«Azərbaycanda vətəndaş cəmiyyətinə, QHT-lərə hücum məhz Rusiyanın tapşırığı ilə başladı»
Hikmət Hacızadə: «Rusiya diktaturasının çökməsi Azərbaycan demokratiyası üçün əlverişlidir»
Ermənistana məxsus vertolyotun hərbçilərimizin vurması və onun doğurduğu nəticələr hələ də müzakirə predmetidir. Bəzi ekspertlər baş verən hadisənin cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara biləcəyini düşünsə də, fərqli mövqedə olanlar da az deyil. Politoloq Hikmət Hacızadə hesab edir ki, baş verən insident cəbhə xəttində bir müddət gərginliyin yaranmasına səbəb olacaq. Müsahibimizə gündəmdə olan bəzi sualları da ünvanladıq.
- Baş verənin arxasında düşünmürəm ki, böyük hərbi plan dayanır. Vertolyotun vurulması sadəcə olaraq cəbhə xəttində baş verən insidentdir. Bu planlı bir hərəkət olsaydı, biz onun nəticələrini artıq görərdik. Cəbhə xəttində atışmalar olardı, iri hərbi texnikanın hərəkəti müşahidə edilərdi. Bir vertolyotun cəbhə xəttində vurulması iki anlama gələ bilər. Ya Ermənistan tərəfi bizim mövqelər üzərində kəşfiyyat uçuşu edirdilər, ya da ekipaj bu əraziyə səhvən gəlibmiş. Yəqin bir müddət sonra Ermənistan vertolyotunun uçuşunun tam məqsədi aydın olacaq.
- Baş verən insident atəşkəsin pozulmasına və geniş miqyaslı hərbi əməliyyatlara səbəb ola bilərmi?
- Mən böyük müharibə gözləmirəm. Baş verən hadisənin bir revanşı kimi Ermənistan da Azərbaycana məxsus texnikanı vurmağa çalışacaqlar. Hər iki tərəf növbəti dəfə böyük itkilər verəcək. Amma irimiqyaslı əməliyyatlar olmayacaq. Hələlik belə məlumatlar yoxdur. Çünki genişmiqyaslı əməliyyatların aparılması üçün iri qüvvə lazımdır. Hazırda isə biz heç bir tərəfdən iri qüvvələrin sərhəddə çəkilməsini müşahidə etmirik. Bu addımları gizlətmək olmaz. Çünki belə hərəkətlər istər-istəməz diqqəti çəkir.
- Baş verən hadisəyə beynəlxalq təşkilatların münasibətini necə dəyərləndirirsiniz?
- Onlar yenə öz mövqelərini bir daha təkrarlayıblar. Beynəlxalq aləm tərəfləri sülhə çağırır. ATƏT və başqa qurumlar gərginliyi aradan qaldırmağa çalışır. Amma o da nəzərə alınmalıdır ki, beynəlxalq təşkilatlar çoxdan öz təsir güclərini itiriblər. Müünaqişəyə daha çox təsir edə biləcək xarici qüvvə Rusiyadır. Beynəlxalq aləm isə yalnız sülhə çağırış ilə kifayətlənməli olacaq.
“Bəyanatlar Iranın xarici siyasətini əks etdirir”
- Bu günlərdə Iran prezidenti Ruhaninin Bakıya səfəri oldu. O, səfəri zamanı bir sıra mühüm bəyanatlar verdi. Onlardan bəziləri diqqəti cəlb edir. Ruhani bəyan etdi ki, Xəzərdə xarici dövlətlərin gəmilərinin üzməsinə qadağa qoyulması müzakirə olunub. Ruhani ona diqqət cəlb edib ki, Azərbaycanla dini və məzhəb bağlılıqları var, bu əlaqələrdən səmərəli istifadə etmək gərəkdir. Bu mesajlar nəyə xidmət edir?
