Bakıda silahlı basqının qarşısı alındı: 5 nəfər həbs edilib - YENİLƏNİB

11-11-2014, 16:43   
Bakıda silahlı basqının qarşısı alındı: 5 nəfər həbs edilib - YENİLƏNİB

Polis xeyli silah və digər əşyalar götürüb

Daxili İşlər Nazirliyi Bakıda planlaşdırılan quldurluq hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları quldurluq cinayəti törətməyə hazırlaşan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirib. Bir qrup şəxsin Xətai rayonu ərazisində vətəndaşlardan birinin evinə quldur basqını edəcəyi barədə Baş İdarəyə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvləri - əvvəllər də ağır cinayətlər törətdiklərinə görə dəflərlə məhkum olunmuşlar – 37 yaşlı Natiq Yusifov, 33 yaşlı Cəllad İsmayılov, 28 yaşlı Rahib Hüseynov, 47 yaşlı Elşən Rəhimov və 23 yaşlı Nahid Allahverdiyev saxlanılıblar. Saxlanılan şəxslərin üzərinə baxış zamanı 1 ədəd pnevmatik qaz tapançası, 1 ədəd beşbarmaq, 5 ədəd bıçaq, idman papağından hazırlanmış maskalar, əlcəklər, yapışqan lent və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.

Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecə yarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları yerindəcə yaxalayıblar. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.


*****

12:10

Bakıda silahlı basqının qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-na keçən gecə, Neapol küçəsində yaşayan vətəndaşa qarşı silahlı basqın törətməyə hazırlaşan şəxslər müəyyən edilib. Əməliyyat tədbirələri nəticəsində basqına hazırlaşmaqda şübhəli bilinən – Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Rahib Hüseynov, əvvəllər məhkum olunmuşlar – 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü C.İsmayılov tutulub. Keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd “Baykal” MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və , soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq götürülüb.

Araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.