Son 10 ildə Azərbaycanda 2003-cü ildən başlayaraq doğum səviyyəsi tədricən yüksəlib.
APA-nın xəbərinə görə, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub ki, bu dövr ərzində ümumi nəsilvermə əmsalı 1.9 səviyyəsindən yüksələrək 2013-cü ildə 2.2 təşkil edib. Qeyd olunan meyllərin və reproduktiv yaşda olan qadınların sayında və yaş strukturunda baş vermiş dəyişikliklərin nəticəsi olaraq, doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 2013-cü ildə 19 nəfərə qədər artıb.
Bununla yanaşı, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Qeyd olunanlar ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər.
Ölkədə diri doğulanların ümumi sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı 1990-cı ildə 2.6 faiz, 2003-cü ildə 10.5 faiz, 2013-cü ildə isə 14.5 faiz təşkil edib.
Eyni zamanda erkən yaşlarda doğuşlar ana və uşaqların sağlamlığı üçün təhlükə yaradır. Ananın yaşına görə diri doğulanların ümumi sayında 20 yaşa çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların xüsusi çəkisi 1990-cı ildəki 4.7 faizdən 2003-cü ildə 10.6 faizə və 2013-cü ildə 11.1 faizə qədər artıb. Rəsmi statistik məlumatlara əsasən, 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 2003-cü ildə 7 təşkil etdiyi halda, 2012-ci ildə bu göstərici 12 olub.