Müəllimlərə kredit ödətdirən məktəb direktorunun adı daha bir cinayət dosyesində

14-11-2014, 02:00   
Müəllimlərə kredit ödətdirən məktəb direktorunun adı daha bir cinayət dosyesində
Adəm Məmmədov: “Müvəkkilim ağır onkoloji xəstə ola - ola, belə adamların ifadələri əsasında həbs olunub”

“Əli hər yerdən üzülən birisinə notarial qaydada borc pul verəsən, sonra həmin adam müqavilə şərtlərini pozaraq borcu qaytarmaqdan imtina etsin və səni tutub “içəri” salsınlar. Necədir? Harada baş verə bilər bu? ” – vəkil Adəm Məmmədov sualına özü cavab verir. Deyir ki, Azərbaycanda onu təəccübləndirə biləcək bir qanunsuzluq qalmayıb: “Bakı şəhər sakinləri Reyhan Hüseynova, Ceyran Rüstəmova və Mətanət Gülməmmədova ayrı-ayrı vaxtlarda öz tanışları olan 12 nəfərə müxtəlif məbləğlərdə evlərini ipoteka yüklü etməklə notarial qaydada faizsiz borc pul veriblər. Bunlar Bakı şəhər sakinləri Məmmədov Bəxtiyar Lətif oğlu, Abdulov Rəşad Rafiq oğlu, Babayev Elşad Eyyub oğlu, Sadıxova Səkinə Fərrux qızı, Əliyeva Bahar Nadir qızı, Şükürova Gülnarə Aslan qızı, Kərimova Mehriban Yafəz qızı, Rəhimov Ələkbər Səftər oğlu, Murquzov Muxtar Məmmədəli oğlu, Bəkirova Sevda Mirqiyas qızı, Yaqubova Səriyyə İsa qızı və İbrahimov Xaləddin Əli oğludur. 12 nəfərdən 9-u sonradan Allahını və vicdanını danaraq aldıqları pulu qaytarmaq istəməyiblər. Yalnız 3 nəfər Bəkirova Sevda, Yaqubova Səriyyə və İbrahimov Xaləddin bu gün də etiraf edirlər ki, bu adamlardan müqaviləyə əsasən borc pul alıblar və qaytaracaqlar”.

Vəkil borca verilən pulların mənbəyini də açıqlayıb: “Həbsdə olan müvəkkilim və digər təqsirləndirilən 2 il əvvəl şəhərin 28 may küçəsində sökülən evlərinə görə kompensasiya alıblar. Həmin puldan da yaxşılıq məqsədi ilə 12 nəfərə borc veriblər. Notarial qaydada borc verənlə borc alan arasında müqavilə imzalanıb. İndi də bu 9 nəfər, başda Səkinə Sadıxova, qərara gəliblər ki, onlara dar gündə əl tutub pul verən 3 xanımı həbs etdirməklə pullarını həzm-rabedən keçirsinlər. Səbail Rayon Məhkəməsi də borcu mənimsəyənlərin iddiasını təmin edib. Borc verənlərdən Rüstəmova Ceyran və Hüseynova Reyhan barəsində həbs qətimkan tədbiri seçib və 1 saylı Bakı İstintaq Təcridxanasına göndərib. Üstəlik Bakı Şəhər Prokurorluğu İstintaq İdarəsinin müstəntiqləri nədənsə, o 9 nəfərdən soruşmur ki, pul aldığınız xanımları tutdurmaqda məqsədiniz nədir? Yaxşı tutaq ki, o 9 nəfərin hüquq sistemindən başı çıxmır və pulu qaytarmamaq üçün min bir dona girirlər. Bəs, özlərini hüquqşünas sayan İstintaq İdarəsinin müstəntiqləri özlərinə bircə dəfə sual veriblərmi ki, bu boyda haqsızlığa niyə yol veririk? Bakı Şəhər Prokurorluğunun müavini Azər Əsgərov və prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri Cavid Abbasov və Asəm Səfərəliyev zərərçəkənlərlə təqsirləndirilməli olan şəxslərin yerini dəyişməklə hüquq elmində yeni “kəşf”ə imza atıblar”.

A.Məmmədov işdə adı keçən şəxslərin bir neçəsinin adlarının əvvəllər dələduzluq cinayətində keçdiyini də söyləyib: “Muxtar Murquzovla bağlı bütün danışıqlarda onun bacısı İradə Murquzova iştirak edib. O, Xətai rayon 171 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Bu adam məktəbin müəllimlərinə kredit düzəltmək adı ilə dələduzluq əməlinə yol verib və buna görə də işdən azad edilib. Bununla bağlı istintaq materialları da var. Müvəkkilim ağır onkoloji xəstə ola - ola, belə adamların ifadələri əsasında həbs olunub”.

