Alı Alıyev İtaliyanı necə mat qoydu: İcra başçısının Roma sərgüzəştləri... Məlum olduğu kimi, bir müddət öncə Ağdam, Ağsu, Babək, Bərdə, Füzuli, Xocavənd, Laçın, Şamaxı, Tərtər və Tovuz rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti İtaliyada səfərdə olub. Verilən rəsmi açıqlamada səfərin məqsədi kimi icra başçılarının Roma şəhərinin parklar sistemi, tarixi abidələri, muzeyləri, sosial infrastrukturu və iqtisadi obyektləri ilə tanış olmaları və təcrübə toplamaları qeyd olunub. Amma hər kəsə bəllidir ki, bizim icra başçıları üçün bu səfərlər bir qayda olaraq turist gəzintilərindən o yana getmir. Niyə?
Təcrübə səfəri yoxsa, turist gəzintisi...
Əvvəla, ona görə ki, dövlət büdcəsindən maliyyələşdirilən bu “təcrübə səfərləri” əslində pul silməyin yeni metodlarındandlr. Digər tərəfdən isə büdcədən ayrılan vəsaitləri “yumaqla” məşğul olan bizimkilərin Avropadakı müasir park kompleksləri ilə maraqlanacağı heç inandırıcı görünmür. Olsa-olsa onlar bu səfərlərə daha bir ölkəni görmək fürsəti və alış-veriş üçün əla şərait kimi dəyərləndirə bilərlər. Nə isə, yazımızın mövzusu heç bu da deyil. Əslində, Fizuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin İtaliya səfərindən sonra rəsmi qəzetlərin birində təəssüratlarını bölüşməsi diqqətimizdən yayınmadı və anaxeber.info olaraq icra başçısının “buraxdığı quşlar”la bağlı münasibətimizi təqdim etməyi lazım bildik. Beləliklə...
Görün, Alı Alıyev nələr yazır?
Fizuli icra başçısı Alı Alıyevin qələmə aldığı (çox güman ki, yazını da kiməsə yazdırıb-anaxeber.info) “Getdik, gəzdik, gördük...” başlıqlı məqalə yumor hissi olanlar üçün əsl material ola bilər. Müəllif qeyd edir ki, dövlət başçısının tapşırığı əsasında reallaşan bu səfərdə məqsəd Italiyanın yerli təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etmək olub. Özü də bir yox, iki yox, bir neçə şəhər gəziblər: Roma, Milan, Neapol, Vatikan...
Ancaq qəzet səhifəsinin yarısını tutan həmin məqalənin yarısından çoxu adı çəkilən şəhərlərin və ya İtaliyanın yox, Füzuli rayonunun timsalında Azərbaycanın uğurlu təcrübəsinə (?!) həsr olunub... Amma müəllif qəfildən sanki ayılır və tələm-tələsik əlavə edir ki,“biz, sözün həqiqi mənasında, Italiyadan çox şey öyrəndik, çox şey götürdük”. Ancaq yenə də icra başçısının İtaliyadan konkret nəyi öyrəndiyi bəlli olmur.
Sən demə, Alı müəllim öyrənməyə yox, öyrətməyə gedibmiş…
Həmin yazını dəfələrlə və təkrar-təkrar oxumağımıza baxmayaraq icra başçısının İtaliyada hansı təcrübəni toplaması haqda heç bir məlumat ala bilmədik. …Və birdən barmağımızı dişlədik ki, ey dadi-bidad Alı müəllim əslində İtaliyaya öyrənməyə yox, öyrətməyə gedibmiş. İnsafən qeyd olunmalıdır ki, Alı Alıyev bunu heç gizlətmək fikrində də olmayıb. Gizlətmək nioyyəti olsaydı heç bu cümlələri yazardımı: “...doğma Azərbaycanımızda da nümunə götürüləsi, öyrəniləsi cəhətlər çoxdur. Onları inandıra bildik ki, doğma Azərbaycanımızda da öyrəniləsi, nümunə götürüləsi cəhətlər çoxdur”
Məqalənin sonunda isə müəllif lap “gül vurub”: “Səfər zamanı bir daha yəqin etdik ki, Azərbaycanın sürətli inkişafı, bir qayda olaraq, qlobal böhranlardan kənarda qalması başqa ölkələrdə olduğu kimi, Italiyada da maraq və heyranlıqla izlənilir...”
