Kiçik torpaq sahəsi üstündə şəhid ailəsi Xanım Talıbova ilə DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev arasında qalmaqal
Bir neçə gün öncə "Laçın DSMF-də şəhid ailəsinə qarşı haqsızlıq" başlıqlı yazı vermişdik. Daha doğrusu, Abcabədi rayonu Əli Talıbov küçəsi, ev 77-də yaşayan şəhid ailəsi Talıbova Xanım Muxtar qızının müraciəti əsasında hazırlanmış həmin yazıda çox sensasiya doğuran faktlar açıqlanırdı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti xanım M.Əliyevaya, Baş prokuror cənab Z.Qaralova, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab K.Əliyevə, Dövlət Sosial Müdafiə Fondunun sədri cənab E.Mehdiyevə və surəti qəzetimizə ünvanlanmış həmin müraciətdə şəhid ailəsi X.Talıbova başına açılan müsibətlər barədə sənəd-sübutlarla ortaya faktlar qoymuşdu. Bu faktlar olduqca maraq doğururdu. Bəs əslində, söhbət nədən gedirdi?
Müraciətdən də məlum olurdu ki, X.Talıbovanın kiçik obyektinin yerləşdiyi torpaq sahəsinə Dövlət Sosial Müdafiə Fondu Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən rəsmi sənəd alıb. Bütün mübahisələr də bundan sonra başlayıb. X.Talıbovanın redaksiyamıza təqdim etdiyi sənədlər istər-istəməz insanı düşünməyə vadar edir...
Problemin həlli yolu tapılmayanda...
Xanım Talıbovanın bizə təqdim etdiyi sənədlərin bəzilərinə diqqət kəsilək. Məsələn, Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsinin X.Talıbovanın müraciətinə 21.11.2013-cü il tarixdə sədr müavini Rafiq Cəlilovun imzası ilə yazılmış cavab məktubunda oxuyuruq: "Cavab məktubları ilə Mehtiyev Ramiz Bəbir oğlu tərəfindən sözügedən torpaq sahəsinin qanuni əsaslarla əldə olunmasını təsdiqləyən sənədlər təqdim edilmədiyi və A 293060 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin koordinat nöqtələri ilə faktiki koordinat nöqtələri fərqli olduğu üçün onun mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkün olmadığı barədə Sizə məlumat verilmişdir”.
Daha sonra mağazanın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Mərkəzi Koperativlər İttifaqına-”AZƏRİTTİFAQ”a məxsus olduğundan bu qurumun sədr müavini R.A.Kazımovun 03 may 2013-cü il tarixli Xanım Talıbovaya göndərdiyi məktub da maraq doğurur və şəhid ailəsinin tələbinin düzgün olduğu qeyd edilir. Məktubdan sitat: "Azərittifaqın müvafıq razılığı olmadığı üçün qeyd olunan mağaza binasının altındakı torpaq sahəsinin Ramiz Mehdiyev adlı şəxsə verilməsi qanuna ziddir.
Torpaq sahəsinin geri qaytarılması barədə tələbiniz qanuna uyğundur və bu məsələdə Azərittifaq Sizi müdafıə edir. Lakin məsələnin həlli Azərittifaqın səlahiyyəti xarıcində olduğundan torpaq sahəsinin geri qaytarılması ilə əlaqədar məhkəmə qarşısında müvafıq iddia qaldırmağınız tövsiyyə olunur”.
Torpaq Komitəsi səhvini boynuna aldı, amma...
Şok doğuran cavab isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08.09.2014-cü il tarixdə X.Talıbovaya göndərilmiş məktubda əksini tapmışdır: "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, Komitənin mütəxəssisləri tərəfındən həmin ərazıyə baxış keçirilmiş və bir daha müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsı heç zaman Laçın rayon sakini Mehdiyev Ramiz Bəbir oğlunun qanuni mülkiyyətındə və ya faktiki istifadəsində olmamışdır. Onun adına A Xa 293060 saylı "Torpaq sahəsinin planı və ölçusu sənədi texniki səhv olaraq hazırlanmışdır. Yerində araşdırma nəticəsində müəyyən edılmışdır kı, həmın "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən ölçülər və koordinat nöqtələrı naturada oİan faktiki ölçü və koordinat nöqtələri ilə fərqlidir”
Torpaq Komitəsi özü-özünü məhkəməyə verdi...
Araşdırma zamanı o da məlum oldu ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz verdiyi sənədin ləğvi üçün məhkəməyə müraciət edib. Olduqca sensasiya doğuran bir faktdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 15.09.2014-cü il tarixdə özü özünü məhkəməyə verməyə məcbur olub. Hazırda bu işə Şirvan İnzibati İqtisad Məhkəməsində baxılır. Amma bizə elə gəlir ki, bu qurum özü-özünü məhkəməyə verməkdənsə, texniki səhv olaraq yazılmış həmin "Torpaq sahəsinin planı və ölçusu sənədi”nə imza atanları tapıb, məhkəməyə verməli idi.
Göründüyü kimi, təqdim olunan sənədlərdə şəhid ailəsi olaraq X.Talıbova haqlıdır. Onun obyektinin yerləşdiyi torpaq sahəsinə Torpaq və Xəritəçəkmə Komitəsinin DSMF-nin Laçın rayon şöbəsinin müdiri, Laçın rayonundan məcburi köçkün Ramiz Mehdiyevin adına verilmiş "Torpaq sahəsinin planı və ölçusu sənədi” qanunsuzdur.