AXCP-nin sökülən qərargahının sahibindən Əli Kərimliyə heyrətamiz ittihamlar- satqınsan!

5-11-2014, 11:11   
AXCP-nin sökülən qərargahının sahibindən Əli Kərimliyə heyrətamiz ittihamlar- satqınsan!
Azər Əsgərov: “Mülkümlə bağlı mənə təklif olunan məbləği sənin aldığına əminəm”; mülkdə baş verən partlayışdan 9 ay ötür; partiya üzvləri isə hələ də Azər Əsgərovu sosial şəbəkələrdə təhqir edirlər

AXCP-nin məlum qərargahının partlayışdan sonra sökülməsindən 9 ay ötür. Bu müddət ərzində mülk sahibinə dəyən ziyan ödənilməyib. Bundan əlavə, AXCP rəhbərliyi mülk sahibi Azər Əsgərovu hüquqları uğrunda mübarizədə tək qoyub.

Üstəlik, Əli Kərimli və partiyanı sərt tənqid etdiyinə görə Azər Əsgərov sosial şəbəkələrdə AXCP üzvləri tərəfindən təhqir olunur. Bu barədə musavat.com-a müsahibə verən mülk sahibi Əli Kərimlinin ünvanına sərt ittihamlar səsləndirib. O bildirib ki, mülkünün sökülməsindən keçən 9 ay ərzində AXCP susqun mövqe nümayiş etdirir: “Bu gün mülkümün dağıdılmasının 9 ayı tamam olur. Bu müddət ərzində nə təzminat verdilər, nə də əşyalarımı qaytardılar. Məhkəmə prosesi yubadılır. Mənə acıq gələn odur ki, bu barədə nə ”Azadlıq" qəzeti, nə də AXCP rəhbərliyi maraqlanmır. Belə görünür ki, mülkümün dağıdılmasında bunların hökumətlə bərabər əlləri olub.

“Yeni Müsavat”a müsahibə verdiyimə görə qəzeti və məni hakimiyyətə satılmaqda ittiham edirlər. Mən daim “Yeni Müsavat”ı müxalifət qəzeti saymışam. Haqlı olduğuma əminəm. Mənə mesaj yazırlar ki, səni biz müdafiə etmişik, “Yeni Müsavat” heç zaman müdafiə etməyib. Hətta deyirlər ki, sizin qəzet guya məndən istifadə edir. “Yeni Müsavat” kollektivinə və rəhbərliyinə böyük hörmətim var. Olmasaydı, sizə müsahibə verməzdim. 4 aya yaxındır ki, AXCP, ümumiyyətlə, mənimlə maraqlanmayıb. Əvvəllər Gözəl Bayramlı zəng vururdu. İndi isə o da zəng vurmur. Hətta deyirlər ki, kirayə pulumuzu vermişik. Əli Kərimli, sənə 1 milyona da yer verməzdilər.

“Özün bizə satqın deyirsən; satqının ən yekəsi sənsən... Sabah hakimiyyətə gəlsən, xalqa yox, qrant aldığın adamlara işləyəcəksən”


Sən bu partiyanı nə ilə saxlayırsan? Hökumətdən pul alıb, partiya saxlayırsansa, səndən nə müxalifət lideri olar? Xarici dövlətlərdən pul alırsansa, demək, o dövlətlərə satılmısan. Məhz buna görə ətrafında olanlar günbəgün azalır. Əli Kərimli, sən meydanda tək qalacaqsan. Sizlər vəhşi insanlarsınız. Ağıllı adamlar AXCP-dən gedir. Mülkümü onlara verəndə gənclərdən Əbülfəz Qurbanlı adlı birisi var idi. Mənə deyirdi ki, mülkü qoruyacağıq. Nə bilim mühafizə təşkil edəcəyik. Amma partlayış olandan bir dəfə də üzünü görməmişəm. Partlayış nəticəsində mülkümə ciddi zərbə dəyməmişdi. Sadəcə, mən Türkiyədən gələnə kimi əlbir olub dağıtdılar. Öz əşyalarını apardılar. Mən isə heç nə götürə bilmədim. Mirzə Sakit düz deyir, bunlar qaniçən quldurlardır. Əsl cəbhəçilər tezliklə bunların sifətini görüb gedəcəklər".
Mülk sahibi cəbhəçilər tərəfindən sosial şəbəkələrdə təhqir olunduğunu bildirib: “ İndiyə qədər çox nazirliyi tənqid etmişəm. Heç biri məni təhqir etməyib.