- Ruhinin açıqlaması iki tərəf arasındakı gərginliyin təzahürüdür. Əgər tərəflər arasında gərginlik olmasaydı prezidentlər səviyyəsində bu cür etiraflar edilməzdi. Ruhani vurğulayıb ki, üçüncü qüvvələr Azərbaycanla Iran əlaqələrinə təsir edə bilməz. Dini əlaqələrə gəlincə, bu, Iranın xarici siyasətinin mahiyyətindən qaynaqlanır. Iran dini dövlətdir və bu məqamlar onun siyasətinin tərkib hissəsidir. Vaxtilə SSRI də kommunizmi təbliğini siyasətinin əsas tərkib hissəsinə çevirmişdi. Iranla Azərbaycan arasında gərginlik var. Xəzərlə bağlı problemlər həll olunmayıb. Iran təhlükəsizliyi ilə bağlı narahatlıq keçirir. Əslində, Iranın narahatlığı əsassız da deyil. Çünki Iran Islam rejimini dağıtmaq Qərbin əsas məqsədlərindən biridir.
- Ruhani Iranın Azərbaycan vasitəsilə Avropaya çıxa biləcəyini bəyan edib. Azərbaycana isə Iran ərazisindən istifadə edərək okeanlara çıxış əldə edə biləcəyini söyləyib...
- Iranın Avropaya çıxış yolları çoxdur. Burada həm Türkiyədən, həm Ermənistandan, həm də su yolundan istifadə etmək olar. Ona görə Azərbaycanın rolu çox şişirdilməməlidir. Iranın Qərblə münasibətləri ABŞ-la aparılan danışıqlar nəticəsində həll olunur. Bu danışıqlar həm gizli, həm də açıq aparılır.
“Rusiya uzun müddət duruş gətirə bilməyəcək”
- Dünya bazarından neftin qiyməti durmadan aşağı düşür. Rusiyanın rublunun məzənnəsi tənəzzül yaşayır. Bunların fonunda Rusiyaya qarşı sanksiyalar da güclənir. Bütün bunlar Rusiyaya nə vəd edir və Rusiya bu təzyiqə nə qədər dözə biləcək?
- Rusiyanın valyuta ehtiyatları var. Rusiya bu ehtiyatların hesabına dözür. Bu siyasət bir-iki il davam edə bilər. Amma sonra Rusiyanı tam iflas gözləyir. Yeni sanksiyalar tətbiq olunmasa, Rusiya bir neçə il duruş gətirəcək.
- Belə hesab olunurdu ki, qış yaxınlaşdıqca qaza olan ehtiyac üzündən Qərbin mövqeyi bir qədər yumşalacaq. Amma bu baş vermədi, əksinə, Böyük Britaniyanın baş naziri Kemeron bəyan edib ki, Rusiyaya qarşı sanksiyaları gücləndirmək lazımdır...
- Rusiyanın sonu yaxınlaşır. Rusiya SSRI kimi diz çökəcək. Amma hər şey Qərbin strategiyasından asılıdır. Təəssüf ki, Qərb qərarı çox gec qəbul edir. Qərb danışıqlar prosesini uzadır, hərbi konfliktlərdən yayınır. Amma qərar qəbul olunandan sonra artıq geriyə yol olmur. Bu zaman Rusiyanın necə mövqe sərgiləməsinin əhəmiyyəti olmayacaq. Hitlerin, SSRI-nin də vaxtında belə idi. Rusiyanın tam şəkildə yerinə otuzdurmaqla bağlı qərar qəbul olunsa, geriyə yol olmayacaq.
“Azərbaycan hakimiyyəti Rusiyanın göstərişi ilə hərəkət edir”
- Belə hesab olunur ki, Putin rejimi postsovet məkanındakı qeyri-demokratik rejimlərin əsas müdafiəçisidir. Və Putin rejimindən sonra bu rejimlərin hamısı müdafiəsiz qalacaq...
