Media helikopteri vuran hərbçini niyə təhlükə altında qoyur?

15-11-2014, 12:00   
Media helikopteri vuran hərbçini niyə təhlükə altında qoyur?Bəs Ramiz Mehdiyevin media rəhbərlərinə direktivləri harda qaldı?

Yəqin ki, hamınızın yadındadır. Bir müddət öncə PA rəhbəri Ramiz Mehdiyev media mənsublarını bir məkana toplayıb, tövsiyə və tənqidlərini dilə gətirmişdi. Jurnalistlərlə keçirilən bu müşavirə cəbhədə atəşkəsin pozulmasından sonrakı günə təsadüf edirdi. Belə ki, həmin günlər cəbhə bölgəsində tərəflər arasında qızğın döyüş getmişdi və 20-dən artıq hərbi qulluqçumuz həlak olmuşdu.

Ramiz Mehdiyev də bu müşavirəni keçirərək informasiya agentliklərini hərbi sirləri yaymaqda ittiham etmişdi. O bildirmişdi ki, belə xəbərlərin yayılması dövlətçiliyə xəyanətdir və bütün hüquqi normalara ziddir. Hətta, bu müşavirədə imkan tapıb “Azadlıq” qəzetinin də ünvanına tənqidlər yağdırmışdı. Yadınızdadırsa, həmin günlər rayonların işğaldan azad olunması, hərbi texnikanın cəbhə bölgəsinə yeridilməsi kimi xəbərləri hökumətin himayəsində olan, mətbəxindən qidalanan mətbuat orqanları yaymışdı. Təbii ki, biz həmin dövrdə haqqımızda deyilənlərə arqumentlərlə cavab verdik.

Bütün bunları niyə xatırladırıq? Noyabrın 12-də yerli vaxtla saat 13:45 radələrində Ermənistan-Azərbaycan cəbhəsinin Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri Azərbaycan mövqelərinə yaxın ərazidə vurulub. Helikopterin üç nəfərlik ekipajı həlak olub.


Artıq 3 gündür bu xəbər gündəmin əsas mövzusuna çevrilib. Ən pisi odur ki, bu helikopteri vuran hərbçinin fotolarını, bioqrafiyasını gecə-gündüz tirajlayır. Əsasən hökumətin nəzarətində olan saytlar və sosial şəbəkədə hökumətin nəzarətində olan səhifələr vasitəsilə bu xəbər yayılır.

Bir hərbçinin həyatını təhlükəyə atmağa, düşmən tərəfə hərbçimizin koordinatlarını verməyə nə ehtiyac var?

“Azadlıq” qəzetini etmədiyi əmələ görə suçlayan vətənpərvər rəhbərlər indi niyə susur? Ramiz Mehdiyev bu xəbəri yayanları niyə “ermənipərəst”, “vətən xaini” adlandırmır?

Rəsmi qurumlar “bu xəbəri yaymaq olmaz” kimi mesajlarla vəzifəsini bitmiş hesab edir. Ancaq bu xəbəri yayan mətbu orqanlar göz önündədir və onların bu təbliğatına son qoymaq çətin iş deyil.

Düşmənin hərbi təyyarəsini vuran əsgərimiz qəhrəmanlıq edib şücaət göstərib. Amma onun fotolarını paylaşıb, qisas almaq istəyən düşmənin işini asanlaşdırmaq olmaz.

Bəzi özünü ağıllı hesab edən media orqanları isə, daha da uzağa gedərək, həmin hərbçinin ailəsindən reportaj hazırlayıblar.

Bu təbliğatın aparılması həmin hərbçinin həyatı ilə oyun oynamağa bənzəyir.

Rusiya kimi böyük ölkə Ukraynanın bir hissəsini işğal edib. Amma Putin gecə-gündüz israrla deyir ki, Ukraynanın sərhədlərində rus qoşunları yoxdur. Yəni bu kimi xəbərləri təsdiqləməyi hünər saymırlar. Bizimkilər isə açıq formada hərbçini mükafatlandırır, şəninə təriflər söyləyir və bunu ictmaiyyətə nümayiş etdirirlər. Üstəlik, vertolyotun hansı silahla, necə vurulduğunu da aydın şəkildə tirajlayırlar.

Tutalım sabah müharibə başladı. Bütün cəsur əsgərlərin bir-bir koordinatlarını düşmənə verməkləmi məşğul olacağıq? Müdafiə Nazirliyi hərbçini beləmi müdafiə edəcək?

Indi, hökumətin başında oturub, məsləhət vermək eşqinə düşənlər öz münasibətlərini ifadə etsinlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.