Yeni ipoteka strategiyası: Gənc ailələri nə gözləyir?

18-11-2014, 22:45   
Yeni ipoteka strategiyası: Gənc ailələri nə gözləyir?

“Mənzilə ehtiyacı olan əhalini tam olaraq ipoteka krediti ilə təmin etmək dövlətin borcu deyil. Yalnız imkansız, gəlirləri aşağı olan əhaliyə dövlət hesabına kredit verilməlidir”.

Bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin bugünkü iclasında 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Milli Bank sədrinin sözlərinə görə, Azərbaycan hökuməti çətin dövrdə ipoteka kreditinə ayrılan vəsaiti 10 milyon manat artıraraq 40 milyon manatdan 50 milyon manata çatdırıb:

“İndiyə qədər əhaliyə 1 milyard manat ipoteka verilib. Bu vəsaitin 600 milyon manatı İpoteka Fondunun vəsaiti, 400 milyon manatı isə bankların öz vəsaiti hesabına olub. 15 min 400 ailə ipoteka krediti alıb”.

E.Rüstəmov qarşıdan gələn ildə ipoteka faizlərinin aşağı salınması və gənc ailələrin rahat şəkildə mənzil sahibi olması üçün məbləğin artırılmasından söz salmasa da, yeni strategiyanın hazırlandığını deyib:

“Bizim yeni ipoteka strategiyamızda üç əsas prinsip nəzərdə tutulub. Birincisi, güzəştli ipoteka krediti dövlətin himayəsində qalmalıdır. İkincisi, kommersiya ipotekalarının verilməsi liberallaşdırılmalıdır, banklar və fondlar üçün imkanlar yaradılmalıdır. Üçüncüsü isə biz alman modeli olan ipoteka təklif edirik: əhali bankda müəyyən qədər vəsait toplayır. Sonra isə bank həmin vəsaiti kredit formasında sahibinə verir. Azərbaycan xalqının milli mentalitetini və mənzilə olan münasibətini nəzərə alsaq, bu model Azərbaycan üçün çox yararlıdır”.

Bir müddət öncə mətbuatda ipoteka şərtlərinin sadələşdirilməsi, sakinlərdən nisbətən az sənəd tələb olunması və digər yeniliklər barədə məlumatlar yer alsa da, ölkənin birinci bankirinin sözləri bunu deməyə əsas vermir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.