23 dekabrda keçriləcək bələdiyyə seçkilərinə bir aydan da az vaxt qalsa da Saatlıda seçki ab-havası demək olar ki, hiss olunmur. Hansı ki, namizədlikləri irəli sürülmüş şəxslərdən savayı kimsə seçki barədə düşünmür. Rayondakı durumla bağlı cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə icra başçısı seçicilərə əziyyət vermək istəmədiyindən xeyli öncədən bələdiyyə üzvlərini və bələdiyyə sədrlərinin kimliyini müəyyənləşdirib: "Rayonda kimi dindirirsən bircə onu deyir ki, bələdiyyə bizə nə verib axı, bu qurum həmişə icra hakimiyyətinin bir şöbəsi olub. Torpaq satmaqla icra başçısı Siraqəddin Cabarovun və birinci müavini İlham Qulyevin də olmaqla ancaq onların biznes maraqlarına xidmət edib. Rayon sakinləri deyir ki, icra başçısı kimi istəsə o da bələdiyyə üzvü olacaq. Qaldı ki, sədr məsələsinə, bu vəızifə pulludur, qiymətini də S. Cabbarov şəxsən özü müəyyənləşdirir".
Qeyd edək ki, əvvəllər bələdiyyə üzvlüyünə namizədliyini vermiş şəxslər təyinatından asılı olmayaraq evlərə gedib vətəndaşlardan imzalar götürürdülər. Bu dəfə isə imza yığma kampaniyasının necə, hansı şəraitdə və harada aparıldığından sadə vətəndaşların ümumiyyətlə xəbəri olmayıb. Saatlı rayon icra hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bələdiyyə üzvlərinin siyahısı 4–5 ay əvvəldən hazırlanıb: "Rayon bələdiyyə sədrinin kim olacağı da artıq bəllidir. Bu, Rusiyada yaşayan iş adamı Əlizaman Rəhimovun kiçik qardaşı Fizuli Rəhimovdur. İcra başçısı Siraqəddin Cabbarovla sıcaq münasibətdə olan Əlizaman Rəhimovun qardaşının bələdiyyə sədri olması üçün 60 min manat pul verdiyi bildirilir".
Başqa bir iddiaya görə, rayon bələdiyyəsinin hazırkı sədri Pünhan Pənahovun namizədlıyi YAP tərəfindən irəli sürülsə də S. Cabbarov onu arzuolunmaz şəxslərin siyahısına salıb. Onu da vurğulayaq ki, namizədliklərini irəli sürmək istəyən şəxslərin üzərində icra hakimiyyətinin çox ciddi nəzarəti hökm sürüb. Həmin şəxslərin kimliyi, nə işlə məşğul olduğu barədə ərazi üzrə icra nümayindələri icra başçısına arayışlar verirlər. Təqdim olunmuş materiallardan sonra icra başçısı olar-olmaz qərarını verir.