Əlillər “Qış parkı”ndakı yeraltı keçidlərdə onların hərəkətini asanlaşdırmaq üçün quraşdırılan aparatlardan istifadə edə bilmir. Çünki onlardan istifadə uzun və ağır prosedurdur.
Bu çətinliyi nəzərə alan əlillər aparatlardan istifadə etmir. Əlillərin rahatlığı üçün quraşdırılan aparatlara məsul şəxslər isə onların bu cür çətinliklə işləməsini özlərinə sərf edən şəkildə izah edir.
Bakıdakı əksər yeraltı keçidlərdə əlillər üçün xüsusi pilləkənlər quraşdırılıb. “Qış parkı”nda isə pilləkənlərdən əlavə əlillərin istifadəsi üçün müasir aparatlar da var. Bu aparatlar yalnız bu parkda olan 7 yeraltı keçiddədir. 2013-cü ildə istifadəyə verilən “Qış parkı” Bakının ən böyük parkıdır.
virtualaz.org saytının müxbirləri həmin aparatlardan istifadə qaydaları, əlillərin qarşılaşdığı çətinliklərlə yerindəcə tanış olmaq üçün “Qış parkı”ndakı keçidlərə baş çəkib.
“Qış parkı”nın Füzuli meydanı tərəfdəki (“Beşmərtəbə”də) yeraltı keçiddə müasir aparatlar quraşdırmaqda məqsəd əlillərin xüsusi pilləkənlərdən istifadəsini asanlaşdırmaqdır. Bu aparatlar əlillərin pilləkənləri rahat qalxıb-düşməsinə yardımçı olmalıdır. Amma olurmu?
Keçiddəki aparatdan istifadə etmək istədik. Amma o işləmirdi. Aparatın üstündəki “alarm” düyməsinə basıb gözlədik. Lakin nə aparat işlədi, nə də “alarm”a hay verən oldu.
Elə bu vaxt parkın mühafizəçilərindən biri yaxınlaşıb aparata niyə toxunduğumuzu soruşdu. Mühafizəçiyə əlil arabasında olan şəxsin bu aparatdan necə istifadə etdiyini öyrənməyə çalışdığımızı dedik.
Aldığımız cavab belə oldu: “Aparat açarla bağlanıb. Onu yalnız əlillər gələndə açırıq. Əgər əlil gəlsə, ofisə zəng edirəm, açarı gətirirlər”.
Ofisin harada olduğunu, açarın neçə dəqiqəyə gətiriləcəyini soruşduq. Mühafizəçi ofisin parkın o başında olduğunu, açarın 10-15 dəqiqəyə gələcəyini dedi. Qeyd edək ki, parkın uzunluğu 1 km-dir.
Bu anlaşılmaz məsələni aydınlaşdırmaq üçün “Qış parkı”nın Nəzarət İdarəsinə yollandıq. İdarədən and-aman elədilər ki, aparatların hamısı işləyir, sadəcə açarları üstündə saxlaya bilmirlər. Səbəb kimi isə bunu göstərdilər: parka gələn avaralar, təsadüfi adamlar, uşaqlar açarları oğurlamasın və aparatları gərəksiz yerə işlətməsin.
İdarənin ofisi “Qış parkı”nın Heydər Əliyev adına Sarayın arxa hissəsindəki çıxışındadır. Buradakı aparatdan istifadə etmək istəyən əlilin işi bir az asandır. Çünki ofis bu aparatlara yaxındır və ən azı onun səsinə səs verən olacaq. Lakin əlillərin parkın digər başında, 1 km aralıda olan aparatdan necə istifadə edəcəyi sual yaradır. Yəni əlilin səbri varsa, bir park işçisini tapması, ofisə xəbər verməsi, açarın gəlməsi və s. üçün azı 30 dəqiqə gözləməlidir.
