq Rövşən müəllim, Qarabağ icması daha da aktiv olmalıdır”.
Səməd Seyidov Avropa Şurasının iclası, Avropa qurumlarının Azərbaycana münasibəti və həmkarı Asim Mollazadə ilə birgə ABŞ-ın Kaliforniya ştatına səfəri barədə danışdı.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun müzakirəsi zamanı çıxış edən deputat Rafiq Məmmədhəsənov dedi ki, görüşdüyü hərbçilər ona telekanallardan şikayətləndi: “Deyirlər bütün günü yemək bişirilməsini göstərirlər, hərbi vətənpərvərliyə yer ayrılmır”. O, hərbçilərin həyat yoldaşının işə qəbul olunmasında güzəşt edilməsini də istədi: “Ancaq bunlar işə qəbul olunmaq əvəzinə test imtahanına göndərilir. Eyni zamanda təklif edirəm ki, cəbhə xəttində yaşayan gənclərin ali məktəbə qəbulu üçün müəyyən güzəştlər etmək olar”.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun müzakirəsi zamanı çıxış edən Sabir Rüstəmxanlı gündəliyə etiraz edib dedi ki, işimizin böyük hissəsi qanunlarda dəyişikliyə həsr olunur: “Bu dəyişiklik əhaliyə xeyirsən çox zərər vurur. Ölkəyə gəlib-gedənlər dəyişikliklərdən xəbərsiz olur deyə, qayıdanda böyük miqdarda cərimə olunur. Hətta tranzit gəlib-gedənləri yolda saxlayırlar ki, sən niyə 3-4 gün artıq qalıbsan. Azərbaycan əsilli adamlara da məhdudiyyət var, gəlib 1 aydan sonra getməlidir. Bəlkə adamlar gəlib burda 3-4 ay qalmaq istəyir. Ermənistanda hətta atası yarı rus, yarı iranlı olana gətirib ona vətəndaşlıq verir. Ermənistan kim xaricdən gəlib müraciət edirsə, ona vətəndaşlıq verir. Amma Rusiya, ya Ukraynada yaşayan bizimkilər geri qayıdanda problemlə qarşılaşır. Bu əlavələr bəzən onların vəziyyətini ağırlaşdırır”.
İclasa sədrlik edən 1-ci vitse-spiker Ziyavət Əsgərov dedi ki, bu dəyişikliklər bizim qəbul etdiyimiz Miqrasiya Məcəlləsinə uyğun şəkildə edilir.
Elmira Axundova da insanların işini asanlaşdırmaq üçün təkliflərini səsləndirdi. Dedi ki, ölkəyə gələnlərin 3 gün ərzində qeydiyyata alınması barədə tələb qoymaq əlavə problemlər yaradır.
Z.Əsgərov isə “biz bu qanunlara əlavə heç nə yazmırıq” deyib deputata irad tutdu: “Əcnəbilərin qayğısına çox qalırsınız. Amma bizim vətəndaşlar xaricdə viza müddəti qurtaranda başlarına nə oyun açırlar, heç bilirsiniz? Onda açaq sərhədləri, camaat gəlsin, hə, nə olsun? Qonaqpərvərlik yaxşı şeydir, ancaq bunun da bir əndazəsi var. Biz ilk növbədə gərək öz vətəndaşlarımız haqqında fikirləşək, sonra əcnəbilər barədə?”
Çingiz Qənizadə isə dedi ki, prezidentdən gələn layihədə əcnəbilərin 3 gün ərzində deyil, 10 gün ərzində qeydiyyata alınması barədə məsələ əksini tapıb.
İclasda növbəti dəfə deputatlarla 1-ci vitse-spikeer Ziyafət Əsgərov arasında mübahisə oldu. Fazil Mustafa vitse-spikerin deputatların çıxışına reaksiyasını adekvat saymadı: “Ziyafət müəllim, xahiş edirəm, heç olmasa hüquqşünas həmkarlara qarşı ”qanunu bilmir, başa düşmür" kimi ifadələr işlətməyin. Ən azı bizim növbəti dəfə söz almaq imkanı olmadığı üçün xahiş edirəm bunu nəzərə alın".
Sabir Rüstəmxanlı da etiraz etdi: “Mənim hər hansı çıxışımın Milli Məclis sədrinin müavini tərəfindən populist adlandırılmasını qəbul etmirəm. Mənim heç bir çıxışım populist deyil. Mənə belə damğa vurulmasını qəbul etmirəm. Azərbaycanda son illərdə ev tikintisi ilə bağlı nə qədər insanlar aldadılıb? Guya öz içimizdə sığorta işi həll olunub, xaricə göndərdiyimiz firmalardan bunu tələb edirik? Kim bu fikirləri populizm hesab edirsə, vətəndaşlarımıza hörmətsizlik edir. Burdakı təkliflərin heç biri komitələrdə ciddi müzakirəyə çıxarılmır”.
