Azərbaycan səmasında işğalçı erməni vertolyotu vurulandan sonra düşmən tərəfi hələ də özünə gələ bilməyib və hədələr yağdırmaqda davam edir. Bu yöndə ən ağlasığmaz və Ermənistanın ola-qalan dövlətçiliyini məhvə aparacaq sərsəm təkliflər də səslənməkdədir.
Məsələn, Levon Şirinyan ad-soyadlı politoloq təklif edir ki, “Azərbaycanı cəzalandırmaq üçün bu ölkənin kommunikasiyalarına zərbə endirilsin”. Təbii ki, kommunikasiya deyəndə bura strateji neft-qaz kəmərləri də daxildir.
İşğalçı qüvvələrin hələ də vurulan vertolyota yaxınlaşa bilməməsindən hiddətlənən erməni deyib: “Erməni hərbçiləri önləyici tədbirlər görməli, düşmənin təxribatını gözləməli deyillər. Azərbaycan tərəfinin hərəkətlərinə adekvat cavab kimi bu ölkənin kommunikasiya xətlərinə zərbələr də endirilə bilər”.
Şirinyan son hadisələrdə Türkiyənin “əlinin olduğuna” da əmindir və insidenti avqust olaylarına görə revanş cəhdi hesab edir.