Bank müdiri Mahir Mikayılov hansı yüksək rütbəli məmurun adından istifadə edir?
Şəhərdə hamının milyonçu kimi tanıdığı şəxs böyük biznes obyektlərinə sahibdir
Bank sektorunun hazırkı vəziyyəti o qədər də ürəkaçan deyil. Məlum olduğu kimi, bu gün ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxu yüksək faiz dərəcələri ilə kredit verir, həmçinin kreditlərin verilməsi məsələsində müştəriləri süründürməçiliyə məruz qoyurlar. Əmanətlərin qorunması məsələsində də müxtəlif problemlər nəzərə çarpmaqdadır. Bəzi banklar əmanətçiləri aldadaraq onların pulunu mənimsəyir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar.
Düzdür, bu kimi halların qeydə alınmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Amma banklardakı ümumi ab-hava qənaətbəxş hesab olunmur. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə müştərilərin incidilməsi hallarına yol verilir. «AtaBank»ın Şirvan filialında da xoşagəlməz durum yaşanır. Bu barədə redaksiyamıza şəhərdəki etibarlı mənbələrdən məlumat daxil olub. Həmin bilgiləri sizinlə paylaşmamışdan öncə qeyd edək ki, «AtaBank» uzun illərdir ki, fəaliyyət göstərir. Azərbaycanın ən böyük kommersiya banklarından biri olan «AtaBank» yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. Bank dünyanın hər yerində fəaliyyət göstərən beynəlxalq pul köçürmələri sistemi "WesternUnion"-un üzvü statusunu əldə edib. Bizə verilən məlumata görə, bankın Şirvan filialının direktoru Mahir Mikayılov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir, bu azmış kimi müştərilərə qarşı haqsızlıqlar edir. Adının gizli qalmasını xahiş edən mənbə vurğulayır ki, sakinlər bankdan kredit almaqda böyük çətinliklərlə üzləşirlər: «Şirvan camaatının əksəriyyəti maddi təminatı zəif olan insanlardır. Onlar bəzi işlərini yoluna qoymaqdan ötrü bankdan kredit götürmək məcburiyyətində qalır. Lakin bank rəsmiləri vətəndaşların qarşısında elə ağır «tələb»lər qoyur ki, bunu qarşılamaq çox çətindir. Bildiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə fəaliyyət göstərən banklarda şəffaflıq prinsipinin təmin olunması və müştərilərə yüksək xidmətin göstərilməsi üçün tapşırıqlarını verib. Buna baxmayaraq, «AtaBank»ın Şirvan filialının rəhbəri öz bildiklərini edir. Onun arxasında kimsə dayanıb. Buna görə də bank müdiri camaata əlavə problemlər yaradır». Mənbə vurğulayır ki, şəhərdə kifayət qədər işsiz kadr olsa da, müdir banka ətraf rayonlardan işçilər cəlb edir: «Bank müdirinin bütün işlərini demək olar ki, kredit şöbəsinin rəhbəri həyata keçirir. Heç bir müştəriyə «şapka»sız kredit verilmir. Məsələn, vətəndaş 5 min manat kredit götürmək istəyirsə, bu ona 10 min manata başa gəlir. Yəni yerdə qalan məbləğ «şirinlik kimi alınır. Bu və digər qanunsuzluqlara şərait yaradan Mahir müəllim şəhərdə ən varlı adamlardan biri kimi tanınır. Yerli əhali onu milyonçu kimi qələmə verir. Şirvanda çoxlu obyektləri var. Həmin obyektləri yaxın qohumlarının adına rəsmiləşdirib. Bu adamın o qədər pulu var ki, ancaq obyekt alır, yaxud tikdirir. Görəsən, bank müdiri bu qədər pulu hardan qazanır? Şirvanda ən möhtəşəm villa filial müdirinindir.
Villaya kənardan baxanda qəsrə oxşayır. Mülkün həyətində cangüdənlər saxlayır. Kimdən, nədən qorxur bilmirik. Bank müdiri dara düşən kimi yüksək rütbəli məmurlardan birinin adından istifadə edir». İrəli sürülən ittihamları aydınlaşdırmaq məqsədilə «AtaBank»ın Şirvan filialına zəng vurduq. Lakin müdiri yerində tapa bilmədik. Hər halda, vətəndaşlar boş yerdən bankın fəaliyyətindən narazılıq etməzlər. Demək hansısa nöqsanlar var ki, əhali bunu etirazla qarşılayır. «AtaBank»ın müşahidə şurasının sədrindən xahiş edirik ki, adıçəkilən filiala yoxlama komissiyası göndərib Mahir Mikayılovun fəaliyyətini təftiş etdirsin.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.