Yığılan pulların isə kimin cibinə getdiyi məlumdur
Prezident İlham Əliyevin düz iki il əvvəl Nazirlər Kabinetinin iclasında Bakıda yol kənarında avtomobillərin saxlanılması və böyük parkinqlər tikilənədək bu məsələnin tənzimlənməsi barədə göstərişi Bakı meri üçün yeni qazanc yeri oldu. Prezidentin bu iradından “məharətlə” istifadə edən Bakı şəhər meri Hacıbala Abutalıbov özünə yeni biznes yaratmağa başladı. Belə ki, müəyyən olunmuş ərazilərdə parkomatlar quraşdırıldı və sürücülərə burada maşın saxlamağa icazə verildi. “Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, Fransadan gətirilmiş xüsusi parkomatları indi Bakının demək olar ki, əksər mərkəzi küçələrində görmək mümkündür. İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət indi 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi məlumdur.
Parkomatlardan nağd pul, bank və xüsusi kartlar vasitəsilə istifadə etmək mümkündür. Əgər sürücü 4 saatdan artıq avtomobilini müvəqqəti dayanacaqda saxlayarsa, cərimə olunur. Həmin müvəqqəti dayanacaqlara əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin formalı əməkdaşları nəzarət edir, pul ödəməyən avtomobillərə çek yazır və pul xırdalayırdılar. Amma indi onların sayı azalıb və sürücülər bu pulları özləri parkomatlara ödəyirlər. Şəhərdə artıq 500-dən çox nöqtədə quraşdırılan parkomatlarda qiymətləri Bakı Şəhər İcra Hakimiyyəti müəyyənləşdirilir. Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatların quraşdırılması nəzərdə tutulur.
Paytaxtda bu cür “yağlı tikənin” Abutalıbovun nəzarətinə keçməsi hələ o zaman Nəqliyyat Nazirliyinin ciddi narazılığına səbəb olmuşdu. Çünki uzun müddətdir ki, mer şəhər təsərrüfatında nəqliyyat naziri Ziya Məmmədovla bir sıra gəlirli sahələrdə ya şəriklik edir, ya da öz nəzarətinə alır. Məsələn, bu ilin aprelində baş nazirin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldı ki, bu da paytaxtda sərnişindaşıma işini həyata keçirən nəqliyyat naziri Ziya Məmmədovun biznesinə ciddi zərbə idi. O cümlədən yolların təmir və tikintisində də mer nəqliyyat nazirinin “çörəyinə bais olub”.
İndi isə Z.Məmmədov hökumətin paytaxtda tıxaclarla bağlı ciddi narahatlığında istifadə edərək, merlə “köhnə haqq-hesab” çəkməyə başlayıb. Belə ki, Nəqliyyat Nazirliyi rəsmisi bəyan edib ki, paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov nəqliyyatda yaranmış problemlərə görə meriyanı suçlayıb:
“Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir”. (APA)
Ə.Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O, deyib ki, yaxın zamanda Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq.
Paytaxtda parklanma aparılması üçün nəzərdə tutulmuş ərazilərin siyahısının Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu deyən rəis müavini bildirib ki, avtobus dayanacağı ilə qurğuların ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub. Bu açıqlama həm də onu göstərir ki, mer Nəqliyyat Nazirliyindən gələn göstərişlərə əməl etmir.
Qeyd edək ki, rəsmi dövlət qəzetlərində tıxac problemlərinə görə nəqliyyat naziri və Hacıbala Abutalıbov daha tez-tez tənqid olunur. Belə görünür ki, nəqliyyat naziri bu məsələdə günahı olmadığını və Bakıdakı tıxac probleminin səbəbkarı kimi Abutalıbovu hədəfə çıxarır.
Abutalıbov buna nə cavab verəcək?