Keçmiş vergi müfəttişinin viran qoyduğu rayon; İcra başçısının “Təmiz Binəqədi” layihəsini və bu layihənin altında gizlədilən biabırçılığı təbiət asanlıqla üzə çıxardı; paytaxta yağan bir neçə saatlıq yağış Binəqədinin “novator” rəhbərini “islatdı” və onun yol verdiyi korrupsiyanı küçələrdə gölləndirdi; dövlətdən oğurlanan milyonlar qazon əkilməsinə, hasar tikilməsinə və rəngsazlıq işlərinə həsr olunubmuş
1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.
Bunun ardınca sözügedən rayonun ərazisində vizual olaraq xeyli tədbir keçirilib. Yeni asfaltlar, zibil yeşiklərinin rənglənməsi, yaşıllıqların artırılması... Rayon icra hakimiyyətinin rəsmi saytında da bu tədbirlər 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə hazırlıq işi kimi qələmə verilib. Layihənin təbliğatı isə demək olar ki, 5 aydır milli telekanallarda, rəsmi saytlarda gen-bol yer alır...
Və... noyabrın 2-dən etibarən başlayan leysan yağışlar bu layihəni də suya batırdı. Hazırda Binəqədinin əksər küçələri yağışa təslim olub, sosial şəbəkələrdə bununla bağlı yüzlərlə foto yer alıb. Bu isə “Təmiz Binəqədi”nin yarıtmaz kanalizasiya sistemi, bərbad asfaltının... olması barədə fikirləri möhkəmləndirdi. Yaxşı, bəs bu cür ciddi paraların dövr etdiyi layihənin fiaskoya uğramasının səbəbi nədir? Harda, hansı yeyintilər baş verib?
İqtisadçı ekspert Rövşən Ağayev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, əslinə qalanda, bu, indiyə qədər Azərbaycanda rast gəlinən ənənəvi halların tərkib hissəsidir: “Siz bilirsiniz ki, hökumət səviyyəsində aparılan bir çox layihələr uğursuz olur. Səbəb odur ki, birincisi, ciddi nəzarət mexanizmləri olmur. Hər hansı layihə uğursuz olanda media, vətəndaş cəmiyyəti bunun hesabatını soruşur, ictimailəşdirir. Azərbaycanda isə ictimai nəzarətsizlik mühitidir. Belə bir məsuliyyətsiz şəraitdə həyata keçirilən layihələrdən uğur əmsalı gözləmək mümkün deyil”.
Müsahibimizin sözlərinə görə, bir başqa problem də bu sayaq layihələrə ciddi dövlət nəzarətinin olmamasıdır. R.Ağayev dedi ki, hər hansı qurum belə layihə həyata keçirəndə qarşısına vəzifələr qoyur. Bunlar həmin rayonda su, kanalizasiya xətlərinin təmiri, tıxacın aradan qaldırılması, yaşıllığın artırılacağı ilə bağlı ola bilir: “Və son nəticədə bunların heç biri həyata keçmirsə, dövlət nəzarətinin nəticəsi özünü göstərməlidir. Məsələn, hüquq-mühafizə orqanları bundan nəticə çıxarıb, yeyintiyə yol verən qurumun səlahiyyətli şəxslərini cəzalandırmalıdır. Hesablama Palatası, Vergilər Nazirliyi də həmçinin üzərinə düşəni etməlidir. Amma Azərbaycanda bu cür adamlar siyasi hakimiyyət tərəfindən himayə olunur. Ayrılan vəsaitlər qapalı şəraitdə xərclənir. Məsələn, kanalizasiya xətləri çəkirlər. Məlum olur ki, doğru çəkilməyib. Bir yağışdan sonra bu xətlər suyu qəbul etmir”.
R.Ağayev dedi ki, konkret “Təmiz Binəqədi” layihəsinə ayrılan vəsaitlə bağlı məlumatlar şəffaf deyil. Onun sözlərinə görə, Avropa Oyunlara ayrılan vəsaitlər göz qabağındadır: “2013-2014-cü illərdə olimpiya oyunlarına 2.3 milyard, 2015-ci il üçünsə 1.3 milyard manat ayrılıb. Ümumilikdə isə Avropa Oyunlarına 3.6 milyard manat nəzərdə tutulub. Hökumətin investisiya xərcləri mənbələrində göstərilmir ki, ”Təmiz Binəqədi" layihəsinə nə qədər vəsait ayrılıb. O ölkələrdə ki, hökumət bu cür tədbirlərə öncədən hazırlaşır, hazırlıqları olur, onlar uğur qazanır. Xüsusi strateji maraqları olmayanda uğursuz olur. Nə “Eurovision” zamanı, nə də indi hökumətin xüsusi strateji planı yoxdur. Məsələn, 1992-ci ildəki olimpiya oyunları tədbirində Barselonanın konkret hədəfi var idi ki, ölkəyə gələn turistlərin sayını artırsın və planlaşdırdığı kimi də oldu. Amma Azərbaycanın belə hədəfi yoxdur. Korrupsiya maraqları olan yerdə qərarlar da qapalı verilir".
Xatırladaq ki, Binəqədi rayonunun icra başçısı Xaləddin İgəndərov bu posta Vergilər Nazirliyindən gətirilib. O, Vergilər Nazirliyində müxtəlif rəhbər postlar tutub. Sözügedən nazirlik Azərbaycanda ən çox korrupsiyaya uğrayan dövlət qurumlarındandır. Həmçinin sahibkarlığın məhv edilməsi istiqamətində VN-in qeyri-rəsmi xüsusi planı var. Bu qurum kiçik, orta və iri sahibkarları sözün əsl mənasında maliyyə terroruna məruz qoyur. İlk gündən deyilirdi ki, belə bir sistemdən çıxmış adamın Binəqədi kimi böyük sənaye rayonuna başçı gətirilməsi özünü doğrultmayacaq.
X.İsgəndərov 2012-ci ilin aprel ayından Binəqədi İH başçısı təyin olunub. Ötən iki il yarım müddətində Binəqədidə elə ciddi dəyişiklik baş verməyib. Düzdür, o, bu vəzifəyə təyin olunandan yolların kənarında yaşıllıq salınır, hasarlar tikilir, divarlar ağardılır, rənglənir və s. Amma rayonun infrastrukturunda, əhalinin güzəranının yaxşılaşmasında ciddi irəliləyiş yoxdur. “Yeni Müsavat” qəzetinin bir neçə əməkdaşı Binəqədi sakinləridir. Onlar daim rayon ərazisində suyun, elektrik enerjisinin və təbii qazın verilişində əvvəlki illərdə olduğu kimi problemlərin qaldığını vurğulayır. Demək, divarlara rəng vurmaqla, yol kənarına qazon əkməklə rayonun vəziyyətini düzəltmək olmurmuş. Belə çıxır ki, “Təmiz Binəqədi” layihəsinə sərf olunan dövlət vəsaiti əslində bir neçə məmurun cibinə axıb. O qədər axıb ki, həmin pulların yaratdığı korrupsiya hazırda Binəqədinin küçə və prospektlərində az qala adam boyu qədər olan gölməçələr yaradıb... Xaləddin İsgəndərov bu gölməçədə korrupsiya əməllərini yuya biləcəkmi, yoxsa o, elə həmin gölməçələrdə batıb qalacaqmı? Bunu yaxın zamanda görəcəyik.