Hacıbala Abutalıbovun gizli sərəncamı üzə çıxdı

8-11-2014, 10:44   
Hacıbala Abutalıbovun gizli sərəncamı üzə çıxdı
Xətaidəki “yaşıl soyqırım”la bağlı yeni sensasion məlumatlar; 4 milyon yarıma satıldığı deyilən 60 sot ərazidə ağacların qırılıb yerində yaşayış kompleksi tikilməsinə Bakının icra başçısı razılıq veribmiş; özəl mənbələrdən “Yeni Müsavat”a Abutalıbovun imzası və möhürü olan sənəd daxil olub...
Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən təqribən 60 sot yaşıllıq zonanın məhvi ilə bağlı redaksiyamıza sensaion məlumatlar daxil olub. Bu, təkcə məlumat deyil - arxasında ciddi sənədlərin dayandığı faktdır! Həmin sənədlərə söykənən fakt bir çox məmurları ifşa etmək gücündədir. Sənədlərdən aydın olur ki, bir sıra iri rütbəli məmurlar Bakının az sayda qalan yaşıllıq zonasını öz tamahlarına və korrupsiya ehtiraslarına qurban veriblər.

Beləliklə, məlum olur ki, İnqilab İsmayılov küçəsindəki ərazidə 40-a yaxın 30 illik şam və küknar ağacının məhv edilməsini labüd edən sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov imzalayıb. Yada salaq ki, noyabrın 1-də gecə yarısı baş tutan “yaşıl soyqırım”a etiraz edən sakinlər saxlanılmışdı. Bildirilirdi ki, sahibkar Araz Quliyev ərazidə 3 göydələn tikməyi planlaşdırır. Xətaidən deputat olan İqbal Ağazadənin müdaxiləsindən sonra sakinlər azad edilmiş, ərazidə “yaşıl soyqırım” dayandırılmışdı.

“Yeni Müsavat” ərazidən reportaj hazırlayandan sonra, noyabrın 2-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ora baş çəkmişdi. Bundan sonra yaşıllıqların məhv edildiyi torpaqda BŞİH tərəfindən “Qanunsuz zəbt edilmiş ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və abadlaşdırılır” sözləri yazılmış 3 lövhə vurulmuşdu. Bu lövhələrdə yazılanlarla tanış olanlar torpağı sahibkara verə biləcək məmurlar sırasında Bakı merinin adının olacağına bəlkə də inanmazdı...



Sakinlər Mənzil İstismar Sahəsi (MİS) işçilərinin ərazidə əkilmiş təqribən 100-ə yaxın şam ağacına qulluq etməsini də Hacıbala Abutalıbovun xoş niyyətli addımı kimi qiymətləndirirdilər. MİS işçiləri əməkdaşımıza demişdi ki, məsələ Bakı merinin şəxsi nəzarətindədir. Əldə etdiyimiz sənəd Hacıbala Abutalıbovun şəxsi keyfiyyətləri ilə yanaşı əraziyə marağının haradan qaynaqlandığını ortaya qoyur.

Hacıbala Abutalıbov sözügedən sərəncamı 20 avqust 2014-cü ildə, təqribən 2 ay yarım öncə imzalayıb. 390 saylı sərəncamda yazılır: “Nyu Sfera İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 avqust 2014-cü il tarixli, 02/16 saylı müraciətini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 iyun 2014-cü il tarixli, 0414978 saylı çıxarışını və vətəndaş Quliyev Araz İman oğlunun notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini nəzərə alaraq Xətai rayonu, 2935 B saylı məhəllə, İ. İsmayılov küçəsi 3V saylı ünvanda özünə məxsus 0,4 ha torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilsin".

Xətaidə gecəyarısı ağac qətliamı və qarşıdurma Yüklə

Sərəncamda və ərazidə vurulan 3 lövhənin üzərində yazılanlar daban-dabana ziddir. Hacıbala Abutalıbov bir tərəfdən “yaşıl soyqırım”a yol açan sərəncama imza atır, digər tərəfdən isə onun qarşısını alır. Belə çıxır ki, Bakı meri həmin sərəncamı imzalayarkən onun qanuni olmadığını bilib, amma imza atıb. Bu qanunsuzluğa Hacıbala Abutalıbovu sürükləyən nə və ya kim olub?

Bu suala bir neçə cavab var. Məsələn, sərəncamı Hacıbala Abutalıbovun adından uzun illər BŞİH-də qeyri-rəsmi çalışan Nərminə İsakova imzalayıb. Və ya Hacıbala Abutalıbov sərəncama gecədən xeyli keçmiş imza atıb.



Hətta iddialar var ki, 60 sotluq ərazidə 3 hündür mərtəbəli binanın tikilməsi üçün 4,5 milyon manat ödənilib.

Fakt budur ki, mübahisə doğuran ərazidə “yaşıl soyqırım”a sərəncamı Bakının icra başçısı verib.



Sonradan H.Abutalıbovun inkarçılıq mövqeyində dayanmasının bir səbəbi də prezidentin məlum müşavirədə söylədiyi nitqidir. İlham Əliyev son müşavirədə məmurlara göstəriş vermişdi ki, Bakı şəhərinin ərazisində tikinti işləri aparmaq istəyən sahibkarlara çirklənmiş, məişət tullantılarının olduğu ərazilər təklif olunsun. Bakı meri isə prezidentin bu göstərişini nədənsə unudub. Belə görünür ki, ərazidə baş verənlər, deputat İqbal Ağazadənin müdaxiləsi H.Abutalıbovu silkələyib və o, sərəncamını da unudub. Hazırda ərazidə heç bir tikinti aparılmır.



Xatırladaq ki, İ.Ağazadə əməkdaşımıza demişdi ki, 2007-ci ildən etibarən Xətai rayonunda bələdiyyə torpağı yoxdur. Ancaq 2014-cü ildə guya bu ərazi satın alınıb. Deputat “Əgər fondda torpaq olmayıbsa, bu ərazi necə satın alınıb?” deyə sual etmişdi. Deputat bildirmişdi ki, baş verənlərlə bağlı Əmlak Komitəsi qarşısında da məsələ qaldıracaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.