Kreml bölgəmizə yönəlik son həmlə hazırlıqları içində; Bu iki Qafqaz ölkəsi çoxdan “birləşmiş qablar” kimidir – biri tutulsa, digəri də avtomatik ram olacaq; Avrasiya layihələrinin xilası üçün Putinin 5-6 ay vaxtı qalır, ancaq siyasi ömrü onun “zəfər çələngi” taxmasına yetəcəkmi?..
2014-cü il Rusiya prezidenti Vladimir Putinin cızdığı plan üzrə, Avrasiya layihələrinin tam həcmdə reallaşması ilə yekunlaşmadı. Bunu artıq dəqiqliklə söyləmək olar. Çünki layihələrdə mərkəzi yerin ayrıldığı Ukrayna Moskva üçün əlçatmaz oldu. Beləliklə, 2015-ə Putin “dütdülü”lərlə girməli olacaq.
Ancaq Kreml başçısı üçün “qırmızı xətt”ə hələ var. Öncələrdə qeyd elədiyimiz kimi, gələn ilin 9 mayına - faşizm üzərində qələbənin 70 illik törəninə o, postsovet məkanı uğrunda savaşda Qərb üzərində qəti qələbə ilə, ikiqat zəfər “çələngi” ilə yetişmək niyyətindədir. Yəni cəmi 5-6 ay vaxt qalır. Rusiya iqtisadiyyatının aybaay sanksiyalardan zəifləməsi Putini bir az da tələsdirir. Getdikcə narazılığı artan cəmiyyəti hansısa qələbə ilə sakitləşdirə bilməsə, onun işi gerçəkdən, qəlizləşəcək.
Moskva Ukraynadan əlini üzdüyündən hazırda bu ölkəyə münasibətdə “mənim olmayacaqsa, onda qoy məhv olsun” taktikası ilə Ukraynanın dövlətçiliyini daxildən maksimum dağıtmaqla məşğuldur. Böyük ehtimalla, bu siyasət həm də Qərblə əlverişli siyasi bazarlıq naminə yaxın dönəmdə bütün gücü ilə davam etdiriləcək. Əfsus ki, Kremlin bəzi uğurları indidən görünməkdədir.
“Donbas çətin ki, yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır. Ən yaxşı halda problem dondurula bilər. Əraziyə nəzarət etmək, Donbası qaytarmaq üçün Ukraynaya 4-5 il zaman gərək olacaq”. Ukrayna Təhlükəsizlik Xidmətinin müşaviri Markiyan Lyubovskinin dünən Kiyevdə söylədiyi bu sözlər Ukraynanın mövcud durumunu, bizcə, yaxşı göstərir.
***
Putinin Avrasiya layihələrindən əl çəkəcəyini düşünmək əlbəttə ki, sadəlövhlük olardı. Bu layihələri isə nəzəri cəhətdən indi Azərbaycanla Gürcüstan “xilas edə” bilər. Demək, gələn il, ələlxüsus, ilin birinci yarısında iki qonşu Qafqaz ölkəsi Moskvanın təhdidləri qarşısında ən ciddi sınaqlardan keçməli olacaq. Gürcüstanda hakimiyyət daxilində son baş verənlər bunun xəbərçisi sayıla bilər.
Azərbaycana gəlincə, onun Rusiya ilə münasibətləri göründüyü kimi rəvan deyil. Nə Qarabağ, nə də Xəzər dənizinin statusu məsələsində iki ölkə arasında indiyədək ciddi anlaşma əldə edilməyib. Üstəgəl, Azərbaycan Krımı Ukraynanın tərkib hissəsi sayır və bu mövqeyi BMT-dəki səsvermədə birmənalı şəkildə ortaya qoyub. Qəbələ RLS məsələsində Bakının prinsipial mövqeyi də yada salınsa, belə prinsipiallıqlara görə Moskvanın Bakıdan qisas almaq üçün fürsət gözlədiyini güman eləmək çətin olmaz. Hər halda, əksər analitiklər deyir ki, KQB zabiti Putinin başında daha hansı planların olduğu onun özündən savayı heç kimə bəlli deyil.
Bakının limiti isə azalır. Bir azdan balans siyasəti kara gəlməyə bilər. Sözsüz ki, şimal qonşumuzla əlaqələrin ən çox inkişaf etdiyi sahə - hərbi-texniki əməkdaşlıq və silah ticarəti ilə Bakı həm də Rusiyanın özünə qarşı qıcığını azaltmaq niyyəti güdür. Ancaq dönə-dönə vurğulandığı kimi, Kreml Ukrayna uğrunda savaşda üstünlüklər qazansa, Bakının Rusiyaya ənənəvi reveransları yetərli olmayacaq.
Azərbaycanın silah ticarətində geniş əməkdaşlığı da müstəqilliyimizə şimaldan etibarlı zəmanət anlamına gəlməməlidir. Ermənistan nümunəsi var. Rusiya elə ölkədir ki, aldıqca yenə istəyir və hər dəfə daha böyük güzəşt umur. Müxtəsəri, yaxın aylarda Moskva Qərblə qarşıdurmada uğurlu dirəniş göstərə bilsə və Ukrayna məsələsində geri verməsə, o zaman Azərbaycanın Rusiya ilə şərtlərlə danışması mümkün olmayacaq - nə Dağlıq Qarabağ, nə də digər məsələlərdə. Həmçinin, Gürcüstanın durumu xeyli mürəkkəbləşəcək.
