Zahid Oruc: "Məndə ciddi kəşfiyyat məlumatları var"

12-11-2014, 22:13   
Zahid Oruc: "Məndə ciddi kəşfiyyat məlumatları var"

"Quru məkanında artilleriya hücumu hava məkanında baş verən hadisənin əks-sədası eyni deyil. Onu miqyasına görə ermənilər də fərqləndirməyə çalışırlar. Təbii ki, biz Azərbaycanın bütün hava məkanını, o cümlədən, Qarabağın o hissəsini ərazimizin ayrılmaz hissəsi kimi qəbul edirik. Belə olan təqdirdə, Azərbaycan ordusunun həmin helikopteri məhv etmək üçün başqa bir alternativi qalmırdı".

Bu sözləri Arqument.az-a Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Oruc bu gün qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopterinin məhv edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu hadisənin hay-küyü və erməni tərəfinin təhdid, intiqam, revanş götürmək, beynəlxalq dairələrə yardım müraciətləri çox olacaq: "Yəqin, bilirsiz ki, onlar son dövrlər həm Ermənistanda, həm Qarabağda təlimlər keçirirlər. Bunu da xüsusi olaraq Azərbaycan və Türk hərbi hava qüvvələrinin birgə əməliyyatlarına və taktiki planlarına qarşı nəzərdə tuturdular. Hesab edirəm ki, yaranmış bu məlum insident Qarabağ münaqişəsinin gələcək nizamlanması üçün danışıqlar prosesin təsir edəcək. Amma düşünürəm, bunun paralelində səngərdə dayanan, hərbi ağırlığı çiyinlərində daşıyan insanlar dərk edəcəklər ki, yad torpaqda mübarizə aparmağın heç bir mənası yoxdur və bu, onlar üçün hər an təhlükədir".

Z.Orucun fikrincə, ermənilər artıq yaxşı bilirlər ki, bu ilin avqustunda baş vermiş hadisənin təkrarlanması onlar üçün Qarabağda bir xof və qorxu yaradacaq: "Yəni ötən dəfə onların itkiləri çox oldu və dərhal deyildi ki, nədən onların informasiya mənbələri, Sərkisyan rejiminin əleyhinə olan dairələr bundan böyük bir xalq etirazı və rejim əleyhinə aksiyalar təşkil etmədilər? Məndə tam mötəbər və ciddi kəşfiyyat məlumatları mövcuddur ki, həmin itkiləri ermənilər iki-iki basdırdılar və cəmiyyətə onu hissə-hissə təqdim etdilər. Ona görə də birdən-birə kütləvi qətl şoku yaşanmadı".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.