Qadınlara MÜDRİK MƏSLƏHƏT: ərinizə bir də belə baxın

18-11-2014, 17:58   


Bəzən insanlar düşünür ki, ailədəki problemlərin yeganə həlli boşanmaqdır. Ailəm.az-ın təqdim etdiyi bu yazıda problemləri boşanmadan da həll etməyin mümkün olduğunu görəcəksiniz.

“Nəhayət o gün gəldi. Ərim Bill işə getdikdən sonra mən əşyalarımı yığıb, 14 aylıq oğlumu da götürüb atamın evinə getdim.

Məni qarşılayan anam dedi ki, atam da, o da məni atmayacaqlar və axıra kimi arxamda dayanıb kömək edəcəklər.

Sonra isə anam mənə dedi: “Amma ərini birdəfəlik tərk etməmişdən, boşanmamışdan qabaq sən mənim bir xahişimi yerinə yetir”.

O, qabağıma bir vərəq qoydu, vərəqin ortasından bir xətt çəkdi və xahiş etdi ki, birinci sütunda mən Billdə ən sevmədiyim xüsusiyyətlərin siyahısını yazım. O şeylərin ki, onlar bizim birlikdə yaşamağımızı mümkünsüz edir. Mən belə başa düşdüm ki, ikinci sütunda o, Billdə ən sevdiyim xüsusiyyətləri yazmağımı istəyəcək. Və dəqiq bilirdim ki, ikinci siyahı çox qısa olacaq.

Nəysə, Billdə məni qıcıqlandıran xüsusiyyətləri birinci sütunda alt-alta yazmağa başladım:

- Bill həmişə öz əşyalarını ora-bura dağıdır.
- Heç vaxt hara getdiyini demir.
- Süfrənin ətrafında bərkdən burnunu silir və özünü ədəbsiz aparır.
- Heç vaxt mənə yaxşı hədiyyələr almır.
- O, pintidir və pul barəsində xəsisdir.
- Heç vaxt ev işlərində kömək etmir.
- Həmişə susur və mənimlə ünsiyyət qurmur.

Siyahı hələ çox uzanırdı, səhifədə yer bitmişdi. İndi mənim əlimdə danılmaz sübut var idi ki, heç bir qadın belə bir donuzla birlikdə yaşamaq istəməz.

Özündənrazı gülüşlə anama dedim: “İkinci sütunda onda bəyəndiyim xüsusiyyətləri yazmalıyam, eləmi?” Amma anam dedi ki, mən yazmadan da o, Billin güclü tərəflərindən xəbərdardır. Bəlli oldu ki, ikinci sütunda mən tamamilə başqa şey yazmalıyam. Anam hər bir bəndin qabağında onun çatışmazlıqlarına reaksiyamı təsvir etməyi xahiş etdi.

Bu bir az qəliz oldu, çünki söhbətin məndən gedəcəyini gözləmirdim. Ancaq bilirdim ki, dediyini etməmiş, anam məndən əl çəkməyəcək. Tapşırığın ikinci hissəsini etməyə başladım. Bəndlərin qabağına öz reaksiyalarımı yazdım:

- Əsəbiləşirəm.
- Qışqırıram, ağlayıram.
- Onun yanında olduğuma görə utanıram.
- Mən əzabkeşəm.
- Mən başqasına ərə getmək istəyərdim.
- Məncə, mən daha yaxşısına layiqəm.
- Bir sözlə, o, mənə layiq deyil.

Bu siyahı da sonsuzadək davam edirdi. Sonra anam vərəqi götürüb iki yerə ayırdı. Billin çatışmazlıqları olan tərəfi özündə saxladı, digərini isə mənə verib dedi: “Bu siyahını da götür, qayıt evə. Bu haqda düşün. Qoy uşaq bizdə qalsın hələ ki. Sonra gəl bura, əgər Billdən ayrılmaq qərarın qəti olsa, atanla kömək etməyə hazırıq”.

Mən evə qayıdıb öz siyahıma baxdım. Billin çatışmazlıqları olmadan bu siyahı çox qorxunc görünürdü. Mən öz dəhşətli davranışlarımı, dağıdıcı hərəkətlərimi bu siyahıda gördüm və yalnız onda anladım ki, mən bütün bu vaxt ərzində özümü necə mənasız aparmışam. Sonra ərimdə məni qıcıqlandıran xüsusiyyətlər haqda düşündüm.

Başa düşdüm ki, o siyahıda dəhşətli və bağışlanılmaz heç nə yoxdur. Mən o qədər əsəbi olmuşam ki, ər barəsində bəxtimin necə gətirdiyinin fərqinə varmamışam – o, ideal olmasa da, yaxşı insan idi.

Valideynlərimin yanına qayıtdım. Mən indi hər şeyə başqa cür yanaşırdım. İndi mən dinclik və minnətdarlıq hiss edirdim. Beş il qabaq söz vermişdim ki, sağlığında və xəstəliyində onun yanında olacam. İndi bir neçə dəqiqəlik əsəb gərginliyinə görə az qala hər şeyi dəyişəcək, uşağımı atasız böyüdəcəkdim.

Bill işdən qayıdanda oğlumla mən evdə onu gözləyirdik.

Mən demək istəyərdim ki, Bill dəyişildi. Yox, o dəyişilmədi. O, məni qıcıqlandıran şeylərin hamısını yenə də etməkdəydi. Ancaq mən onun hərəkətlərinə öz baxışımı dəyişdim. Mən həmin gün öz müdrik məsləhəti ilə evliliyimizi xilas edən anama təşəkkür edirəm.

Billin 49 yaşı olanda ona “Altshaymer xəstəliyi” diaqnozu qoyuldu. O, təqaüdə çıxmalı oldu və mən evdə ona qayğı göstərməyə başladım. Onda oğlum soruşdu: “Ana, biz indi nə edəcəyik, atam bizi xatırlamayacaq...”

Mən ona cavab verdim: “Amma biz onu xatırlayacağıq. Onun necə yaxşı ata və həyat yoldaşı olmasını, bizi necə sevməsini, bizə nələri öyrətdiklərini xatırlayacağıq...”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.