Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı şəhər komitəsi bir nəfərin şəxsi “biznesinə” çevrilib Cəlal İsmayılov komitənin pulunu öz şəxsi vəsaiti kimi xərcləyir
Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 44/21 mənzil 2-də yaşayan, şəhərdəki şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin muəllimi Nurəddin Rüstəmli məktubla redaksiyayaya müraciət edib. Məktubda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsinin, özəlliklə komitənin sədri Cəlal İsmayılovun yarıtmaz fəaliyyətindən bəhs olunur. ANAXƏBƏR.AZ bildirir ki, N.Rüstəmlinin sözlərinə görə, 02 yanvar 1998-ci il tarixdən Uşaq İncəsənət Məktəbində çalışır: “4 nəfərdən ibarət ailəmizin yeganə dolanışıq mənbəyi mənim iş yerimdir. Mənim gileyim Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsindəndir. 16 ildən artıq əmək fəaliyyətim dövründə mütəmadi olaraq məndən Həmkarlar İttifaqına üzvlük haqqı tutulub. Ailə vəziyyətimin ağırlığı və uşaqlarımın səhhətiylə əlaqədar maddi yardıma ehtiyacımın olduğu MİHİ Mingəçevir şəhər komitəsini heç zaman ilgiləndirməyib. Yeri gəlmişkən, komitəyə uzun illərdən bəri Cəlal İsmayılovun (o, həm də Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktorudur – red.) sədrlik etdiyini mən və əksər həmkarlarım bugünlərdə bilmişik (?!) Nəhayət, bu il fevralın 27-də son 16 ildə hər ay fasiləsiz olaraq əmək haqqımdan pul tutularaq ödənilən MİHİ Mingəçevir şəhər komitəsinin sədri C.İsmayilova ərizə yazdım.
ANAXƏBƏR.AZ bildirir ki, ərizədə ailə vəziyyətimi və maddi durumumun nəzərə alınaraq nizamnaməyə uyğun olaraq maddi yardım göstərilməsini xahiş etdim. Təqdim etdiyim poçt qəbzindən də göründüyü kimi məktub 2 aydır C.İsmayılova çatıb, ancaq o, nədənsə cavab verməyə tələsməyib. Halbuki C.İsmayılov şəxsi maraqlar naminə bəzən ildə iki dəfə maddi yardım verdiyi muəllimlərin muraciətini bir həftəyə cavablandırıb. Nəhayət, mətbuata müraciətimdən sonra C.İsmayılov adıma pul yazıldığını, lakin rəsmiyyəti sevmədiyindən (?) mənimlə şəxsən görüşməyi istəyib. Aprelin 26-da qəbulunda olarkən o, “bəs biz bir-birimizi tanıyırıq, ərizə-zad nəyə lazımdır” deyib imzalamaq üçün qarşıma üzərində 30 manat maddi yardım ayrılmasına dair sənəd qoydu. Açığı, 17 ilə yaxın bir dövr aybaay pul ödədiyim həmkarlar ittifaqından ilk müraciətimə cavab olaraq 30 (!) manat vəsait ayrılacağını gözləmirdim. Çünki sıravi müəllim kimi təkcə mən hər ay həmkarlara 6 manat 60 qəpik pul ödəyirəm. Bu pullar görəsən hara xərclənir? Belə çıxır ki, 17 ildir məndən xəlvət təşkilat yaradılıb, məndən xəbərsiz məni ora üzv edib və hər ay cibimə girib pulumu oğurlayıblar. C.İsmayilovun bu “şirkətindən” ancaq məktəbə kütləvi yerləşdirdiyi qohumlari və özünə yaxın işçilər yararlanırlar. Hətta elə işçilər var ki, onlara 15 manat yardım verildiyi halda sonradan mühasibatlıq sənədlərində bu məbləğ 150 manat kimi qeyd olunub”. N.Rüstəmlinin sözlərinə görə, əllərində təkcə bu məsələylə bağlı (işçilərə cüzi məbləğdə yardım verib, əvəzində sənədlərdə şişirdilmiş rəqəmlər göstərilməsiylə bağlı – red.) məhkəməyə müraciət etmək üçün kifayət qədər ciddi faktlar var və tezliklə bir neçə müəllim tərəfindən bunun üçün bütün lazımi addımlar atılacaqdır. Daha sonra şikayətçi qeyd edir: “Maraqlıdır, bu cür etinasız və laqeyd adam hansı keyfiyyətlərinə görə 2 mühüm postu - Ü.Hacıbəyli adına Musiqi Məktəbinin direktoru və MİHİ Mingəçevir şəhər komitəsinin sədri vəzifələrini zəbt edib? Ümumiyyətlə, “işəgötürən”in həmkarlara rəhbərlik etməsi nə dərəcədə qanunauyğundur? Görünür, C.İsmayılovun bu “fəaliyyəti” yuxarıları qane edir. Əks təqdirdə 30 ildir musiqidən, incəsənətdən anlayışı olmadan direktor postunu tutan, hətta müəllim işlədiyi dövrlərdə savadsızlığı ilə gülüş hədəfinə çevrilən, cəmiyyət üçün yararlı oğullar yetişdirməyi belə bacarmayan, dəfələrlə evini satmağa məcbur olan, lakin qısa müddətdə “həmkarların” hesabına daha dəbdəbəlisini tikdirməyi bacaran belə bir adama bu yaşında iki vəzifəni etibar etmək mədəniyyətin, həmkarlar ittifaqı prinsiplərinin, insanlara qayğının ayaqlar altına atılması deməkdir. Yaşı çoxdan 65-i haqlamış bu “əvəzedilməz” “nadir kadr” hər il yığılan minlərlə manat pulu bu qoca vaxtında necə sayır? Həmkarlar İttifaqının Nizamnaməsində açıq şəkildə qeyd olunub ki, İttifaq üzvlərin kollektiv sosial-əmək hüquqlarının və mənafelərinin müdafiəsi üçün yaradılıb. Əsas vəzifəsi sahə işçilərinin həyat səviyyəsinin yüksəlməsi üçün tədbirlər hazırlamaq, mədəniyyət işçilərinin sosial-iqtisadi mənafelərinin müdafiəsi, əməyin texniki təhlükəsizliyi və sağlamlığının mühafizəsi məsələlərinə yer ayırmaq, yerlərdə Əmək Məcəlləsinə riayət olunması, ehtiyacı olanlara maddi yardımın göstərilməsidir. Halbuki MİHİ Mingəçevir şəhər komitəsi faktiki olaraq C.İsmayılovun şəxsi biznes sahəsinə çevrilib. Dəbdəbəli həyat tərzi, bahalı maşın və s. C.İsmayılovun gözünü elə tutub ki, başını qaldırıb ehtiyac içində yaşayan mədəniyyət işçilərinin problemlərini görməyə və dinləməyə macal tapmır”. Sonda N.Rüstəmli Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən qurumun faktiki olaraq adı olub, özü olmayan Mingəçevir şəhər komitəsinin sədri Cəlal İsmayılovun fəaliyyətilə bağlı ölçü götürülməsini və qaldırılan məsələdə ona yardımçı olmasını xahiş edir.