Vəkil deyir ki, C.Rüstəmova və R.Hüseynovanın həbsi motivi Azərbaycan məhkəmə tarixində qara ləkə kimi qalacaq: “Ceyran Rüstəmova onkoloji xəstədir. Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş epikriz də, Türkiyənin Mağusa Yaşam Xəstəxanasının qənaəti də bunu təsdiq edir. Əməliyyata ehtiyac olduğu da müvafiq sənədlərlə təsdiqlənib. Belə bir xəstəni həbs etmək qanunsuzluqla yanaşı, allahsızlıqdır”.

Vəkil deyir ki, istintaq orqanı 2 qadının həbsini zərərçəkənlərdən 3-nün özlərini yandıracaqları haqda hədələrinin qarşısını almaq istəyi ilə əsaslandırıb: “Guya “zərərçəkən”lərdən 3-ü intihar edəcəyini deyiblər. İstintaq orqanları qarşısında şərt qoyublar ki, əgər bu xanımlar həbs olunmasa özlərini öldürəcəklər. Qəribədir, deyilmi? Deməli, sabah mən gedib bir bankı yarıb yüzminlərlə pul götürərəm və məni həbs etməyə gələn istintaqçılara “özümü öldürəcəyəm” deməklə həbsdən qurtarıram. Bankı soymaqla qazandığım pullarla da kef etməklə məşğul olaram. Və yaxud xoşum gəlməyən bir adamın həbsi üçün də bu üsulu seçə bilərəm. Görəsən Bakı Şəhər Prokurorluğu İstintaq İdarəsinin müstəntiqləri, başda Bakı Şəhər Prokurorunun müavini Azər Əsgərov qanunlarla işləyirlər yoxsa hansısa şantaj və hədə ilə? Özü də istintaqçılar şantaj və hədə yolu ilə görün kimi həbs ediblər? Hazırda həbsdə olan Ceyran Rüstəmova və Reyhan Hüseynova borc verdikləri adamlar haqda pullarını qaytarmadıqlarına görə 9 epizod üzrə Abşeron, Xətai və Yasamal məhkəmələrində iddia qaldırıblar. Tam qanuni olaraq həmin məhkəmələr hər iki xanımın iddialarını əsaslı sayaraq təmin edilməsi barədə qətnamə çıxarıb. Borc alan və bunu danan 9 nəfər bununla razılaşmayıb apelyasiya və Ali Məhkəməyə də müraciət ediblər. Guya bu 2 xanım onları aldadaraq notariusda qol çəkdirib, evlərini aldadaraq girov qoydurub və həmin xanımlar onlara bir qəpik də olsun pul verməyib. Ancaq apelyasiya və Ali Məhkəmənin vicdanlı hakimləri rayon məhkəmələrinin haqlı qərarı qüvvədə saxlayıb və iddia icraya yönəlib. Deməli, həmin 9 nəfərin bu xanımlardan pul aldığı (söhbət ümumilikdə bir neçə yüz min manat puldan gedir) bütün məhkəmə instansiyalarında təsdiq olunur. Belə çıxır ki, bu məhkəmə instansiyaları Bakı Şəhər Prokurorluğu İstintaq İdarəsinin müstəntiqlərindən savadsızdırlar...”

Vəkil deyir ki, müstəntiqlər işdə adı zərərçəkən kimi keçən Səkinə Sadıxovanın vaxtilə cəzaçəkmə müəssisənin rəisi işləmiş əri Fikrətlə tanışdırlar: “Bəs bu qədər məhkəmənin çıxardığı haqlı qərarlar görəsən müstəntiqləri niyə bircə dəfə maraqlandırmadı? Bu adamlar insan taleyi ilə oynayırlar. Ceyran Rüstəmovanı açıq-aşkar ölümə məhkum edirlər”.
Vəkil baş prokuror Zakir Qaralovun tezliklə bu biabırçılığa son qoyacağına ümid etdiyini deyib: “Bu qanunsuzluğa yol vermiş Bakı Şəhər Prokurorluğu İstintaq İdarəsinin müstəntiqləri layiqli cəzalarını alacaqlar. O müstəntiqlər ki, haqsız həbs etdikləri Ceyran Rüstəmova və Reyhan Hüseynovanın ev dustaqlığına buraxılmaması üçün qarşı tərəfi məhkəməyə dəvət edərək məsləhət verib ki, hay-küy salsınlar, onların evlərini də guya geri qaytaracaq. Hörmətli baş prokuror Zakir Qaralovun peşəkarlığına, səmimiyyətinə və qanunların aliliyinə hörmətlə yanaşmasına inandığımızdan məsələnin qanuni yoluna həll ediləcəyinə də şübhə etmirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.