Neft gəlirlərinin şəffaflığının təmin olunması təbii ehtiyatlarla zəngin ölkələrdə korrupsiya ilə mübarizənin əsas elementlərindən biridir. Kanadanın Makgil universitetində araşdırmaçı alim, siyasi elmlər doktoru, professoru Kərəm Öge neftlə zəngin qeyri-demokratik ölkələrdə şəffaflığın perspektivləri ilə bağlı tədqiqat aparıb. Tədqiqatın nəticələrinə görə, ictimai məsuliyyətin olmadığı və vətəndaş cəmiyyətinin fəallığının məhdudlaşdırıldığı şəraitdə ciddi islatların aparılması çətinləşir. Professor KərəmÖge Amerikanın Səsinə Skype müsahibəsində Azərbaycanda neft gəlirgələrinin şəffaflığı və korrupsiya ilə bağlı tədqiqatından danışıb.
Professor Kərəm Öge Azərbaycanda təbii ehtyatların istismarı sahəsində müvəffəqiyyətlərə baxmayaraq, yaxşı idarəçilik, qanunun aliliyi kimi fundamental prinsiplərə əməl olunmasında problemlərin mövcud olduğunu deyib. Onun gəldiyi əsas nəticələrdən biri odur ki, EITI (Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü) beynəlxalq təşkilatına üzv olan ölkələr kimi Azərbaycanda da neft gəlirlərinin şəffaflığı siyasətinin əsasında xarici investorları razı salmaq istəyi durur.
Professor Kərəm Öge Azərbaycanda şəffaflığın təmin edilməsində əsas maneələrdən danışaraq, həm xarici, həm də daxili mənbələrdən qaynaqlanan faktorları qeyd edib. Onun sözlərinə görə, EITI (Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü) beynəlxalq təşkilatı gəlirlərdən necə istifadə edilməsi deyil, yalnız gəlirlərin şəffaflığına diqqət göstərir. "EITI prosesinin bir məhdud tərəfi də ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti SOKAR bu prosesdən kənardır. SOKAR-ın gəlirləri EITI prosesinə daxil edilmir. SOKAR-ın da Azərbaycan üçün nə qədər önəmli olduğunu və şirkətini gücünü bilirik. Ona görə də bu şirkətin daxil olmadığı şəffaflıq prosesi tam şəffaf ola bilməz.”
Azərbaycanın özünün daxili problemlərinə toxunan professor Kərəm Öge neft gəlirlərinin şəffaflığı ilə bağlı siyasi hesabatlılığın mövcud olmamasını qeyd edib:”Neftlə bağlı bütün qərarlar ən yüksək səviyyələrdə çıxarılır və parlamentin, xalqın və vətəndaş cəmiyyətinin bu qərarlara heç bir təsiri olmur və ümumiyyətlə, bəzən heç bundan xəbəri də olmur.”
Kərəm Öge qeyri-hökumət təşkilatlarının zəif olduğunu göstərərək, QHT-lərin "Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü” prosesində mühüm rol oynadığını bildirib. "Lakin Azərbaycanda QHT-lərin son zamanlarda bu məsələdə fəaliyyətinin çətinləşdiyini görürük. Xüsusilə də, xarici QHT-lərin işinə müdaxilələr haqda xəbərlər verilir. Buna misal olaraq "Transparency International” şəffaflıq təşkilatının Azərbaycan şöbəsinə müdaxilənin şahidi olduq.” Professor Kərəm Öge son zamanlar vətəndaş cəmiyyətinin fəalliyyəti ilə bağlı problemlərin EİTİ "Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü” beynəlxalq təşkilatının rəhbərliyinin diqqətini cəlb etdiyini və hadisələrin eyni şəkildə cərəyan edəcəyi halda, Azərbaycanın qurumda üzvlüyü məsələsinin sual altına biləcəyini qeyd edib.
Professor Kərəm Öge son iyirmi il ərzində Xəzər dənizi hövzəsində enerji ehtiyatları ilə zəngin üç ölkə-Azərbaycan, Qazaxıstan və Tükmənistanda neft gəlirlərinin şəffaflığı məsələsini müqayisəli şəkildə tədqiq edib. O, Qazaxıstanda şəffaflıq, yaxşı idarəçilik sahəsində vəziyyətin və investisiya mühitinin Azərbaycandan daha yaxşı olduğunu, lakin Azərbaycanın EİTİ prosesində daha yüksək inkişaf göstərdiyini bildirib. O bunun səbəbini Azərbaycanın Qərbdən investisiyalara daha çox ehtiyacı olması ilə izah edib. Tədqiqatçı alim Türkmənistanda şəffaflıq sahəsində vəziyyətin həm Qazaxıstan, həm də Azərbaycandan geri qaldığını deyib.
Adətən təbii ehtiyatlarla zəngin ölkələr nəzərdə tutularaq verilən "neft lənətdir, yoxsa nemət” sualının cavabında professor Kərəm Öge cavab verib ki, bu neftin olub-olmaması deyil, təbii ehtiyatlardan necə istifadə edilməsilə bağlıdır: "Azərbaycan üçün ikisi də ola bilər. İstərsəniz nemət olur, istərsəniz bəla. Norveç, Amerika, Kanada və Böyük Britaniya kimi ölkələrə baxdıqda neft mühüm önəmli şəkildə onların inkişafı və zənginləşməsinə kömək edib. Eyni zamanda, Körfəz ölkələrinə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və ya Küveytə baxsaq, onların indiki dövrdə zəngin ölkələrə çevrilməsi neftsiz mümkün olmazdı. Lakin İran, İraq, Liviya, Venesuela və Nigeriya kimi ölkələrə baxdıqda neftin burada bir sıra problemlərə yol açdığını görürük. Məncə, burada neftin varlığı deyil, ondan necə istifadə edilməsi mühümdür. Burada dövlətin və bürokratiyanın nə dərəcədə effektiv olması, qurumların nə qədər şəffaf və demokratik olması mühümdür. Yəni xalqın xüsusilə də neft gəlirləri məsələsində öz fikrini bildirmək hüqüqu nə qədər çox olursa, bu, neftin daha çox nemət olmasına kömək edir. Hal-hazırda yaxşı işləyən dövlət təsisatları varsa, o zaman da neft sizin üçün böyük nemət ola bilər. Neftin nemət olması üçün dövlət sisteminin daha effektiv olması, xalqın rifahına xidmət etməsi lazımdır. Amma vəziyyət belə deyilsə, neftin korrupsiya, avtoratizm və münaqişələrə yol açdığını da bilirik. Azərbaycanda buna diqqət yetirməlidirlər. Burada ən önəmlisi, xalqın neft gəlirləri məsələsində öz sözünü deməsi üçün daha üstün hüquqlara malik olması və neft gəlirlərinin gələcək nəsillər üçün saxlanmasından ibarətdir.”
Professor Kərəm Öge neftdən gələn yüksək gəlirlərinin tez zamanda xərclənməsi deyil, bu gəlirlərin gələcək nəsillərin inkişafı və tərəqqisi üçün qorunub saxlanmasını düşündüyünü bildirib.