Tarixi "Sovetski" məhəlləsi artıq Bakının xəritəsindən silinmək üzrədir. Bu ilin əvvəllərindən başlayan söküntü işləri sürətlə davam edir. Hökumətin verdiyi kompensasiya ilə razılaşıb, köçənlər də var, bunun az olduğunu deyib, öz evində qalmağı üstün tutanlar da...
Gedənlərdən xəbərsiz olsaq da, hazırki söküntü prosesinin içində qalan “Sovetski” sakinlərinin durumunu öyrənmək üçün bu əraziyə baş çəkdik.
Biz "Sovetski"yə çatanda günorta saatları idi. Bakının ən qədim məhəlləsinin daşı-daş üstə qalmayıb. Hazırda "Sovetski" müharibədən çıxmış şəhəri xatırladır. Sökülən evlərin qalıqları bu məhəllənin onsuz da dar olan küçələrini kəsib və nəinki nəqliyyatın, hətta insanların belə, rahat hərəkət etməsi üçün şərait yoxdur.
Qeyd edək ki, "Sovetski" adlanan məhəllə Bakı şəhərinin yeni baş planına uyğun olaraq sökülür və orada yaşayan sakinlərə mənzilinin hər kvadratmetrinə görə 1500 manat kompensasiya ödənilir. Evlərinin kvadratmetri çox olanlar verilən kompensasiya ilə razılaşsa da, 15-20 kvadratmetrlik evlərdə yaşayanlar bu məbləğə Bakıda mənzil ala bilməyəcəklərini deyərək, hazırki mənzillərində yaşamağa davam edirlər. Ancaq məhəllənin dörd bir yanında gedən söküntü işləri onların həyatını kabusa çevirib.
Sakinlər deyirlər ki, hər an təhlükə gözləyirlər: “Qorxuruq ki, indi hansısa divar uçub, başımıza töküləcək və ya söküntü gedən yerdən başımıza nəsə düşəcək. Ona görə də, uşaqları küçəyə tək buraxmağa da qorxuruq”.
Doğulduğu gündən "Sovetski"də yaşayan Hacı Aydın dayı bu yaşında şəhərin mərkəzindən köçüb, ətraf kəndlərdə yaşamağı ağlına gətirə bilmir. Deyir ki, hökumətin verdiyi kompensasiya Bakıda normal bir məzil almağa kifayət etmir, bu səbəbdən evinin sökülməsinə etiraz edib: "Bura şəhərin mərkəzidir, hər yerə piyada gedirik, biz buna öyrəşmişik. 35-40 min manat pulla nə almaq olar? Bizə çox əziyyət verirlər. Əvvəlcə bir ev tikərdilər, bizi ora köçürərdilər, sonra buranı sökərdilər. İnsanlar hamısı qan ağlayır, ancaq dərdlərini deməyə də qorxurlar. Çünki ağzını açanı tutub, aparırlar. Bakıda indi 30 min manata ev almaq olar? Olar, amma kənndə... Biz şəhərin mərkəzindən niyə kəndə köçməliyik?"
Sovetski sakini Səbinə Bünyatovanın (ad şərtidir) sözlərinə görə, söküntü işləri aparan ağır texnika yolu kəsdiyindən işə və məktəbə rahat gedə bilmirlər: "Baxın, bu ekskavator bütün yolu kəsib, adi insanın keçməsi üçün bir qarış belə, yol yoxdur. Təsəvvür edin ki, avtomobili olanlar öz həyətlərinə girə bilmirlər. Həyətdə maşın saxlamaq olmur ki, üstünə nəsə düşəcək. Bir yandan da qazı, işığı, suyu kəsirlər, tez-tez... Bircə əlacımız qalır ki, ocaq qalayıb, yemək bişirək".
"Sovetski" sakini Kazım adlı gənc isə deyir ki, yaşayış baxımından heç bir yer bura ilə müqayisə oluna bilməz: "Bizim evimiz 30 kvadratmetr idi, 45 min pul verdilər, getdik, şəhərdən kənarda - Xırdalanda bir ev aldıq. Həyatımız dözülməz vəziyyətə gəlib. "Sovetski"də yaşayanda 5 dəqiqəyə Nizami metrosuna, İçərişəhər metrosuna, “Tarqovu”ya piyada gedirdik. Nə tıxac bilirdik, nə də marşrut problemi... İndi günümüz tıxaclarda keçir. Bizə lazım idi, bu..? Mərkəzdə bir hündürmərtəbəli bina tikib, bizi ora yerləşdirə bilərdilər. Ancaq kimin nəyinə lazımdır, "qara camaat”ın dərdi..?"
Həsən adlı gənc isə deyir ki, əslində, onlar verilən kompensasiya ilə razılaşmayıb, evlərində qalmaq niyyətində olublar. Ancaq söküntü prosesi onların həyatını elə cəhənnəmə döndərib ki, məcburən evlərindən çıxmağa qərar veriblər: "Biz əslində, getmək istəmirdik. Ancaq evlər söküldükcə burada siçovul əlindən durmaq olmur, kanalizasiya suları gəlib, evimizin içinə qədər dolurdu. Toz-torpaq əlindən yaşamaq mümkün deyildi. Ancaq evimizin kvadratını hesablayarkən çox ədalətsizlik etdilər. Dəhlizi düzgün hesablamadılar, həyəti ümumiyyətlə, ölçmədilər. Ancaq nə edə bilərik ki, məcbur olub, razılaşdıq".
"Sovetski"də qalan ailələrin durumu isə daha ağırdır. Söküntü prosesi ilə əlaqədar mənzillərə qaz, su, işıq demək olar ki, məhdud şəkildə, qrafiklə verirlir. Elektrik enerjisinin və qazın tez-tez kəsilməsi insanların gündəlik həyatını dözülməz vəziyyətə gətirib, çıxarıb. Sakinlərin sözlərinə görə, hətta verilən kompensasiya az olsa belə, bu şəraitə görə çoxları məcbur olub, razılaşıblar: "Ona görə də, hökumət burada qalanlar üçün vəziyyətin yaxşılaşdırılmasında maraqlı deyil. Söküntü işini mümkün qədər səliqəsiz aparırlar k, biz məcbur olub, köçək".
"Sovetski" məhəlləsində işimizi yekunlaşdırıb, ayrılanda isə, bir qadının atdığı replika yazımız üçün maraqlı sonluq oldu: "Çəkin, çəkin, yaxşı-yaxşı çəkin. Tarix sökülür, "Sovetski" bir tarix idi, tarixi məhv eləyirlər. Çəkin, heç olmasa, kardlarda qalsın".