Tanınmış rusiyalı müğənni, əfsanəvi “Maşina vremeni” qrupunun yaradıcısı Andrey Makareviç Rusiya xalqının müharibəyə hazırladığını bildirib. Musavat.com-un məlumatına görə, bu barədə o, özünün facebook səhifəsində yazıb.
“Bir neçə günlüyə doğma ölkəmi tərk edirəm (müxtəlif işlərə görə, müxtəlif istiqamətlərdə). Bu 2-3 gün kifayətdir hiss edəm ki, bütün dünya hər cür böhrana rəğmən başqa cür yaşayır – gülümsəyir, sakitcə işləyir, sevir...” – qeyd edib sənətçi.
“Bizim xalqı müharibəyə hazırlayırlar – balta ilə, qəddarcasına. Atam mənə danışırdı ki, “1939-cu ildə (o il o, orta məktəbi bitirirdi) hamı bilirdi ki, müharibə olacaq, ancaq qısa, qalibiyyətli və yad ərazilərdə”. Eynilə elə də oldu – xatırlayanlar bilir. İlahi nə vaxt qurtaracaq bu?” – sual edir Makareviç.
Müğənni Rusiya rəhbərliyinə başqa sual da ünvanlayıb: “Bir də ki, mən axmağa bir izah edin görək, əgər neft ucuzlaşırsa, onu satan istənilən ölkədə benzin də ucuzlaşır, axı onu neftdən alırlar. Bizdə - bahalaşır. NECƏ YƏNİ?”
Yada salaq ki, Makareviç Putin siyasətinin, Rusiyanın Ukraynaya müdaxilənin qatı əleyhdarı kimi çıxış edir və bu səbəbdən öz ölkəsində ura-patriotlar və rəsmi dairələr tərəfindən gözümçıxdıya salınıb. Onun hətta Bakıdakı konserti də ləğv edilmişdi.