Baş Prokurorluq və DIN-dən adam oğurluğuna reaksiya

15-11-2014, 11:54   
Nina Baskakovanın başına gələnlər araşdırılacaqmı?

Baş Prokurorluq və Daxili Işlər Nazirliyi (DIN) Bakı sakini Nina Baskakovanın iddialarına münasibət bildirib. Qeyd edək ki, Nina Baskakova “Azadlıq”a açıqlamasında bildirib ki, evi əlindən alınıb. Onun sözlərinə görə, Valya və Elizbar Ramazanov adlı şəxslər onun aldadaraq Rusiyanın Krasnodar diyarına aparıb. Pasportu və evinin sənədləri əlindən alınıb.

Daha sonra həmin şəxslər onu Adıgey Respublikasında bir evə aparıblar, özləri isə “yox”a çıxıblar. Nina Baskakova oradakı insanların köməyilə Rostova qardaşının yanına gedib. Araşdırmalar zamanı bəlli olub ki, həmin şəxslər 20 nəfər tənha yaşayan yaşlı insanları Azərbaycandan Adıgey Respublikasına gətirərək evlərini ələ keçiriblər. Nina Baskakova qardaşının köməyilə Bakıya qayıdıb. Bakıda tələbəsini taparaq başına gələnləri ona danışıb. Tələbəsi onu Nəsimi Rayon Polis Idarəsinin 20-ci polis bölməsinə aparıb. 20-ci bölmədə onları Orxan adlı təhqiqatçı dinləyib. Nina Baskakova oğurlandığını, Adıgey Respublikasına aparıldığını və evinin ələ keçirildiyini bildirib. Lakin ondan hər hansı izahat alınmayıb. 20-ci bölmədən çıxandan sonra bu əməli törədənlər onun tələbəsinə zəng vurub hədələyiblər. Nəhayət, Nina Baskakova və tələbəsi tanınmış vəkil Aslan Ismayılovun yanına gəlib. Aslan Ismayılov əvvəlcə onların danışdığına inanmayıb. Lakin araşdırmalardan sonra Nina Baskakovanın dediklərinin həqiqət olduğunu öyrənib.

Aslan Ismayılov ahıl qadını Nəsimi rayonunun prokuroru Salman Məmmədlinin qəbuluna aparıb. Salman Məmmədli baş verənlərin araşdırılmasını üçün Nəsimi Rayon Polis Idarəsinin Babək adlı müstəntiqinə tapşırıb. Nina Baskakovadan izahat alınıb. Lakin polis idarəsindən çıxandan sonra bu dəfə Aslan Ismayılova zənglər gəlməyə başlayıb. Nina Baskakovanın evini ələ keçirənlər vəkilə hədə-qorxu gəlib.

Hazırda Nina Baskakova gizlənir. O, həyatının təhlükədə olduğunu deyir.


Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a açıqlamasında bildirib ki, istənilən vətəndaş pozulmuş hüquqlarının bərpasıyla əlaqədar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edə bilər: “Vətəndaş iddia edirsə ki, hüquqları pozulub, o, müvafiq qaydada əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edə bilər”.

DIN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə sözügedən faktla mətbuat vasitəsiylə tanış olduğunu deyərək məsələ barədə araşdırma aparandan sonra açıqlama verəcəyini söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.