Nardaranda İran simvolları gərginliyi - VİDEO

7-11-2014, 09:37   
Nardaranda İran simvolları gərginliyi - VİDEO
QMİ: “Bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır”; Mübariz Qurbanlı: “Bunun Kərbəla hadisələri ilə də əlaqəsi yoxdur”
Kərbəlayı Natiq Kərimov: “Maştağada vəhhabilər böyük marketlər açırlar, Mübariz Qurbanlı onlardan niyə danışmır?”

Aşura günü Bakının Nardaran qəsəbəsində bəzi məclislərdə İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretlərinin asıldığını əks etdirən fotoların yayılması narazılıq doğurub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bu hadisəni pisləyib.

Komitə sədri qeyd edib ki, Azərbaycanın İranla münasibətləri çox normaldır: “O portretlərdəki insanlar İranın ali dövlət adamları kimi tanınırlar və onların şəkillərinin nümayiş etdirilməsi dini mərasimlərə aid olmayan haldır. Ona görə də bu hal bizim tərəfdən qətiyyətlə pislənilir”.
M.Qurbanlı bu şəkillərin İmam Hüseynə (ə) və digər müqəddəslərə, nə də o məclislərin keçirildiyi ərazilərdəki ziyarət yerlərinə uyğun olmadığını deyib: “Oradakı sakinlər də bilməlidirlər ki, ümmət olmamışdan əvvəl millətdirlər. Azərbaycan xalqına, dövlətinə və bayrağına sədaqət nümayiş etdirməlidirlər. Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir. Bunun Kərbəla hadisələri ilə də əlaqəsi yoxdur”.



M.Qurbanlı deyib ki, Dövlət Komitəsinin nümayəndələri məsələni araşdırıb, ərazidə fəaliyyət göstərən dini icmalara müvafiq qaydada ciddi xəbərdarlıq olunub. Komitə sədri onu da deyib ki, Azərbaycanda istənilən dinə aid mərasimlərin keçirilməsi üçün yüksək səviyyədə şərait var və dövlət buna heç vaxt qadağa qoymur: “Ötən gün Aşura mərasimləri də çox yaxşı keçdi, ötən illərlə müqayisədə nöqsanlı hallar çox az baş verdi, əksər yerdə isə demək olar ki, baş vermədi”.

Qalmaqala Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən APA-yabildirilib ki, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb. QMİ-dən bildiriblər ki, idarə Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: “Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımızı bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMİ bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir.

Azərbaycanda bütün dini mərasimlər öz milli-mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz”.





Nardaran sakinləri isə ittihamları qəbul etmir. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov “Yeni Müsavat”a açıqlamasında Nardaranda heç bir zaman İran bayrağı və siyasi liderlərinin fotolarının asılmadığını bildirdi: “Mən Nardaranda baş verən hadisələrdən xəbərdar olan bir adam kimi deyirəm ki, Nardaranda belə bir şey olmayıb. Eşitdiyimə görə, Mübariz Qurbanlı da deyib ki, guya hansısa məclisdə İran bayrağı, şüarlar asılıb. Bildirirəm ki, elə bir şey yoxdur, şüarlar da yerindədir. Bizim öz dövlətimiz və onun öz bayrağı da var. Bayrağımızda da İslam əksini tapıb. Biz öz bayrağımızı Nardaranın hər yerində asmışıq. Nardaranda heç bir zaman İran bayrağı asılmayıb.

