İtaliya mətbuatı helikopterə görə Ermənistanı qınadı
“Ukrayna hadisələri Qafqazda Dağlıq Qarabağ münaqişəsinin alovlanması ehtimalını unutdurub. Hərçənd Ermənistan ordusunun qondarma “Dağlıq Qarabağ Respublikası”nın adına çıxdığı hərbi helikopteri Azərbaycan səmalarında uçurtması və qarşı tərəfin onu vurması unudulmuş post-sovet müharibəsinin yenidən qızışa biləcəyi ehtimalını gücləndirir”.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” nəşri Azərbaycanın hava məkanını pozan erməni helikopterinin hərbçilərimiz tərəfindən vurulmasını şərh edərkən yazıb.
Nəşr 1988-ci ildə ermənilərin azərbaycanlıları doğma yurdlarından çıxarılması və ərazi iddiaları nəticəsində başlanan Qarabağ münaqişəsinin SSRİ-nin “xalqlar dostluğu” mifini dağıtdığını yazıb: “25 il əvvəl başlanan münaqişə dondurulmuş vəziyyətdə qalır. Ermənistan qondarma “DQR” yaradıb. BMT qətnamələrini yerinə yetirmir. Helikopter olayı hadisələrə bir daha nəzər salmağı məcbur edir. Ermənistan təyyarələrini Azərbaycan səmasında uçurtmaqla nə demək istəyirdi? Yerli ekspertlərə görə, Paris görüşündən sonra 40 minlik erməni ordusunun Dağlıq Qarabağda hərbi təlimlərə başlaması Bakıya qarşı əzələ nümayişi idi. Məqsəd həm də növbəti təxribata start vermək olub. Bakı helikopteri vurduğunu inkar etmir.
Çünki bu ərazilər beynəlxalq hüquqda, dünyanın ən ali orqanı BMT tərəfindən Azərbaycan torpaqları hesab olunur. Belə olan təqdirdə, Bakı nə üçün helikopteri vurduğunu inkar etməlidir? Erməni tərəfi isə Azərbaycanı adekvat cavab verməkdə hədələyir. Dünya gücləri tərəfləri sakit olmağa çağırır. Lakin bu toqquşma növbəti müharibənin qığılcımı ola bilər. Bəzi şərhçilərə görə, Qafqazda unudulmuş münaqişə Ukrayna müharibəsinin əks-sədası ola bilər. Xüsusilə, Bakı və İrəvan qarşıdurmasında Ermənistanı dəstəkləyən Moskvanın addımları buna zəmin yarada bilər. Ötən ay Ermənistanın Avrasiya İttifaqına qoşulması haqqında qərarın qəbulu İrəvanı Rusiyaya daha çox yaxınlaşdırdı”.