Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı daha bir qalmaqallı xəbər yayılıb. Belə ki, bir sıra xəbər portallarında icra başçısı ilə telekanal əməkdaşı arasında söyüşmə həddinə çatan insidentin olması haqda xəbərlər dolaşır. Həmin məlumatlara görə, Beyləqan rayonunda “Bayraq günü” münasibətilə təşkil olunmuş tədbirə qatılan icra başçısı heç kimin gözləmədiyi davranış tərzi ilə diqqətləri üzərinə çəkib.
Məlumata görə, Vaqif Abdullayev rayon sakinlərinin gözü önündə telekanallardan birinin operatorunu küçə söyüşləri ilə söyərək təhqir edib. Təhqir olunan telekanal əməkdaşı isə baş verənlərlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət yazacağını bildirib. Bu arada isə baş verənlərlə bağlı anaxeber.info-a ilginc məlumatlar daxil olub.
ANAEBER.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, insidentdən 1 gün sonra icra başçısı təhqir etdiyi telekanal əməkdaşının yanına adamlar göndərərək məsələni böyütməməsini xahiş edib. Bundan əlavə Vaqif Abdullayev həmin operatorun çalışdığı telekanalın rəhbərinə şəxsən telefon açaraq mövzunun qapadılmasını xahiş edib. Tərəflərin razılığa gəldiyini söyləyən qaynağımız buna baxmayaraq icra başçısının baş verənlərə görə “yuxarılar” tərəfindən danlandığını deyir.
Xatırladaq ki, bu Vaqif Abdullayevin bu qəbildən olan ilk “ÇP”-si deyil. Belə ki, ötən ilin aprel ayında da buna oxşar hal müşahidə olunmuşdu. Həmin vaxt Vaqif Abdullayevlə yerli iş adamı Tərlan Kamaloğlu arasında başlanan münaqişə icra başçısının döyülməsi ilə bitib. Münaqişəyə səbəb isə icra başçısının sahibkardan parkın abadlaşdırılması üçün pul tələb etməsi olmuşdu.