Rusiyanın iri neft şirkətlərinə qarşı cinayət işi başlanıb
Rusiya Federal Anti-inhisar Xidməti “Başneft”, “Rosneft” və “Lukoil” şirkətlərinə fond birjasındakı qiymət manipulyasiyasına görə cinayət işi qaldırıb.
“Rusiya Federal Anti-inhisar Xidməti neft məhsulları bazarında apardığı monitorinq zamanı 2014-cü il yanvar-sentyabr ayları ərzində AI 92 və AI 95 markalı benzinlərin bircadankənar topdansatış qiymətlərində 20 faizlik artım qeydə alıb. Məhz buna görə də bircadaxili topdansatış bazarında AI 92 markasının qiyməti 34 faiz, AI 95 isə 35 faiz artıb”, - deyə xidmətin yaydığı hesabatda bildirilir.
Iqtisadçı-ekspert Natiq Cəfərli ÿdeyir ki, Rusiyanın iri neft şirkətlərinə embarqo tətbiqi və hətta cinayət işinin başlanması əslində, gözlənilən idi. Bu barədə bir neçə arbitraj işinin olduğunu yada salan ekspert, Rusiyanın ən böyük neft şirkətlərindən olan “Rosneft”lə bağlı artıq ilkin qərarın verildiyini deyir: “Yanvarın 15-nə kimi həmin qərara əməl olunmalıdır. ”Rosneft"ə 50 milyard civarında cərimə kəsilib və bank apellyasiya şikayəti verərək, özünün bu işdə əli olmadığını sübut etməlidir. Lakin indiki siyasi durumda çox güman ki, “Rostneft” və Rusiyanın əleyhinə qərar qəbul olunacaq".
Ekspertin sözlərinə görə, “Lukoil”la bağlı Rumıniyada, eləcə də bir neçə Avropa ölkələrində anti-monopol qanunvericiliyi pozduğuna, vergidən yayındığına görə cinayət işi açılıb, müvafiq iş gedir. Ən böyük işlərdən birinin “Qazprom”la bağlı olduğunu söyləyən Natiq Cəfərli Avropa Birliyinin enerji xartiyasını, anti-monopol qanunvericiliyin qaydalarını pozduğu üçün “Qazprom”a qarşı böyük bir cinayət işi açıldığını yada salır: “Bu işə Avropa Birliyi Stokholm Arbitraj Məhkəməsində baxılacaq. Çox güman ki, ”Qazprom" milyardlarla məbləğdə cərimə olunacaq. Bu isə monopolist şirkətlərin batması, onların iqtisadi vəziyyətlərinin ağırlaşmasıyla nəticələnəcək".
Natiq Cəfərli deyir ki, bununla Qərb dövlətləri həmin şirkətləri zəiflətməyə çalışır. Həmçinin, Putinin ən yaxın çevrəsindəki insanlara zərbə vurmaqla onların Putinin siyasətinə gələcəkdə təsir etməsi və bəzi məsələlərdə güzəştə getməsinə nail olmaq üçün çalışırlar. Ekspertin fikrincə, Rusiya kimi dövlətlərdə siyasi loyallıq heç vaxt ideoloji olmur. Putinin ətrafında olan insanların isə ona ideoloji bağlılığı yoxdur, onların bağlılığı yalnız kommersiya və biznes maraqları üzərindədir: “Ona görə də kommersiya və biznes maraqları vurulursa, gəlirləri azalırsa, mütləq bu loyallığın da azalması və yaxud Putinin müəyyən güzəştlərə getməyə məcbur etməsi prosesi baş verir. Əsas hədəflərdən biri də budur. Putinin yaxın çevrəsində olan oliqarxlara qarşı belə basqılar davamlı olacaq və başqa adları da eşidəcəyik. Bu, Putinə və onun ətrafına basqı alətlərindən biridir”.