Bakıda mənzillərin qiyməti düşür

18-11-2014, 09:44   
Bakıda mənzillərin qiyməti düşür

Bu il ölkənin mənzil bazarı aktiv olub. Amma ilin sonunadək qalan ay yarımda durğunluq olacağı və 2015-ci ilin ilk aylarından başlayaraq, əmlak bazarında tələbin azalacağı proqnozlaşdırılır.

iqtisadçı ekspert Vüqar Bayramov bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb. Onun sözlərinə görə, tələbin azalmasına baxmayaraq, ötən ay, eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmayıb. Amma dünya bazarındakı son dəyişikliklər Bakının mənzil bazarına da təsirsiz ötüşməyəcək.

Vüqar Bayramov qeyd edir ki, neftin ucuzlaşması davam edərsə, bu, əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq: “Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq şimal qonşumuzda yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir. Monitorinq və empirik sorğular göstərir ki, mənzil bazarına tələbatın təxminən üçdə biri MDB-də, xüsusən də Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Biznesi zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və bizneslə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlilərimizin bir qismi Bakıda 1 deyil, daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər”.

İqtisadçı Bakının mənzil bazarındakı yeni qiymət yüksəlişləri üçün real zəmin olmadığını, eləcə də paytaxtda infrastrukturun genişləndirilməsilə bağlı aparılan söküntülərin mənzil bazarına böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmadığını deyir. Onun fikrincə, Rusiyadakı durğunluq və neftin qiymətindəki kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında da qiymətlər ucuzlaşacaq.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət Ibrahimov isə “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, Rusiyadakı böhranın Azərbaycanın mənzil bazarına təsiri hiss olunan dərəcədədir: “Rusiyada fəaliyyət göstərən azərbaycanlılar vəsaitlərinin bir hissəsini investisiya formasında Azərbaycanın daşınmaz əmlak bazarına yatırıblar. May ayından sonra bu yatırımlarda azalmalar müşahidə edilir, son aylarda isə minimum həddə çatıb. Aktivliyin aşağı düşmə səbəblərindən biri də budur. Neft birjalarındakı qiymətlər, Rusiyadakı vəziyyət, rublun kursunun məzənnəsinin qeyri-stabil olması, sürətlə aşağı düşməsi mənzil bazarına öz təsirini göstərir. Ötən ilin oktyabr ayı ilə müqayisədə bu ilin oktyabr ayında aktivlik 30 faizdən çox aşağı düşüb. Bir sözlə, Rusiyadakı böhran Azərbaycanın mənzil bazarına təsir göstərib”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.