Daxili İşlər Nazirliyi Bakıda İŞİD-in təlim mərkəzinin olduğu haqda yayılan xəbərlərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.az-a açıqlamasında məsələni araşdıracaqlarını deyib.
“Bu xəbərdən məlumatımız var. Məsələ ilə bağlı maraqlanacağıq”, - deyə o, qısa olaraq münasibət bildirib.
Qeyd edək ki, “müsavat.com” saytı etibarlı mənbəyə istinadən Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim mərkəzi olaraq istifadə edilir.
Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur. Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.