- Bu tamamilə haqlı fikirdir. Haqlı olaraq vurğulanır ki, Rusiya keçmiş SSRI məkanındakı qeyri-demokratik rejimlərin əsas müdafiəçisidir. Rusiya aradan çıxdıqca postsovet məkanında demokratik inkişaf yolu daha da asanlaşacaq. Məhz Rusiyanın tapşırığı ilə Azərbaycanda vətəndaş cəmiyyətinə, QHT-lərə hücum başladı. Əslində bu tədbirlər lüzumsuzdur. Əgər Qərb həqiqətən Rusiyanın nüfuzunu azaltmağa, postsovet məkanında hakimiyyətlərdən hansınısa devirməyə pul ayırmaq istəyirsə, bunu başqa yollarla da etmək olar. Rusiyanın təsiri başqa məqamlarda da özünü göstərir. Rusiyanın Dövlət Duması hansı axmaq qərarı qəbul edirsə, Azərbaycanda da o təkrarlanır. “Azadlıq” radiosu Rusiyada FM dalğasından çıxarılandan sonra eyni addımı Azərbaycan da atdı. Azad mətbuatın boğulması da Rusiyadakı proseslərin təkrarıdır. Bu, Rusiyanın anti-demokratik təsiridir.
- Rusiyanın zəifləməsi Azərbaycan hakimiyyətinə necə təsir edəcək?
- Azərbaycan hakimiyyəti ilə bağlı çox şey dəyişə bilər. Rusiya çöksə, Putinin yerinə demokratik lider gəlsə, Azərbaycan diktaturası daha Kremlə arxalana bilməyəcək. Azərbaycan hakimiyyəti nəticədə islahatlar aparmağa məcbur olacaq. Ona görə Rusiya diktaturasının çökməsi Azərbaycan demokratiyası üçün əlverişlidir.
“Azərbaycan hələ də mövqeyini təyin etməyib”
- Amma Rusiyanın çökməsinin fonunda Azərbaycan hakimiyyəti daxildə daha da aqressiv siyasət aparır. Belə bir aqressiv siyasətin yürüdülməsi nədən xəbər verir...
- Bu, keçid dövrünün təzahürüdür. Çünki Azərbaycan hələ də mövqeyin təyin etməyib. Rusiya tam çöksə, aqibətimiz necə olacaq? Bu sualın cavabı bilinmir. Ona görə hələ ki, Rusiya gücünü tam itirməyib. Belə olan halda isə Rusiyanın sözü bunlar üçün keçərlidir.
- Azərbaycan cəmiyyəti, müxalifəti elə düşünürdü ki, Azərbaycandakı insan haqları pozuntularına adekvat yanaşılmır. Amma bir neçə gün öncə Azərbaycandan olan siyasi məhbuslara Saxarov mükafatı verildi. Görünən odur ki, dünya Azərbaycan reallıqlarını olduğu kimi görür. Bunun nəticəsi necə olacaq?
- O baş verir ki, dünyada güc nisbəti dəyişir. Qərb ona görə bir qədər susqun yanaşırdı ki, Azərbaycanın starteji əhəmiyyəti var idi. Amma Qərbdə ictimaiyyət dövlət siyasətinə təsir edir. Bu faktor müəyyən dəyişikliklərə səbəb oldu. Çünki demokratik Qərb ictimaiyyəti adətən əxlaqlı siyasət istəyir. Ona görə Azərbaycan hakimiyyəti hədəfə alınıb.
- Gələn il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Eyni zamanda Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi eədəcək. “Eurovision” yarışması zamanı olduğu kimi Azərbaycanın beynəlxalq aləmin gündəminə gəlməsi nə vəd edir?
- Qərbdən, beynəlxalq aləmdən hələlik ciddi bəyanatlar gəlir. Bu bəyanatlar hər ötən gün daha da sərtləşir. Amma konkret sanksiyalar barədə qərar yoxdur. Sanksiyalar olacaqsa, durum dəyişəcək.
- Amerikanın iki tanınmış diplomatı Kozlariç və Kremer bəyan edib ki, Azərbaycanla sanksiya dilində danışmaq lazımdır. Bu açıqlama nəyin təzahürüdür?
- Əgər beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiyalar barədə danışılırsa, bu o deməkdir ki, sanksiyaların tətbiqi yaxınlaşır. Amma sanksiyaların konkret nə vaxt tətbiq olunacağı bilinmir. Qərb səhv addımlar atmaq istəmir. Ona görə qərarın qəbuletmə zamanı uzadılır. Amma qərarın qəbulu çox sərt olur.