“Qış parkı”nın texniki sahə üzrə müfəttişi Mətləb Mehbalıyev yaranan anlaşılmaz, daha doğrusu, gülməli vəziyyəti belə izah etdi: “Yaxınlıqdakı binaların uşaqları, “kley” iyləyənlər axşam keçidlərə girib aparatların açarlarını oğurlayır. Park təzə istifadəyə veriləndə aparatların açarı üstündə olurdu. Onlar da aparatları lazımsız yerə işlədirdi. Söz yox, parkda nəzarət kameraları var. O uşaqları tuturuq. Amma yenə gəlirlər. Ona görə də məcbur olub açarları aparatın üstündə saxlamırıq”.
M.Mehbalıyevə aparatdan istifadə etmək istəyən əlillərin xeyli gözləməli olduğunu xatırlatdıq. Cavabı belə oldu: “Başqa çıxış yolumuz yoxdur. Bizə xəbər verilən kimi ən qısa zamanda əlillərə kömək etməyə çalışırıq. Parkda nəzarətçilər var. Aparatların üzərində “alarm” düyməsi var. Aparatdan istifadə etmək istəyən əlil bu düyməni basanda ofisə siqnal gəlir. Biz də işçiləri dərhal o keçidə yollayırıq”.
Lakin M.Mehbalıyevin dediyinin şahidi ola bilmədik. Aparatların üstündəki “alarm” düyməsinə nə qədər bassaq da harayımıza gələn olmadı. Dərdimizi demək üçün ətrafda nəzarətçi də görmədik.
Əlillərin istifadə edə bilmədiyi bu aparatların necə işlədiyini öyrənmək istədik. Sağ olsunlar, idarənin əməkdaşları bu istəyimizə “yox” demədilər.
Amma bu dəfə lap komik vəziyyət yarandı. Gün ərzində demək olar ki, bircə dəfə də istifadə edilməyən, heç açarı da üstündə olmayan bu aparatlar başda rəis Mehdi müəllim olmaqla idarə işçilərini pis vəziyyətdə qoydu. Bir neçə işçi aparatı işə salmağa çox çalışdı. İşsizlikdən pas atan aparat isə “üzə durub” gah işə düşmədi, gah hərəkət etmədi, gah da yarı yolda qaldı.
Nəhayət, işçilərin üzü güldü. Amma xeyli əziyyətdən sonra. Aparat pilləkənləri qalxmağa nail oldu. Ləng işləyən aparat bir neçə dəfə də yolda dayanmaqla təxminən 10-15 dəqiqəyə mənzilbaşına çatdı.
İdarə rəisi və işçiləri aparatın bu cür işləməsinə “texnikadır, işləməməsi, belə nasazlıqların olması normaldır” deyə izah verməyə çalışdı. Park işçilərinə “keçmiş olsun” deməkdən başqa əlacımız yox idi...
Ümumən Bakıda yeraltı-yerüstü piyada keçidlərində müxtəlif anormal hallar var. Məsələn, bəzi keçidlərə əlillərin enməsi üçün xüsusi pilləkənlər qoyulsa da qalxmaq üçün pilləkənlər nəzərdə tutulmayıb. Əvvəllər metro keçidlərində ticarət obyektləri fəaliyyət göstərən vaxtlarda əlillər üçün xüsusi pilləkənlərin üzərində dükan tikilirdi.
Hazırda bu anormal hallardan biri də elə “Qış parkı”nın Füzuli meydanı tərəfdəki yeraltı keçidinin çıxışındadır. Keçidə düşən əlil Füzuli meydanı istiqamətinə çıxa bilmir. Səbəb də odur ki, çıxışda əlillər üçün xüsusi pilləkənin üzərinə sonradan məhəccər vurulub. Əlil arabasının təkərlərinin hərəkət etməli olduğu hissəni bu məhəccər zəbt edib.
Bir sözlə, əlillər keçidlərdən normal istifadə edə bilmir. Onlara yardım üçün quraşdırılan aparatlar sadəcə görüntü, bəzək rolunu oynayır. Əlillərin ümidi isə yoldan keçən insanların köməyinə qalır...[media=http://www.youtube.com/watch?v=r6Klik_0hNE]