Ölkədəki xarici neft şirkətlərinin ayrı-seçkiliyi...
Mirvari Qəhrəmanlı: “Xarici mütəxəssislər baha qiymətə gətirilir, yerlilər də iş tapa bilməyib ölkəni tərk edirlər”
Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri Əmək Məcəlləsinin tələblərini yerinə yetirmir və kobud şəkildə pozur. Yerli və savadlı kadrlar işsiz olduğu halda, vakant yerlərə xaricdən işçi gətirilir. Həmin mütəxəssislər isə yerlilərə nisbətdə dəfələrlə çox əmək haqqı alırlar, həmçinin vergidən yayınırlar.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. O, qeyd edib ki, ölkənin rəsmi şəxsləri tez-tez neft sahəsində mütəxəssis qıtlığından danışsalar da, reallıqda əksidir: “Ancaq xaricdən baha maaşla mütəxəssis gətirilir. Yerli mütəxəssislər də iş tapa bilməyib ölkəni tərk edirlər. Əmək miqrasiyası haqqında qanunda göstərilir ki, ehtiyac olduğu halda, xaricdən mütəxəssis gətirilə bilər. ancaq bizdə ehtiyac olmadığı halda gətirilir və qanun pozuntusuna diqqət yetirilmir. Miqrasiya Xidməti xarici mütəxəssislərin ölkəyə gəlişinin qabağını almır. Onlar üç aydan bir gedib yenidən Azərbaycana qayıdırlar və buna görə vergi də vermirlər, icazə də almaq lazım olmur. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətlərinə dövlət nəzarəti,- vergi, miqrasiya orqanları və əmək müfəttişliyinin nəzarəti niyə zəifdir?”
M.Qəhrəmanlı ölkəmizdən xaricə “beyin axını”nın artdığını narahatlıqla vurğulayıb. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən bir çox xarici şirkətlər, xüsusilə neft şirkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və digər qanunverici sistemlərin tələblərinə məhəl qoymurlar: “Şirkətlərdə yaranmış vakansiyalara təyinat yerli işçilərdən deyil, xarici mütəxəssislər təyin olunurlar. Belə hallara ölkəmizdə fəaliyyət göstərən əksər şirkətlərdə rast gəlmək olar. Yerli mütəxəssislər isə ölkədə işlə təmin olunmadıqları üçün öz bilik və bacarıqlarını başqa ölkələrin inkişafına yönəldirlər. Buna misal olaraq ”Bahar Enerji" Əməliyyat Şirkətini göstərmək olar. Təşkilata daxil olan məlumata görə şirkət 2015-ci il yanvar ayından kütləvi ixtisarlar aparacaq. Təəssüf ki, bu ixtisarlar ancaq yerli işçilərə şamil olunacaq. Son zamanlar “Bahar Enerji”də aparılan qazma işləri müsbət nəticə vermədiyi üçün şirkətdə struktura daxil olan Qazma Şöbəsi ləğv edildi. Amma buna baxmayaraq, şirkət qazma üzrə xarici mütəxəssis işə qəbul edib. Sual olunur Azərbaycanda belə mütəxəssislər yoxdurmu?"
M.Qəhrəmanlı həmçinin vurğulayıb ki, xaricdən dəvət olunan mütəxəssislərin bəzilərinin vergidən yayınması halları da baş verir: “Belə ki, bəzi şirkətlərdə yüksək əmək haqqı alan xarici mütəxəssislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün ”şərait" də yaradılır. Belə ki, onlarla əmək müqavilələri 3 ay, yəni 90 gün müddətinə bağlanır. Müəyyən müddətdən- ölkəyə çıxış-giriş etdikdən sonra onlarla yenidən həmin müddətə əmək müqaviləsi bağlanır. Bu, mütəmadi xarakter daşıyır. Əgər ciddi yoxlanış aparılsa, küllü miqdarda vergidən yayınma halları müşahidə oluna bilər. Onu da qeyd edirəm ki, ölkədə müvafiq tələblərə cavab verən yerli işçilər olduğu halda, xaricdən mütəxəssislərin cəlb olunması qəti qadağandır. Doğrudanmı ölkəmizdə mütəxəssis qıtlığı var?"