Siz Allah, məntiqin gücünə baxın. Bir yandan italiyalıları “inandırıblar” ki, Azərbaycanda da öyrəniləsi çox şey var, bir yandan da yəqin ediblər ki, Azərbaycanın sürətli inkişafı Italiyada da “izlənilir”... Izlənilirsə, daha neyçün inandırmaq lazım gəlir? Nəysə, indisə gəlin araşdırmağa çalışaq ki, Alı Alıyev əslində italyanlara israrla nəyi və ya nələri öyrətmək istəyirmiş…
Siyasi xəyanət və ya karyeranı necə qurmalı?
Hesab edirik ki, italyanlar, eləcə də bütün avropalılar Alı müəllimdən çox şeylər öyrənə bilər. Məsələn, onun bütün şüurlu fəaliyyəti əslində bütün dünyanı məşğul edən “karyeranı necə qurmalı” sualının samballı cavabı sayıla bilər. Gəlin, onun zəngin təcrübə dəftərini birlikdə vərəqləyək…
Ölkə mətbuatında Alı Alıyevlə bağlı şok yaradacaq məlumatlardan biri onun hansı yollarla yüksəlməsi ilə bağlıdır və bu informasiyalar bu günə qədər təkzib olunmadığından biz onların həqiqiliyinə şübhə etmək üçün əsaslardan məhrumuq. Belə ki, uzun illərdir ki, iqtidarın çörəyini yeyən rayon rəhbəri sən demə, qiyamçı polkovnik, sabiq baş nazir Surət Hüseynovun önəmli adamlarından imiş. Surət Hüseynov böyük orduya sahib olan vaxtlarda da A.Alıyev onunla sıx əlaqə saxlamış və onun lazımı ərzaq məhsulları, eləcə də lazımı vəsaitlərin təminatında yaxından iştirak etmişdir. O zamanlar S.Hüseynovun kölgəsində sərinlik tapan indiki icra başcısı, Füzuli rayonununun var-dövlətini talamaqda ad çıxarıb. O zaman baş nazir olan S.Hüseynovun himayədarlığı ilə Fizuli rayonuna icra başçısı gəlmək üçün çalışsa da birincinin “vurulması” prosesin yekunlaşmasına imkan verməyib. Amma Alı alıyev sonrakı illərdə özünə Əhməd Əhmədzadə kimi havadar taparaq icra başçısı postuna yiyələnməyi bacarıb.
Son əvəzi...
Hə, indi italyanlar zəhmət çəkib, ən mafioz məmurlarından misal gətirsinlər. Doğurdan da onlar Alı Alıyev təcrübəsindən hələ çox öyrənməlidir. Məsələn onu ki, tutaq ki, park tikmək məsələ deyil, əsas olan onu necə tikməkdir. Mexanizm isə sadədir: Deməli, parkın inşaası üçün dövlət büdcəsindən lazımı maliyyə ayrılır. İndi, italyanlar deyəcək ki, hə də, başlayaq park tikməyə, ay kişilər, dayanın e. Siz susun, qoy Alı Alıyevin təcrübəsi danışsın: Hə, həmin məbləğin əhəmiyyətli hissəsini heç iş başlamamış qoyursan cibinə. Ya da qohum-qardaşlarının birinin adına paytaxt Bakıda (italiyalılar isə paytaxt Romada-red) bir neçə obyekt alırsan. Bəs, park necə tikiləcək? Çox sadə, Alı müəllim yerli məmurları və iş adamlarını yanına çağıraraq hərəsinin boynuna müəyyən qədər məbləğ qoyacaq. Və ciddi görkəm alaraq əlavə edəcək ki, “baxın ha, bu işlə zarafat eləmək olmaz, prezidentin səfərinə qədər park istifadəyə verilməlidir”. Və park doğurdan da istifadəyə verilir…
Ardı olacaq….