QMİ: "Aşurada baş verənlər İrana təxribatdır"
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi məsələsinə münasibət bildirib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən eksklüziv açıqlamada bildirilib ki, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb.
Bildirilir ki, internetdə bununla bağlı videogörüntülər yayılan kimi QMİ Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: “Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımıza bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMİ bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir. Azərbaycanda bütün dini mərasimlər öz milli mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz”.
Qeyd edək ki, Məhərrəm ayının girməsi, eyni zamanda Aşura günü ilə əlaqədar Bakı kəndlərində, o cümlədən Nardaranda məclislər İran İslam Respublikasının bayrağı və İranın dövlət xadimlərinin fotoları altında keçirilib, video çəkilişləri internetdə yayılıb.