Paytaxt Bakıda qanunsuz və keyfiyyətsiz ət satışı ilə bağlı mübarizə tədbirləri aparılsa da, hələ də bu sahədə arzuolunan nəticəni əldə etmək mümkün olmayıb. Bunu vaxtaşırı tonlarla mənşəyi naməlum ətlərin aşkarlanması da təsdiqləyir. Bakı şəhər Baş Baytarlıq idarəsinin açıqladığı son statistik məlumatlara görə, təkcə bir ay ərzndə Bakı şəhərində 3 tondan artıq mənşəyi bilinməyən ət aşkarlanıb. Bakı şəhər Baş Baytarlıq idarəsinin rəisi Aslan Aslanovun dediyinə görə, aşkarlanan mənşəyi bilinməyən ət və ət məhsulları daha çox yol kənarlarında, ət kəsim məntəqələrində və dönərxanalardan müsadirə edilib. Umumilikdə isə Respublika üzrə son statistik məlumatlara görə, 7 ton mənşəyi bilinməyən ət aşkarlanıb.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Movqe.az-a açıqlamasındaregionlarda çölə atılan heyvan leşlərini təşkil olunmuş şəkildə yığan, onun iyini kimyəvi yollarla aradan qaldıran və dükanlara, restoranlara, şadlıq evlərinə satan qruplar və şəbəkələr var: "Dəfələrlə sözügedən qruplarını dövlət orqanlarının əli ilə ifşa etmək istəməyimizə baxmayaraq, buna nail olmamışıq. Salyandan bizə daxil olan bir müraciətdə bunu təsdiqləyən bir fakt göstərilib ki, vətəndaş murdar olaarq çölə atılan inəyin ətinin bir qrup insan tərəfindən soyularaq maşına yığıb apardıqlarının şahidi olub.
Rəsmi qurumların hər birinin müxtəlif bəhanələrlə işdən yayındığını söyləyən ekspert deyir ki, bununla bağlı dövlət orqanları birgə fəaliyyət göstərərək mübarizə aparmalıdırlar: "Bu günə qədər kifayət qədər çalışmağıma baxmayaraq sözügedən qrupların ifşasına nail ola bilməmişəm. Hazırda da təhlükəli və ölmüş heyvan ətləri paytaxt Bakıya gətirilərək şadlıq evlərinə, restoranlara və dükanlara təhvil verilir”.Birlik sədri deyir ki, hazırda supermarketlərdə təmiz şəraitdə ət satılsa da,istehlakçılar gözləri qarşısında kəsilən əti alırlar: "Bunun səbəbi marketlərdə satılan ətlərə dair şübhələrin olmasındadır. Bu isə küçələrdə, yolkənarında açıq şəraitdə ət kəsimini artırır”.Eyyub Hüseynovun sözlərinə bütün dünyada ət və ət məhsullarının satışı xüsusi nəzarət altında həyata keçirilir: «Heç bir Avropa ölkəsində insanların gözü qarşısında heyvan kəsilmir. İctimai yerlərdə heyvan başı kəsmək ədəbsizlik kimi qəbul olunur. Bir neçə il bundan öncə Türkiyədə yol kənarında heyvan kəsiminə qadağa qoyuldu. Xüsusi sallaqxanalar var ki, heyvan orada kəsilir, dərisi soyulur, əti hissələrə bölünüb mağazalara paylanılır. Azərbaycanda neçə illərdir ki, bəyan edilir ki, heyvanların kəsilməsi üçün hər rayonda xüsusi sallaqxanalar yaradılacaq, heyanlar orada kəsilib mağazalara paylanacaq. Amma ortada real iş yoxdur. Ümumiyyətlə, bizdə bu sahəyə hansı qurumun nəzarət etməli olduğu məlum deyil”.E.Hüseynov bildirir ki, isti havalarda yol kənarında kəsilən heyvanların ətlər bir saatdan sonra qurd, bakteriya mənbəyinə çevrilir: "Milçək ətə qurd salır. Milçəyin ifraz etdiyi peyin və ayağındakı mikroblar ət üzərində sürətlə artır, genişlənir və canlı zərərverici bakteriyaya çevrilir. Ona görə də bəzi yerlərdə əti tənziflə örtürlər ki, üzərinə milçək qonmasın”. