Krım-Tatar xalqının məsələləri üzrə müvəkkil, “Pyotr Poroşenkonun bloku”ndan deputatlığa namizəd Mustafa Cəmilov Ukrayna prezidenti Pyotr Poroşenko ilə ölkənin cənub istiqamətində Krım-Tatar batalyonunun yaradılmasının mümkünlüyünü müzakirə edib.
APA xəbər verir ki, bu barədə prezident partiyasının mətbuat xidməti məlumat yayıb.
“Biz prezidentlə cənub istiqamətdə Krım-Tatar hərbi birləşməsinin yaradılması məsələsini müzakirə etdik, çünki Herson vilayətində çox təhlükəli vəziyyət yaranıb. Bu məsələ hələlik müzakirə mərhələsindədir”, deyə Cəmilov bildirib.
Cəmilov əlavə edib ki, hazırda Ukraynanın şərqindəki xüsusi əməliyyatlarda müxtəlif batalyonların tərkibində 450-dək tatar vuruşur.