Bu iki Qafqaz ölkəsi isə “birləşmiş qablar” durumundadır: onlardan biri Kremlin nəzarəti altına keçsə, digəri də dərhal ram olacaq. Söhbət əslində klassik anlamda hərbi müdaxilədən də getmir, Ukrayna nümunəsi əsasında birbaşa təhdidlər yolu ilə, daxildə “5-ci kolon”çuları hərəkətə gətirməklə, sərhəd boyu iri hərbi birləşmələr toplamaqla “əzələ nümayiş etdirib” siyasi hədəfə çatmaqdan, yekun olaraq yalnız Rusiyaya biət edəcək rejimlərin iş başına gəlməsinə şərait yaratmaqdan gedir. Bəzi təhlilçilərə görə, proses məhz əldən çıxmaqda olan Gürcüstandan vüsət ala bilər.
***
Bir sıra digər analitiklərin rəy və təxminləri də bu xüsusda xeyli narahatedici tondadır. Məsələn, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Gürcüstan iqtidarı daxilində casus olduğunu bildirərək deyib: “Bu şəxs və ya şəxslər, görünür, hökumətdə önəmli strateji post tutur. Çünki tam məxfi sənədləri və Gürcüstanın son iki ayda imzaladığı mühüm öhdəlikləri hər kəs bilə bilməz. Görünür, kim(lər)sə bu sənədləri Rusiya tərəfinə verir. Gürcüstanda baş tutan istefalar buna işarədir. Kreml Gürcüstanın tam məxfi sənədlərindən xəbər tutmuş olmasaydı, bu gün siyasi böhran yaşanmazdı. Tiflis bu böhrandan çıxmaq üçün öz daxilində ciddi araşdırmalar aparmalıdır. Əks təqdirdə, Gürcüstanda ”Qafqaz baharı"nın yenidən yaşanacağını görə bilərik". Ekspert Gürcüstanda gedən proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcəyi qənaətindədir: “Rusiya bu ölkəni ram edə bilsə, Azərbaycan siyasi və iqtisadi blokadaya düşəcək”.
“Putinin aydın məqsədi var ki, 1721-1917-ci illərdə mövcud olmuş rus imperiyasının mümkün qədər çox hissəsində nəzarəti bərpa etsin”. Bunu isə ABŞ-ın nüfuzlu Cato İnstitutunun baş elmi əməkdaşı, Qlobal İqtisadi İnkişaf İnstitutunun direktoru Riçard Ran “The Washington Times” qəzetində dərc edilmiş məqaləsində yazıb (virtualorg.az).
“Əgər Putin tezliklə birbaşa və ya dolayısı formada Ukraynaya nəzarəti təmin etsə o, çox güman ki, tezliklə Belarusu və Moldovanı bilavasitə idarə etmək, daha sonra Gürcüstana və Azərbaycana keçmək üçün fəaliyyətə başlayacaq. Bu da ona Xəzər dənizi, neft-qaz kəmərləri üzərində nəzarəti təmin edəcək. Bu məqamda Putinin rusdilli azlığı qorumaq adı altında Baltik ölkələrinə müdaxiləyə başlamaq üçün yaxşı mövqeləri olacaq” - müəllif bildirib.
Azərbaycanlı politoloq Vəfa Quluzadə də Rusiya təhlükəsi barədə həyəcan təbili çalır. Sitat: “Rusiya anlayır ki, Azərbaycan qərbyönümlü dövlətdir. Müstəqil Azərbaycanın bünövrəsi Rusiyadan qaçıb, Qərbə inteqrasiya etməkdir. Ona görə də həm NATO-nun, həm Rusiyanın bizə marağı böyükdür. Bu marağın nəticəsi də Amerika-Rusiya qarşıdurmasından asılıdır”.
Quluzadənin sözlərinə görə, Azərbaycanın başqa seçim imkanı qalmayıb: “Azərbaycan məhv olmamaq üçün güclü ilə eyni düşərgədə olmalıdır. 70 il tərkibində olduğumuz Rusiya imperiyasının bizə münasibətini gördük. Bu imperiya azərbaycanlıları sığışdırmaqla bizim torpaqda Ermənistan dövləti yaratdı. Bundan sonra Sovet İmperiyası Zəngəzuru Azərbaycandan alıb ermənilərə verdi. Daha sonra torpaqlarımızda ikinci qondarma erməni dövləti - Dağlıq Qarabağ Muxtar Respublikasını yaratdı. Sovet ittifaqı çökmək ərəfəsində həmyerlilərimiz Ermənistandan zorla qovuldular. Moskvanın siyasəti bizə məlumdursa, biz yenidən Rusiyanı seçə bilmərik”.
***
Yazıda qeyd edilənlər əlbəttə ki, təxəyyül məhsulları deyil. Müşahidələr göstərir ki, postsovet məkanına Rusiya təhlükəsi artıb. Ancaq Putinin Avrasiya layihələrini başa çatdırmaq üçün siyasi ömrü bəs edəcəkmi? Sual həm də budur. Çünki ant-Avrasiya layihələri də artıq işə salınıb.