“Anti-İŞİD” qrupunun yaradılması xəbərinə MTN-dən reaksiya gəldi;Hakimiyyət Avropa Oyunlarının təhlükəsizliyinin qorunması üçün terrorla mübarizədə təcrübəsi olan dövlətlərdən biri ilə anlaşıb; Naxçıvandakı dindarın həbsinin pərdəarxası
Dünyanı lərzəyə salan İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlar son günlər daha ciddi hərbi fazaya keçib. Bu proses Azərbaycandan da radikal dini çevrələrə qoşulmaq istəyənlərə, o cümlədən müxtəlif dini cərəyanları təmsil edənlərə qarşı əməliyyatlarla bir vaxta təsadüf edir.
MTN, DİN və Respublika Prokurorluğunda şərti olaraq “anti-İŞİD” adlandırılan birgə qrup yaradılması haqda xəbər vermişdik.
Həmin xəbərdə yaradılan qrupun əsas koordinasiyasının MTN-in Antiterror İdarəsinə həvalə edildiyi deyilirdi. Məlumatda o da deyilirdi ki, qrup digər dövlət orqanları ilə əlaqəli işləyir: “Xüsusilə Bakıda saqqal saxlayanlar, müxtəlif dini cərəyanlarla təmasları olan, mənzilinin satıb ölkədən getmək niyyətində olanlar haqda məlumatlar toplanılır, onların çevrələri və dini baxışları araşdırılır”. İddialara görə, Yeni il ərəfəsi Türkiyə də daxil, xüsusilə ərəb ölkələrinə getmək istəyənlərlə bağlı turist firmalarına sifarişlər belə indidən ciddi araşdırılır. “Çünki statistika göstərir ki, terror qruplarına qoşulmaq istəyənlər yaşadıqları ölkədən əsasən ”turist" kimi çıxmağa üstünlük verirlər" - deyə, məqalədə bildirilirdi.
Yayılan xəbərlərlə bağlı moderator.az saytı MTN-ə müraciət edib. MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev “anti-İŞİD” qrupunun yaradılması ilə bağlı “Yeni Müsavat”da yer almış məlumatı nə təsdiq, nə də təkzib edib. A.Babayev milli maraqları təhdid edən istənilən təhlükəni önləmək üçün zəruri addımların atıldığını vurğulayıb: “Məsələ ilə bağlı sadəcə onu deyə bilərəm ki, dövlətin təhlükəsizliyinə, milli maraqların təmin olunmasına qarşı mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”.
Dini çevrələrlə bağlı xüsusi bir koordinasiyalı əməliyyatın aparıldığını həfətəsonu Naxçıvandan gələn xəbərlər də təsdiq edir. Məlumata görə, Naxçıvanda dindarlar kütləvi şəkildə saxlanılaraq polisə aparılır.
Bu haqda "Azadlıq" Radiosuna dindarların özləri məlumat verib. Onların dediyinə görə, bir müddət öncə başlayan həbslər son günlər daha da artıb. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dindar deyib ki, təqib olunmalarına səbəb dini cərəyanlardan biri ilə bağlıdır: “Hüquq-mühafizə orqanları birgə əməliyyat keçirirlər. Dindarları aparıb hələlik adı bizə məlum olmayan dini cərəyanla bağlı sorğu-sual edilirlər. Demək olar ki, bütün dindarları aparırlar. Şübhələndikləri şəxsləri buraxmırlar. Dindar var ki, 4 gündür həbsdədir. Biz də oturmuşuq evdə, gözləyirik ki, nə vaxt gəlib aparacaqlar. Biz heç bir cərəyan tanımırıq, heç nədən də xəbərimiz yoxdur. Qurunun oduna yaş da yanır”.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi dindarların saxlanmaları ilə bağlı səslənən xəbərləri hələ ki təkzib edir. Konkret ad çəkilməsə də, aydındır ki, “dini cərəyanlardan biri” dedikdə məhz sələfilər nəzərdə tutulur.
