Səbayelin icra başçısı topun “ağzında

13-11-2014, 11:02   
Səbayelin icra başçısı topun “ağzında
Asif Əsgərov oğlunun törətdiyi avtoqəzanın badına gedir; onun övladının ölümünə səbəb olduğu yeniyetmənin ailəsi istintaqın nəticəsini gözləyir; saxtakarlıq sübut olunsa...
Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çox pis duruma düşüb. Yaxınlarda onu tutduğu vəzifədən azad edə bilərlər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, A.Əsgərov oğlunun törətdiyi qəzanın badına gedir. Yada salaq ki, bu il sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonu, Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” markalı yük maşını ilə 26 yaşlı İlham Asif oğlu Əsgərlinin idarə etdiyi Az 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes S Class” markalı avtomobil toqquşub.

Qəza zamanı maşında olan sərnişin, iş adamı, “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. S.Mirzəyev Bakının keçmiş baş memarı Elbəy Qasımzadənin nəvəsidir. Bundan sonra mərhumun yaxınları ilə A.Əsgərovun münasibətləri kəskin pisləşib. Onun tutduğu vəzifədən kənarlaşdırılması məsələsi gündəmə gəlib. Məlum olur ki, qəza baş verən gün İ.Əsgərli ilə S.Mirzəyev Paintball oyununa gediblər.

Onları mənzil başına Asif Əsgərovun ailə sürücüsü çatdırıb. Qayıdanda isə İ.Əsgərli israr edərək sürücüdən maşını alıb. Sükan arxasına keçib və avtomobili yüksək sürətlə idarə etməyə başlayıb. Döngələrin birində isə idarəetməni itirib və avtomobil yük maşınına çırpılıb. Həmin vaxt İ.Əsgərlinin yanında əyləşən Sənan Mirzəyev ağır xəsarət alıb. Az sonra isə hadisə yerində dünyasını dəyişib. İlham Əsgərlini isə salonun təhlükəsizlik yastıqları ölümdən xilas edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan başçı oğlu dəhşətli qəzadan sağ çıxıb.

Belə məlumatlar var ki, A.Əsgərovun oğlu hazırda Türkiyədə müalicədədir. Qəzadan sonra A.Əsgərov oğlunun sükan arxasında olmadığını rəsmi sənədlərə qeyd etdirə bilib. Lakin S.Mirzəyevin yaxınları bunun belə olmadığını bilirlər. Onlar hadisənin günahkarı kimi Asif Əsgərovun oğlunu təqsirləndirir, istintaqın nəticəsini gözləyirlər. Belə məlumatlar var ki, Mirzəyevlər artıq hüquqi addımlar da atmağa başlayıb. Baxmayaraq ki, icra başçısı və ətrafı müxtəlif vasitələrlə, xahiş-minnətlə Maqsud Mirzəyevi bu fikirdən döndərməyə cəhd edirlər. Sənan Mirzəyevin atasının bu məsələ ilə bağlı hətta dövlət başçısına müraciət etməyə hazırlaşdığı bildirilir.



A.Əsgərovun Dövlət Bayrağı günündə Tərtərdə hərbi hissəyə baş çəkməsi də bu olaydan dolayıdır. Məsələ bundadır ki, Dövlət Bayraq Meydanı Səbayel rayonu ərazisində yerləşir. Bayraq günündə ölkənin dörd bir tərəfindən müxtəlif dövlət qurumlarının nümayəndələri, ölkə rəhbərliyi Səbayel rayonuna, daha doğrusu, rayonun ərazisində yerləşən Dövlət Bayrağı Meydanına baş çəkir. Bu, artıq ənənə halını alıb. Belə bir vaxtda A.Əsgərov Tərtərə üz tutur. Özü də müğənni Rəqsanə ilə birgə. Başqa vaxt rayondakı abadlıq-quruculuq işlərindən danışmağa fürsət axtaran başçının gedişi onun gözdən uzaq olmaq istəyi ilə bağlı olub. A.Əsgərov gözə görünməməklə ona ünvanlana biləcək suallardan, qınaqlardan yayınır. Bilir ki, bu aralarda onu tutduğu vəzifədən uzaqlaşdırmaq üçün hər bir sözü yaxşı bəhanə ola bilər. A.Əsgərov çox çətin durumdadır və avtoqəza məsələsini ört-basdır etməyə nail ola bilmir. Səbəb də sadədir. Zərərçəkən tərəf hakimiyyətin əsas soyadlarından birinə bağlıdır. Əgər istintaq A.Əsgərovun istədiyi sonluqla yekunlaşmasa, onu topun “ağzından” kimsə xilas edə bilməyəcək.



A.Əsgərov Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətovun aqibətini yaşamamaq üçün əlindən gələni edir, lakin istədiyinə nail ola bilmir.

Qeyd edək ki, M.Mədətovun oğlu Mübariz Mədətov idarə etdiyi “Mercedes Gelendewagen”lə xalq artisti Ağasəlim Abdullayevin ailə üzvləri ilə birlikdə olduğu maşına çırpılmışdı. Qəza zamanı A.Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişmişdi. Bundan sonra ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən M.Mədətov tutduğu vəzifədən qovulmuşdu.
Prezidentin qudurğan məmur övladlarına, onların qanuna zidd əməlləri və törətdikləri cinayət hadisələrinə qarşı həmişə kəskin mövqedə olduğunu hamı kimi A.Əsgərov da bilməmiş deyil. Ona görə də oğlunu Türkiyəyə müalicəyə göndərməklə, özünü zərərçəkən tərəf kimi təsdiqlətmək üçün hər vasitəyə əl atmaqdan çəkinmir. Mümkün olacaqmı?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.