Atilla Kaya:“Hərb qanunu belə tələb edirdi”; İsa Yaşar Tezel:“Azərbaycanın yanındayıq”
“Azərbaycan ordusunun Ermənistan helikopterini vurması sadəcə Azərbaycan ictimaiyyəti üçün deyil, Türkiyə üçün də sevindirici xəbərdir. Vurulan helikopter Azərbaycanın hava məkanını pozmuşdu və savaş şəraiti həmin obyektin vurulmasın tələb edirdi”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Milliyyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kaya deyib.
Atilla Kaya Türkiyənin CNN Türk və Haber TURK telekanallarında xəbərin “Azərbaycan Dağlıq Qarabağ Ordusunun helikopterini vurdu” kimi keçməsinə də münasibət bildirib: “Bütün bunlar təəssüf doğuran məqamlardır. Fikrimcə, bu məsələni heç bir halda Türkiyənin münasibəti kimi dəyərləndirmək olmaz. Bu, sadəcə bu xəbəri hazırlayanların bilgisizliyi və cahilliyidir. İnsanlar bu məsələ ilə bağlı yetərincə bilgiyə sahib olmadıqları üçün ortaya bu cür yanlış, gərəksiz müzakirələrə səbəb olan məqamlar çıxır. Böyük təəssüflə həm də onu deməliyəm ki, bu gün Türkiyə toplumu Dağlıq Qarabağ torpaqlarının harada olması, Qağlıq Qarabağdan başqa Azərbaycanın hansı torpaqlarının işğal edilməsi haqqında çox az bilgilidir. Ancaq Türkiyə cəmiyyətinin türk dünyası, o sıradan qardaş Azərbaycanla bağlı narahatlıq keçirən hissəsi üçün Ermənistan hərbi helikopterinin vurulması sevindirici xəbər oldu. Biz qısa zaman öncə ön cəbhədəki hərəkətlilik zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı xəbərlərdən necə böyük narahatlıq keçirmişdiksə, indi də prosesi Azərbaycana təəssübkeşliklə izləyirik”.
Atilla Kaya bildirir ki, faktın Azərbaycan toplumunda doğurduğu emosionallıq insanların psixoloji cəhətdən işğal altında olan torpaqların azad edilməsinə hazır olduğunu göstərir: “Azərbaycan torpaqları 20 ildən artıqdır işğal altındadır. Bu zaman içərisində münaqişənin nizamlanması üçün beynəlxalq səviyyədə cəhdlər olub, xüsusi olaraq Minsk qrupu yaradılıb. Ancaq bu təşəbbüslərin heç biri problemin çözümünə səbəb olmayıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib. Bütün dünya qəbul edir ki, bu torpaqlar Azərbaycanındır və gec-tez qaytarılacaq. Bunun savaşdan başqa çarəsi yoxdur. Ermənistan dövləti bu həqiqəti anlamalı və işğala son qoymalıdır. Ermənistan həm də onu anlamalıdır ki, o, tarixi Azərbaycan torpaqları üzərində qurulan dövlətdir. İşğaldan keçən 20 ildə Azərbaycan qüvvətlənib, istənilən sahə üzrə Ermənistan onunla rəqabətə girəcək durumda deyil. Üstəlik Türkiyə də bu məsələdə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan öz torpaqlarının azad edilməsi uğrunda haqq savaşına başlasa heç şübhəsiz Türkiyə, bizlər qardaşlarımızın yanında olacağıq”.
Azərbaycan milli davasının öncüllərindən biri, Ankaradakı Azərbaycan Kültür Dərnəyi başqanının müavini İsa Yaşar Tezel də “Yeni Müsavat”a açıqlamasında Azərbaycan Ordusunun Ermənistan helikopterini vurması faktını sevinclə qarşıladıqlarını bildirib: “Azərbaycan Ordusunun hər uğuru bizim üçün böyük sevincdir. Bu, gecikməyən bir müdaxilə oldu. Bizim arzumuz və niyyətimiz Azərbaycanın işğal altındakı torpaqlarının bir an öncə geri alınmasıdır. Azərbaycan artıq öz potensialına görə böyük və güclü dövlətə çevrilməkdədir. Hərbi sahə güclənir, iqtisadiyyat inkişaf edir. Bu gün Azərbaycan lobbisi dünyada çox uğuru işlər aparır. Düşünürəm ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün potensialı artıq formalaşıb. 22 ildir sürən dinc danışıqlar yolunun Qarabağ düyününü çözməyəcəyi prosesi dərindən izləyənlərə gün kimi aydındır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin tək yolu savaşdır. Hakimiyyət xalqın, müxalifətin dəstəyini alaraq bu savaşı gec-tez başlatmalı, Azərbaycanın üzərindən işğalın ağır yükünü götürməlidir. Bu məqamı, Azərbaycanın cəsarətlə savaşa başlayacağı günü səbirsizliklə gözləyirik. Üzərimizə düşən işləri görməyə hər zaman hazırıq”.
İsa Yaşar Tezel Türkiyənin bir neçə telekanalında vurulun Ermənistan helikopterinin Dağlıq Qarabağ helikopteri kimi təqdim edilməsi xəbərlərinə Azərbaycan Kültür Dərnəyi adından etiraz bildirildiyini də vurğulayıb: “Dağlıq Qarabağ adlı dövlət yoxdur, olmayıb. Qarabağ Azərbaycan torpağıdır. Biz xəbərin bu cür təqdimatına etirazımızı bildirməklə yanaşı, Türkiyə mediasının bütün mənsublarını bu məsələdə xüsusi həssaslıq göstərməyə, qardaş Azərbaycan dövlətini və xalqını narazı salacaq hər hansı məqama yol verməməyə çağırdıq”.