Amma Əli Kərimlinin başında olan 5-10 nəfər xuliqan onun göstərişi ilə məni təhqir edir. Hətta yazırlar ki, bir də Əli Kərimlinin əleyhinə danışsan, səni öldürərik. Sən böyük partiyanın rəhbərisən. Sabah necə hakimiyyətə gələcəksən? Sizlər qorxmuş müxalifətsiniz. Sənə mülkümü vermişəm. Partlayış olanda sən harada idin? Niyə gəlmədin? Demək, sənin bu işdə barmağın var. Hakimiyyətlə əlbir olmusan. Mənə məlumatlar gəlir ki, maşınlarda mülkümü qorumaq üçün çoxlu sayda cəbhəçi gəlib. Hamısını geri qaytarıblar. Əli Kərimli, sən nə lidersən? Gəncləri ətrafına yığıb həyatlarını məhv etdirirsən. Mənə veriləcək təzminat barədə hansı beynəlxalq təşkilat qarşısında məsələ qaldırmısan? Hökumətə söz vermisən?”

Azər Əsgərov mülkünün üzərindən Əli Kərimlinin özünə imic qazanmaq istədiyini də qeyd etdi: “Əli bəy, sən beynəlxalq təşkilatlar qarşısında mülküm hesabına özünə imic yaratmaq istəyirsən. Buna nail olmayacaqsan. Başqa bir təşkilata versəm, indi sona qədər müdafiə olunmuşdum. Sizə verdiyim müsahibə çıxan kimi, AXCP üzvləri yenə məni söyməyə başlayacaqlar. O adamlara baxsaq görərik ki, 20-30 nəfərdilər. Hamısı Əli Kərimliyə yaxındılar. Həyat yoldaşım Türkiyədən yazmışdı ki, Əli Kərimli övladını xaricdə hansı pulla oxutdurur. Cəbhəçilər yoldaşıma qarşı da hücuma keçdilər. Kəmalə Bənəniyarlı məsələyə qarışandan sonra söyüşləri sildilər.

“Əli Kərimli, sənə 1 milyona da yer verməzdilər. Sən bu partiyanı nə ilə saxlayırsan? Hökumətdən pul alıb, partiya saxlayırsansa, səndən nə müxalifət lideri olar? Xarici dövlətlərdən pul alırsansa, demək, o dövlətlərə satılmısan”


Demək, bunlar bir mərkəzdən idarə olunur. Sizlər bir qrup adamsınız. Əli Kərimlinin uzaqbaşı ətrafında 50 nəfər qaragüruhçu adam var. Bununla neynəyəcəklər? Sən çürümüş, qoxumuş müxalifət rəhbərisən. 11 ay hakimiyyət rəhbərliyində olmusan. Bu ay ərzində nə qədər pul yığmısan ki, 22 ildir yeyib, qurtara bilmirsən. Hələ partiya da saxlayırsan. Bu dövlətə satılan sənsən. Xaricə işləyən agentsən. Əlimin zəhməti ilə ev tikmişəm. Səhv etdim ki, sənin kimi insana yer verdim. 9 aya bir qadın uşaq dünyaya gətirir. Sənin mülkümün söküntüsündə barmağın olub. Dövlətdən götürdüyün kreditləri yazırlar. Bunlara niyə cavab vermirsən? Yer kürəsində yeganə mülküm idi. Dövlət katibi olanda Azərbaycanda adına çoxlu sayda mülk keçirmisən. Vaxt gələcək ortaya çıxacaq.

“İndiyə qədər çox nazirliyi tənqid etmişəm. Heç biri məni təhqir etməyib. Amma Əli Kərimlinin başında olan 5-10 nəfər xuliqan onun göstərişi ilə məni təhqir edir. Hətta yazırlar ki, birdə Əli Kərimlinin əleyhinə danışsan, səni öldürərik”


O mülklərdən birini partiyana ver. Niyə vermirsən? Səni xalq yaxşı tanıyır. 10-da mitinq təyin etmisən. Görək nə qədər adam gələcək. Keçirdiyin mitinqləri görürük. Sənin arxanca heç kim gəlməz. Müşavirlərin, rayon təşkilatların istefa verir. Yaxın adamlarına, cangüdənlərinə maaş verirsən. Bu pulları haradan alırsan? Özün bizə satqın deyirsən. Satqının ən yekəsi sənsən. Sabah hakimiyyətə gəlsən xalqa yox, qrant aldığın adamlara işləyəcəksən. Avqustun 6-da facebookumu bağlatmaq istədin. Mülkümlə bağlı mənə təklif olunan məbləği sənin aldığına əminəm”.

Xatırladaq ki, uzun illərdir Türkiyədə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Əsgərov mülkünü AXCP-yə qərargah kimi icarəyə vermişdi. Partiya orada yerləşəndən bir neçə ay sonra binada partlayış baş verdi və bunun ardınca həmin mülk söküldü. Mülkiyyətinin sökülməsi ilə bağlı Türkiyədən Bakıya gələn Əsgərov uzun müddətdir ona dəyən ziyanın ödənilməsini tələb edir, ancaq indiyədək mülkünün sökülməsinə görə kompensasiya ala bilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.