İkinci tərəfdən, kimsə, haradasa müctəhidlərin şəklini görübsə, hansı ki mən bunu heç görməmişəm, bu, tamam başqa mövzudur. Nardaranın bütün küçələri bu başdan o başa şüarlarla bəzədilib, o şüarlar da Peyğəmbər (s.ə.s) və imamlardan (ə) hədisləridir. Başqa heç bir kənar şüar, söz yazılmayıb. Kim görübsə, gəlsin bizə də göstərsin. Nardaran qapalı kənd deyil, yüzminlərlə insan gəlir kəndimizə. Kim harada görübsə İranın bayrağını gəlib bizə də göstərsin. Hamı bilir ki, burda yazılan şüarlar silinmir. Bizim İslam ölkələrinə canımız qurban, İranı da, Türkiyəni də, İraqı da və digər müsəlman ölkələrini bəyənirik, dəstəkləyirik. Harada ki, Əhli Beytə (ə) hörmət var, o ölkəyə bizim canımız qurban. Ancaq şükürlər olsun ki, camaatımız da ayıq camaatdır, bu cür təxribatlara getməz. Biz hamını, bütün jurnalistləri dəvət edirik, gəlib baxsınlar".

N.Kərimov deyir ki, Nardarana müvafiq dövlət qurumlarının nümayəndələri nəzarət edir, gəlib-gedirlər. Qəsəbə ağsaqqalı deyir ki, elə bir neqativ hal olsaydı, bu günə qədər münasibət bildirilərdi. Videogörüntülərin birində İranın siyasi-dini liderlərinin fotolarının görünməsinə gəlincə, N.Kərimov deyir ki, bu şəxsləri İslam alimi kimi qəbul edirlər: “Ola bilsin ki, hansısa tədbirdə, mövludlarda kimsə gətirib mərasim keçirilən zalda bu şəkli asıb. İmam Xomeyni dünyada İslamı ayağa qaldıran insanlardan biridir. İslam Respublikasının qurucusu, həm də İslam alimidir. Xameneyi ağa da bizim camaatın 90 faizinin təqlid etdiyi müctəhiddir. O cür tədbirlərdə Taleh Bağırovun, Mübariz İbrahimovun şəkilləri də ola bilər.

Bu, bir bayram süfrəsində olub, kimsə gətirib vurub divara. Amma İranın bayrağını kimsə asa bilməz. Yaxud da Həsən Ruhani, Əhmədinejadın və ya başqa bir siyasi xadimin şəkli vurulsaydı, o zaman bu iradı haqlı saymaq olardı. İmam Xomeyni və Ayətullah Xameneyi böyük İslam alimləridir, dünyanın hər yerində, hətta Amerikada da onların şəkilləri asılır. Amma Nardaranda buna da ehtiyac yoxdur, bu şəkillər də asılmır. Ola bilsin ki, hansısa məclisdə kimsə o şəkilli xalça asıb. Müctəhid şəkli başqadır, dövlətin rəmzi olan bayrağı asmaq tamam başqa bir məsələdir”.

N.Kərimov deyir ki, Aşura mərasimləri ilə bağlı bəzi dairələrdə narahatlıq yaranıb və bu səbəbdən də mərasimlərə kölgə salacaq informasiyalar qəsdən dövriyyəyə buraxılır: “Bu gün Nardaranın lap yaxınlığında, Maştağa kimi qəsəbədə vəhhabilər gəlib böyük marketlər açırlar. Mübariz Qurbanlı onlardan niyə danışmır? Necə olur ki, Bakının mərkəzində vəhhabilər bu qədər obyektlərə sahib olurlar? Bəyəm bunu komitə, hökumət görmür? Bu məsələni qaldırsınlar. Azərbaycan ərazisində ən kütləvi Aşura mərasimi Nardaranda keçirilib. Həmişə belə olub. Heç kəs də bunun qarşısını ala bilməyəcək. Bu mərasimlərə qara yaxmağa gərək yoxdur. Biz öz dövlətimizi də tanıyırıq. Hansı məsələdə yoldan çıxmalar olsa qabağını alarıq. Bizim kəndin axundu hökumətə də müraciət etdi ki, biz radikalizmlə mübarizədə dövlətə kömək etməyə hazırıq”.

[media=http://www.youtube.com/watch?v=tYnG9TRzko4#t=219]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.