Rus-Türk birliyi nə vəd edir?

19-11-2014, 23:43   
Rus-Türk birliyi nə vəd edir?
İki ölkə arasında ticarət həcmi 100 milyard dollara çatdırılacaq

Region Rusiya prezidenti Vladimir Putinin dekabr ayının əvvəlində Türkiyəyə edəcəyi səfər hər 2 ölkədə böyük müzakirələrə səbəb olub.
Putinin Türkiyəyə səfəri barədə birmənalı fikir olmasa da analitiklərin əksəriyyəti bu səfərin hər iki ölkənin maraqlarına uyğun olduğu qənaətindədirlər.

Belə ki, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Kremlin Türkiyə timsalında özünə yaxın tərəfdaş seçməsi tam təbii görünür. Eləcə də Avropa Birliyinin qapılarının bağlı olduğu Türkiyə üçün də Rusiya ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi sərfəli hesab olunur.

Bu səbəbdən də Putin və Ərdoğan hakimiyyətlərinin 2020-ci ilə qədər Rusiya ilə Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılmasına çalışması başa düşüləndir.

Ayrıca neft və qazla Qərbi təzyiqdə saxlayan Rusiyanın Xəzər dənizinin, İraqın və prespektivdə İranın enerji daşıyıcılarının Avropaya çatdırılmasında tranzit rolunu üzərinə götürməyə hazırlaşan Türkiyə ilə münasibətlərin yaxşılaşması hər iki dövlətin strateji maraqlarına cavab verir.

ABŞ başda olmaqla Qərb ölkələrinin apardığı siyasət də Rusiya ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını zəruri edir. Belə ki, qarşılarında güclü Türkiyə görməmək üçün Qərb ölkələri NATO üzvü olan dövlətə qarşı müxtəlif ssenarilər işə salır. Buna misal olaraq PKK terror təşkilatını, Yaxın Şərqdə müstəqil Kürdüstan dövlətinin yaradılması layihələrini göstərmək olar. NATO üzvü olan Türkiyənin güclənməsində Rusiya da eyni texnologiyadan istifadə etməkdə maraqlı tərəflərdən biridir. Lakin 2 ölkə arasında münasibətlərin yaxşılaşacağı təqdirdə Rusiyanın Türkiyəyə qarşı bu addımları atacağı inandırıcı görünmür.

Rusiya ilə Türkiyənin yaxınlaşması Qafqaz və Yaxın Şərq bölgələrində sabitliyə böyük təkan verəcəyi şübhəsizdir. Bu isə hər iki bölgəyə Qərbin təsirini minimuma endirəcək.

İqtisadi cəhətdən isə 2 ölkənin yaxınlaşması daha çox Türkiyənin xeyrinə olacağı gözlənilir. Çünki xidmət və yüngül sənaye iqtisadiyyatı yaxşı inkişaf etmiş Türkiyə iş adamları üçün Rusiya kimi böyük bir bazarda heç bir əngəl qalmayacaq. Və Rusiyanın təbii sərvətlərindən bəhrələnənlər arasında da Türkiyə ön sırada olacaq. İkinci bir tərəfdən isə korrupsiyalaşmış Rusiyadan Qərbə axan kapital axının müəyyən bir hissəsi Türkiyə iqtisadiyyatına yönəldilə bilər.

Rusiyanın isə bundan uduşu o bilər ki, nisbətən imkanlı (Çin, Hindistan və başqa Asiya ölkələri ilə müqayisədə) Türkiyə vətəndaşları hesabına əmək bazarının problemlərini də yoluna qoya bilər. Və bu Rusiyanın gələcəyi üçün Çin qədər təhlükəli deyil.

Hərbi cəhətdən də Rusiya ilə əməkdaşlıq Türkiyəyə sərf etməlidir. Dünyanın ən böyük nüvə arsenalına malik Rusiya ilə əməkdaşlıq Türkiyənin də gələcəkdə nüvə ölkəsinə çevrilməsini sürətləndirə bilər.

Elə Putinin dekabr ayında böyük nümayəndə heyəti ilə Türkiyəyə səfəri çərçivəsində Akkuyu Atom Elektrik Stansiyasının tikilməsi işlərinin sürətləndirilməsi məsələləri də müzakirə ediləcək.

Analitiklərin fikrincə, Putinin yaxın prespektivdə Türkiyədən istədiyi kənd təsərrüfatı mallarının Rusiyaya ixracının artırılmasıdır. Qərbin sanksiyaları fonunda Türkiyədən meyvə və tərəvəz məhsullarının ixracının artması Rusiya qədər elə türk iş adamlarının da maraqlarına tam olaraq cavab verir.

Qərbin Rusiya ilə Türkiyə yaxınlaşmasına mənfi münasibət göstərəcəyi məlum olsa da buna mane olmaq imkanları sual doğurur. Belə ki, hər iki ölkənin hazırkı hakimiyyətlərinə Qərb tərəfdən heç də yaxşı münasibət göstərilmir. Əgər Putinin timsalında keçmiş SSRİ-nin bərpa etmək istəyən və imperiya ambisiyaları ilə yaşayan şəxs görülürsə, Ərdoğan da Osmanlı imperiyası kimi İslam dünyasında Türkiyənin xilafət rolunu öz üzərinə götürməyə çalışan lider kimi qiymətləndirilir.

Bütün bu münasibətlərin fonunda Qərbin Türkiyə ilə Rusiyanın yaxınlaşmasına mane olmaq imkanları azalmış olur. Ən önəmlisi isə odur ki, Türkiyə və Rusiya bir çox beynəlxalq məsələlərdə eyni mövqelərdən çıxış edir. Xüsusi ilə də BMT-nin ABŞ və Avropa ölkələrinin təsirində olması ilə nə Ərdoğan, nə də Putin razılaşır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.