Müştərilərini məhkəməylə hədələyən şirkət – AZERCELL

13-11-2014, 00:13   
Müştərilərini məhkəməylə hədələyən şirkət – AZERCELL

azercelBahalı xidmət, şifrəsi pozulmuş keyfiyyətsiz kontur kartları və yalançı reklam….
Bildiklərini edirlər. “Azercell” bunca tənqidlərə, qanunsuzluqlarının ifşasıyla bağlı yüzlərlə faktlara rəğmən yenə də əvvəlki ampulasındadır. Ölkə mətbuatının bir qismində (mətbuatın əhəmiyyətli hissəsi şirkətin “səxavəti” nəticəsində susdurulub-red) haqqında vaxtaşırı tənqidlərin səslənməsi, ölkənin qanunverici orqanı olan Milli Məclisdə belə “Azercell”-in özbaşınalıqlarının müzakirəyə çıxarılması heç bir nəticə verməyib. Məsələnin aktuallığını nəzərə alaraq ANAXABER.az çoxunun yaralı yeri olan “Azercell” mövzusuna müraciət edib.
Bütün bunlar isə bir daha onu göstərir ki, “Azercell” ictimai rəylə hesablaşmaq niyyətində deyil. Müvafiq orqanların müdaxiləsi olmasa onlar qanunsuzluqlarının son həddinə qədər getmək niyyətindədir. Hər halda fakt faktlığında qalır ki, “Azercell”dən başqa çox az şirkət göstərmək olar ki, o öz müştəriləri ilə məhkəmə dilində danışsın, onları məhkəməyə versin və s. Hər halda biz digər mobil operatorlarla bağlı bunu müşahidə etmirik. “Azercell”lə bağlı hələlik sonuncu belə fakt isə bu günlərdə baş verdi.
Belə ki, aktrisa Tunay Əliyevanın “Azercell”-in iddiası əsasında məhkəməyə çəkilməsi böyük səs-küy doğurdu. Bununla bağlı mətbuata açıqlama verən “Azercell”in mətbuat katibliyi isə hərəkətinə aşağıdakı kimi haqq qazandırmağa çalışıb: “Aktrisa Tunay Əliyevanın borcu olduğuna görə prosedur qaydalarına uyğun olaraq məhkəməyə verilib və məhkəmə onun haqda qərar qəbul edib. Kimliyindən aslı olmayaraq istənilən abonentimizin borcu yaranacağı halda avtomatik olaraq məhkəməyə verilir”.
Biz bu açıqlamaya heç bir əlavə şərh vermək niyyətində deyilik, zatən açıqlamadan da aydın görünür ki, bu abonentlərə qarşı aşkar meydan oxumaqdır: “Kimliyindən asılı olmayaraq borcu olanları məhkəməyə verəcəyik…” – Bərəkallah.
Vətəndaşların məhkəməyə çəkildiyi məqamlardan biri də “Azercell”in 3G data kartları ilə bağlı yaranan anlaşılmazlıqlardır. Öncə bildirək ki, adıçəkilən mobil operator istifadəçiləri aldatmaqla məşğuldur. Əvvəlcədən datakartı pulsuz şəkildə istifadəçilərə paylayırlar və ətraflı şəkildə məlumat vermirlər. İstifadəçilər isə datakartın pulsuz paylandığına görə dərhal alırlar. Bütün fırıldaqlar isə bundan sonra üzə çıxmağa başlayır. Belə ki, datakartı işlədib-işlətməməyindən asılı olmayaraq hər ay 10 manat ödəməlisən. Buna görə istifadəçi məcbur olub 10 manat ödəyir. Hətta ödənilmədikdə istifadəçi məhkəmə salonlarına qədər gedib çıxır. Buna görə başının ağrımasını istəməyən istifadəçi məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olur. Həmin müddət isə nə az,nə çox 10 aydır.
Bundan başqa “Azercell” mobil operator istifadəçilərə ətraflı informasiyalar vermir. Məlumat verdikdə isə onu istehlakçılara elə şəkildə çatdırırlar ki, sadə vətəndaşlar bunu tam qavraya bilmir. Nəticədə isə bu cür fırıldaqçıların qurbanına çevrilirlər. Çox təəssüf ki, vətəndaşlar hüquqlarını bilmədiklərinə görə bu məsələ ilə bağlı aidiyyəti qurumları bilgiləndirməkdən çəkinirlər. Bundan başqa, “Azercell” mobil operatorun digər fırıldağı isə datakart istifadəçilərinin üzərinə əlavə borclar yazmasıdır.
“Azercell”-ə bağlı ciddi narahatlıq yaradan məqamlardan biri də kontur kartlarıdır. Biz bəzi satış məntəqələrində həmin kontur kartlarının dəyərindən 20 qəpik və ya daha baha satılmasından da bəhs etməyəcəyik. Çünki istənilən halda “Azercell” iddia edə bilər ki, bu onların nəzarət edə biləcəyi məsələ deyil-olsun. Yaxşı, bəs həmin kontur kartlarının keyfiyyətinə nəzarət kimin işidir? “Azercell” bu məsuliyyətdən də boyun qaçıra bilməz axı…
Yəqin ki hər kəs müşahidə edib. “Azercell”in kontur kartlarını aldıqdan sonra konturu telefona yükləmək əsl cəhənnəm əzabına çevrilir. Səbəb isə kontur kartlarının üzərindəki boyanı silərkən rəqəmlərin də pozulmasıdır. Bu zaman abonent ya məcburdu ki həmin kartı tullasın, ya da müştəri xidmətində növbəyə dayanara saatlarla vaxtını itirsin. Maraqlıdır ki, kontur kartları ilə bağlı sözügedən problem digər mobil operatorlarda müşahidə olunmur.
“Azercell” düzəldilməsi çox adi olan bu qüsurları aradan qaldırmaq əvəzində özü haqda müxtəlif reklam rolikləri çəkdirməklə məşğuldur. Amma unutmasınlar ki, onların ən böyük “reklamı” zay çıxan kontur kartlarıdı…
Bu anti reklam isə “Azercell”in iflasının başlanğıcı ola bilər.
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.