Noyabrın 17-də dövlət başçısı İlham Əliyevin dünyada dinin siyasi ambisiyalara alət edilməsi haqda müraciəti təhlükəli bir prosesin qarşısını almağa işarə edilmiş mühüm tezis idi. Əslində, Azərbaycanın yerləşdiyi siyasi coğrafiya, regiondakı proseslər, ayrı-ayrı dini sektaların gücləndirilməsi, ölkəmizin sərhədlərinə daxil olan radikal dini qrupların bir neçə dəfə silahlı provokasiyalara cəhd etməsi bu təhlükənin mövcudluğunu diplomatik dillə səsləndirməyə zərurət yaradırdı.
Bu anlamda prezidentin dünyada radikalizm və ekstremizmin artması haqda fikirləri Azərbaycana ayaq açan və ölkədən Suriyaya qaçan radikalların bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir qüvvə olduğuna xəbərdarlıqdır. Və bu, təkcə xəbərdarlıq deyil, eyni zamanda, bir çağırışdır, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əmrdir. Azərbaycan dövlətinin qarşıdakı dövrdə dini ekstremizmə qarşı mübarizə tədbirlərinin daha sistemli, rabitəli şəkil alacağı bu müraciətdən sonra heç bir şübhə doğurmur.
***
Axar.az yada salır ki, son günlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının davamlı olaraq bu istiqamətdə çıxışları, “İslam xilafəti”nə qoşulan azərbaycanlı vəhhabilərin iqtisadi bazalarının məhvinə yönəlik bəyanatları, ardınca keçirilən bir neçə əməliyyat, həbslər əsassız deyil. Bu bəyanatların möhürünü vuran müraciəti də Prezident İlham Əliyev etdi.
Bu gün prezident Bakıda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyası tərəfindən birgə təşkil edilən "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda beynəlxalq konfransda məxsusi mesajlar verdi.
Prezidentin müraciətinin mətnini Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev oxudu. Bununla da dövlətin radikalizmə həssas yanaşdığı, xüsusilə son dövrlər baş verənlərə görə daha detallı təftişlərin başlanacağına ehtimallar verən müraciət səsləndi.
***
Prezident İlham Əliyev qeyd edib ki, bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur:
“Nüfuzlu beynəlxalq təşkilatların, dövlət və hökumət rəsmilərinin, tanınmış din xadimlərinin, alimlərin, ekspertlərin iştirak etdiyi belə bir faydalı tədbirin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, aktual mövzuya həsr olunmuş beynəlxalq konfransınız işini səmərəli müzakirələr şəraitində quracaq, dinlərarası və mədəniyyətləarası dialoqun, həmrəylik, tolerantlıq, qarşılıq anlaşma kimi bəşəri dəyərlərin inkişafına öz layiqli töhfəsini verəcəkdir”.