Bu arada Azərbaycandakı sələfi təriqətinə məxsus şəxslərə xidmət edən saytların sayının artması barədə də məlumatlar yayılıb. Axar.az xəbər verir ki, məhz bu saytlar vasitəsi ilə dünyada və ölkədə baş verən hadisələr təriqət üzvlərinə çatdırılır. “Qısa araşdırma zamanı məlum oldu ki, sözügedən saytların konkret yerləşdiyi məkan yoxdur. Saytda ünvan, telefon göstərilmir, sanki gizli fəaliyyət göstərirlər. Bu saytlara nəzər yetirilən zaman məlum olur ki, məqsəd internet vasitəsi ilə təbliğat işlərinin aparılması, şəbəkə arasında rabitənin yaradılması və sələfi ideologiyasını yaymaqdır. Eyni zamanda, digər maraqlı məqam sələfilərə məxsus olduğu bilinən saytların Azərbaycanda və Azərbaycan dilində fəaliyyət göstərməsinə baxmayaraq, Rusiya domenlərindən istifadə edilməsidir” deyə, xəbərdə bildirilir.
Hüquq-mühafizə orqanlarına yaxın çevrələrdən aldığımız bilgiyə görə, xüsusilə paytaxt Bakıda radikal dini cərəyanlara qarşı mübarizənin gücləndirilməsinin əsas səbəbi Bakıda gələn il keçiriləcək 2015-ci il Avropa Oyunlarıdır. Məlum olduğu kimi, bu yarışa hakimiyyət çox böyük önəm verir və ciddi təhlükəsizlik tədbirləri görür. Hazırda dünyadakı şərtlər isə təbii olaraq bu kimi yarışlarda təhlükəsizlik, ictimai asayişin qorunması məsələsini daha da aktuallaşdırıb.
Hakimiyyətin narahatlığı üçün isə, əlbəttə, ciddi səbəblər də var. Çünki məhz 2012-ci ildə “Eurovision” mahnı yarışması zamanı Bakıda terror aktlarına cəhdlər oldu, bir neçə nəfər həbs edilərək məhkəmə qarşısına çıxarıldı. Hətta sələfilərə qarşı keçirilən əməliyyatların birində təhlükəsizlik orqanları itki də verdi. İŞİD xilafət quracaqları ölkələr siyahısında Azərbaycanın da olduğunu bir neçə dəfə bəyan edib. Məhz bu təhdidlər gələn il Bakıda keçiriləcək oyunlarda ciddi əməliyyat tədbirlərinin, təhlükəsizliyin qorunması işinin yüksək səviyyədə təşkil olunmasını tələb edir.
İddialara görə, Azərbaycan hakimiyyəti Avropa Oyunlarının təhlükəsizliyi ilə bağlı radikal dini cərəyanlarla və terrorla mübarizədə kifayət qədər təcrübəsi olan dövlətlərdən birinin (dövlətin adını çəkmirik-red) ciddi dəstəyini alıb. Bu dəstək ilk növbədə Avropa Oyunlarının keçiriləcəyi arenaların və idmançıların yerləşdiriləcəyi Heydər Əliyev prospektindəki olimpiya kəndinin qorunmasına aiddir. Qeyd edək ki, 17 gün davam edəcək tədbirdə 10 minədək rəsmi, 6000-dən çox idmançı 20 növ üzrə 18 arenada mübarizə aparacaq. Bu kimi mötəbər yarışların təhlükəsizliyi bir neçə ölkənin hüquq-mühafizə orqanları ilə birgə qorunur. Belə görünür ki, ölkə daxilində radikal dini çevrələrə qarşı mübarizə daha da gücləndiriləcək. Xəbərləri şərh edən təhlükəsizlik üzrə ekspertlərdən biri Bakının Olimpiya Oyunlarınadək təhlükəsizlik çəmbərinə alınacağını iddia edib: “Ona görə də radikallara qarşı mübarizə, dini çevrələrdə həbslərin daha da artacağı proqnozlaşdırılır. Ölkənin daxilində bu təhlükəsizliyik kəmərini yaratmaq isə Azərbaycan hüquq-mühafizə orqanlarının bir saylı vəzifəsidir”.
Avropa Oyunlarının keçirilməsinə isə cəmi 200 gün qalır...