İranın nüvə proqramı mövzusunda Tehran rəhbərliyi ilə 5 + 1 ölkələri arasındakı müzakirələrdə razılığa gəlmək qeyri-müəyyən vaxta kimi təxirə salına bilər.
Buna səbəb isə Respublikaçıların Konqresin hər iki qanadında üstünlüyü ələ almasıdır.
İranın nüvə proqramı mövzusunda Tehran rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət 5 + 1 ölkələri arasındakı müzakirələrdə razılığa gəlmək üçün təyin olunan son tarixə çox az vaxt qalıb. Bir çox analitik danışıqlarda irəliləyiş görməsə də son tarix-24 noyabra kimi hər hansı razılığın əldə olunması real sayılırdı.
Problemin həllində həmişə diplomatik yollara daha çox fokuslanmağı seçən ABŞ prezidenti Barak Obama İran mövzusunda razılığın əldə olunacağı təqdirdə xarici siyasətdə ən böyük uğuruna imza atmış olacaq.
Ancaq ona bu yolda ən böyük maneə isə İsrail xəttinə daha yaxın olan Respublikaçıların Senatda çoxluğudur. Bu, Obamanın uğurunu risk altına atır.
Analitiklərin fikrincə, Konqresdə dəfələrlə İsrail fikirlərini dəstəkləyən bəyanatlar verən Respublikaçılar İran mövzusunda Obama ilə razılaşmayacaq. Belə olduğu halda yeni sanksiyaların gündəmə gələməsi ilə ABŞ İran qarşısında etibarını itirə bilər.
Xatırladaq ki, Respublikaçılar seçkilərdə qalib gəlməmişdən öncə də Obamanı İranla danışıqlarda tənqid edirdi. Obama rəhbərliyini İran mövzusunda "Çox yumşaq davranmaq və Tehrana çox güzəştə getmək" kimi arqumentlərlə tənqid edən müxalif qüvvələr İranın "etibarsız" olduğunu deyərək bu ölkə ilə yalnız "sanksiya dilində" danışmağın lazım olduğunu vacib bilirdilər.
Digər tərəfdən Obamanın 1 illik möhləti bitdiyindən heç bir razılaşma əldə olunmadığına görə, mütəxəssislər Senatın yeni sanksiyalar paketini gündəmə gətirəcəyini istisna etmir.
Barak Obamanın dünən CBS televiziyasına verdiyi açıqlamada İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə 5 + 1 ölkələri arasında aparılan müzakirələrdə "böyük bir uçurum" olduğunu deməsi yaxın vaxtlarda da razılığı əldə olunmasını sual altına qoyur.
1990-1993 illərdə Dövlət Departamentinin Yaxın Şərq İşləri üzrə məsləhətçi müavini olan Devid Mak Konqresin Rusiya ilə bağlı mövqeyinin də Obama Administrasiyasının apardığı siyasətdən olduqca uzaq olduğunu deyib. Onun fikrincə, yeni Senatın mövqeyi daha sərt olacaq: "Respublikaçılar Rusiyanın etdiyi səhvləri bağışlamayacaq. Əksinə, Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək. ABŞ hərbi bazalarının istər gizli, istərsə də açıq şəkildə Şərqi Avropada gücləndirilməsinə başlanacaq. ABŞ Qafqazı da yaddan çıxarmayacaq. Gürcüstanla bağlı Vaşinqton aktiv mövqeyini yenidən təkrarlayacaq. Respublikaçılar bu dəfə Moskvanın maliyyə baxımdan zədələnməsi üçün hər şeyi edəcəklər. Üstəlik İŞİD məsələsi də var. İŞİD-in Rusiyanın aktiv bölgələrinə yönləndirilməsi prosesi də sürətlənə bilər. İran nefti isə Qərbə lazımdır. Qərb bacardığı qədər Avropanı Rusiya neftindən xilas etməyə çalışır. İranla münasibətlərdə Avropanın yumşalma ehtimalı daha çoxdur. Ruhani və digər iranlı liderlərin də son çıxışı bunu deməyə əsas verir. Amma Rusiya ilə bağlı mövqe sərtləşəcək. Ukraynada aktiv əməliyyatların yenidən başlanmasından tutmuş Rusiya tərkibində aktiv seperatçı liderlərin gizli maliyyələşdirilməsinə qədər məsələlərin yenidən gündəmə gəlmə ehtimalı olduqca yüksəkdir".