Ziyafət Əsgərov isə qarşılığında S.Rüstəmxanlıya sərt tonda cavab verdi: “Sabir müəllim, siz Azərbaycan dövlətini ittiham edirsiniz. Mən iqtidar nümayəndəsiyəm, siz iqtidarı ittiham etməlisiniz, mən burda durub baxmalıyam?”
“Turizm haqqında” Qanuna əlavə və dəyişikliklər zamanı deputatlar müxtəlif qaranlıq məsələlərə aydınlıq gətirilməsini istədi. Komitə sədri Ziyad Səmədzadə sualları cavablandırsa da, aydınlıq yaranmadı.
Aqil Abbas də qanundakı anlaşılmazlıqdan danışdı və “Leyla Yunusa 5 illik viza təşkil edən Fransa səfirliyi mənə 20 gündür viza vermir” dedi. Ziyafət Əsgərovun müdaxiləsi isə maraqlı oldu: “Aqil müəllim, Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan, siz Leyla Yunus ola bilməzsiniz axı”.
Sabir Rüstəmxanlı isə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında qanuna dəyişikliyin müzakirəsi zamanı təqdimata qarşı çıxıb: ”Bunlar köçürülmüş adamlar deyil, öz yurdlarından qovulmuş adamlardır. Məgər bu adamlar könüllü şəkildə köçüblər?"
“Məşğulluq haqqında” qanuna dəyişiklik zamanı iş ardınca aparılan şəxslərlə bağlı məsələnin rəsmiləşdirilməsi, fiziki şəxslərin vasitəçiliyinin qanuniləşdirilməsi məsələsi də gərgin müzakirələrə səbəb oldu.
Fazil Mustafa isə qanundakı məhdudlaşdırmalara qarşı çıxaraq dedi ki, ölkədə məhdudlaşdırma istiqamətində iş gedir: “Bu gün Azərbaycan pulları Batuma, Türkiyənin obyektlərinə gedir. Azərbaycan vətəndaşlarının 1,5 milyonu Rusiyada, 200 mini Türkiyədə işləyir. Biz niyə onların işini ağırlaşdırırıq?”
Sabir Rüstəmxanlı da etiraz etdi: “Qanun vətəndaşın həyat şəraitini və ölkədə yaşamaq üçün qəbul olunur. Bizdə isə qanunlar vətəndaşın həyat şəraitini ağırlaşdırmaq üçündür.
Bizdə hər şeydə monopoliya var , amma bu məsələni də monopoliyaya almaq düzgün deyil. Kimsə iş ardınca gedirsə, niyə kiminsə qoltuğunun altından keçməlidir? Nəyə görə mənim vətəndaşım bu zülmü çəkməlidir? Kimə lazımdır bu kağız-kuğuz oyunları?"
Siyavuş Novruzov isə dedi ki, bu, qul əməyinin qarşısını almaq üçündür: “Həm hökumətin xəbəri olur ki, vətəndaşı hardadır? Yaxud sabah uşaqları olacaq, götürüb gələcək, onun taleyi havada qalmasın”.
Çingiz Qənizadə isə dedi ki, bu məsələnin qanuniləşdirilməsi insan alverinə və fırıldaqçılığa qarşı da tədbirlərin görülməsi deməkdir.
İqbal Ağzadə “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişiklikdən danışarkən bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildikdən sonra deputatlar problemlərlə üzləşir: “Deputatlara bəzən inzibati protokol tərtib etmədən onlara inzibati cəza kəsilir. Bu, qanundakı boşluqlardan irəli gəlir. Bu, həm də Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Deputatlara inzibati cəza verilə bilməz”. İ. Ağazadə bildirdi ki, onlar sədəqə tələb etmirlər, sadəcə olaraq deputat toxunulmazlığının qorunmasını istəyirlər. Ərəstun Cavadov isə dedi ki, yol polisləri tez-tez onu cərimələyirlər: “Mən Ağsuya və İsmayıllıya gedəndə yol polisləri məni cərimələyirlər. Hər dəfə 150-200 manat cərimə ödəyirəm”.
Konsul Nizamnaməsinə edilən dəyişikliyə görə isə, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırılıb. Nizamnamənin 39-cu maddəsində qeyd edilir ki, konsul Azərbaycan ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilən vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.
Beləliklə, bayramqabağı olsa da, gərgin atmosferdə keçən iclas başa çatdı.