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bizimlə söbətində qeyd etdi ki, təmsil etdiyi qurum mütəmadi şəkildə məsələ ilə bağlı monitorinqlər aparır: "Bilirsiniz ki, qanunsuz sallaqxanaların ləğv olunması və heyvanların standartlara uyğun, təmiz yerlərdə kəsilməsilə bağlı tərəfimizdən bir neçə il öncə Sanitar, Gigiyena və Epidemiologiya Mərkəzinin rayon icra hakimiyyətlərinə müraciət edərək qanunsuz fəaliyyət göstərən sallaqxanaların ləğv edilməsi və standartlara uyğun kəsim məntəqələrinin tikilməsi üçün yer ayrılması məqsədilə dəfələrlə müraciət edib. Təəssüflər olsun ki, bu sahədə sürətli irəliləyiş əldə olunmayıb. Ümidvarıq ki, bu il qanunsuz sallaqxanaların fəaliyyətinə son qoyulacaq və yüksək səviyyəli özəl kəsim məntəqələri inşa olunacaq. Çünki, kəsilən heyvanların sağlam olub-olmaması bir yana, sallaqxanalarda sözügedən məhsulların açıq havada satılması dəb halını alıb. Bakı şəhərində havaların qızması ilə yanaşı soyması da müxtəlif problemlər yaradır. Hər gün işə gələndə yol kənarında açıq havada kəsilən heyvan başlarını görəndə insanı dəhşət bürüyür. Axı yüzlərlə, minlərlə insanın gözü qarşısında heyvan kəsmək, qanını axıtmaq nə dərəcədə düzgündür? Bütün bunlar təkcə yaşlı insanların deyil, azyaşlıların da gözü qarşısında baş verir. Əsas məsələ yol kənarında aparılan kəsim işlərinin gigiyena və sanitar normalara cavab verməməsidir. Açıq şəraitdə, asılan ətlərin üzərinə milçək qonur, toz hopur. Çirkab ətlərin kütləvi satılması yüzlərlə, minlərlə istehlakçının həyatını təhlükə altına qoyur. Hazırda paytaxtın demək olar ki, bütün rayonlarında, qəsəbələrində sanitar-gigiyenik normalara cavab verməyən sallaqxanalar var ki, orada hər gün heyvan kəsilib, əti satılır. Kəsilən heyvanın nə dərəcədə sağlam olması bir yana, kəsilmiş heyvanın əti saatlarla isti havada saxlanılır. Bəzi sallaqxanalarda ümumiyyətlə soyuducu yoxdur”.Bakı şəhər Baş Baytarlıq idarəsinin rəisi Aslan Aslanov isə paytaxtda ət satışı bazarında problemlərin aradan qaldırılması məqsədilə mütəmadi iş aparıldığını söyləyir. Aslan Aslanovun sözlərinə görə, Kənd Təsərrufatı Nazirliyi problemi kökündən həll etmək üçün paytaxtın bir neçə yerində nəhəng ət kombinatlarının tikilməsini planlaşdırır. Həmin ət kombinatlarından biri paytaxtın şimal, digəri isə cənub girişində tikiləcək. Bundan sonra paytaxtda fəaliyyət göstərən bütün ət kəsimi məntəqələri tamamilə ləğv ediləcək. Rayonlardan gətirilən iri və xırdabuynuzlu heyvanlar bu kombinatlara aparılacaq. Kəsilmiş ətlər soyuducu avtomobillərlə paytaxtda fəaliyyət göstərən mağaza və ya marketlərə çatdırılacaq.O ki, qaldı keyfiyyətsiz ətlərin satışına,A. Aslanov bəzən bunun ətin satış qiymətinə əsasən söylənilməsinin düzgün olmadığını deyir: "Satışda 5 manata ət görənlər deyirlər ki, bu leş ətdir. Hansı ki, yaşlı inəyin, dişi heyvanın ətnin bir qədər ucuz satılması normaldır”.A.Aslanovun sözlərinə görə, satışda leş ətərin olması, onların restoran və şadlıq evlərinə verilməsi ilə bağlı səsləndirilən iddialar da doğru deyil: "Necə ola bilər ki, keyfiyyətsiz ət restoran, şadlıq evində yüzlərlə insana verilsin. İnsanlar nə yediklərini bilmirlər ki? Üstəlik bu iaşə obyektləri müştəri cəlb etmək üçün çox vaxt körpə quzu əti təklif edir, nəinki, murdar olmuş heyvan ətindən yemək”.