14 yaşında zorla ərə verilən Samirədən qorxunc iddia: “...məni zorladı” - ARAŞDIRMA

5-12-2014, 21:47   
14 yaşında zorla ərə verilən Samirədən qorxunc iddia: “...məni zorladı” - ARAŞDIRMA
Nikaha daxil olmağa məcburetmə 3 min manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır

“Mən onu sevmirdim. Heç kimi sevmirdim... Heç sevgi nədir bilirdim ki?! Oxumaq istəyirdim. Müəllim, ya həkim olmaq. Qonşu qızlarla ya müəllim-müəllim, ya da “doktor-doktor” oynayardıq. Nişanlım deyilən adamla görüşə-zada da getməzdim. Həmişə o gələrdi. Oğlan da bilirdi ki, mən onu sevmirəm, məni ona məcburi veriblər. Buna görə də nişandan yeddi ay sonra o, mənə zorla sahib oldu”.

14 yaşında uşaq nikahının qurbanı olmuş Samirə belə deyir. Anası onu özündən 12 yaş böyük, əslən İsmayıllıdan olan oğlanla nişanlayıb.

Həmin hadisədən bir müddət keçəndən sonra artıq 15 yaşında olan uşağın ürək bulantıları başlayır. Anasının məhəl vermədiyini görən qız ürəyini xalasına açır. Xalası onu həkimə aparır. Məlum olur ki...

- Hamilə olduğumu biləndən sonra nişanlım məni qaçırtdı. İsmayıllıdakı evlərinə gətirdi. Orda qayınlarım məcbur elədilər polisə ərizə yazım ki, könüllü gəlmişəm. Yazdım da. Böyük oğlum dünyaya gəldi. Zamanla alışmışdım. Normal yaşayırdıq.

İkinci oğlu dünyaya gələndə Bakıya köçürlər. Bir qədər sonra ailədə maliyyə problemləri yaranır.

- Ərim rahatlığı sevəm adamıydı. Çətinliyə dözmədi. Bizi atıb getdi. İki uşaqla qaldım tək başına. Nə yeməyimiz olurdu, nə kirayə yaşadığımız evin aylığını verməyə pulumuz. Getdim atamgilə ki, küçədə qalmışam. Anam evə buraxmadı (kövrəlir).

Kirayə pulunu ödəyə bilməyən Samirə uşaqlarıyla parkda yatır. Bir gün parkda ona bir qadın yaxınlaşır. Köməyini təklif edir. Əvvəl salonda işləyir, sonra... Sonrası ikimizə də bəlliydi. Artıq hər şey geridə qalıb. İndi o Bakıdadı. Amma bura gəlib çıxana qədər nələr yaşayıb, nələr görüb, onu bir Allah bilir, bir də özü. Onlar haqqında danışmaq istəmir. “Keçmiş keçmişdə” qaldı deyir.

***

Bu, hər il uşaq nikahının qurbanı olan onlarla qızdan sadəcə birinin həyat hekayəsidir. Bu və ya digər formada bir-birinə bənzəyir onlarla tale. Və əksəriyyəti də bir-birinə bənzəyir: erkən nikah və bədbəxt sonluq. “Filankəsin qızı da erkən ailə qurmuşdu. İndi xoşbəxtdir” də deyə bilərsiz. Düzdür, onların arasında xoşbəxt olanları, yaxud kənardan xoşbəxt görünənləri də var. Amma statistika və faktlar onu göstərir ki, insan alveri qurbanlarının əksəriyyəti erkən yaşda ərə gedən qızlardır.


BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasının birinci maddəsinə əsasən, 18 yaşına çatmamış hər bir şəxs uşaq sayılır. Son dövrlər BMT toplantılarında 18 yaşdan aşağı evliliklər erkən nikah yox, uşaq nikahları termini işlənməyə başlanılıb. Təşkilatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında evlilik yaşı 18-ə qaldırılıb. Bu həm qızlar üçün belədir, həm də oğlanlar. İstisna hallarda evlilik yaşı 17 ola bilər.

Statistika

2011-ci ildə Azərbaycanda 5138 erkən nikah qeydə alınıb. Ailə məcəlləsinə edilən dəyişiklikdən sonra (evlilik yaşının 18-ə aldırılması nəzərdə tutulur) 18 yaşadək qeyri-rəsmi nikaha girən qız uşaqlarının rəsmi sayı 2012-ci ildə 295, 2013-cü ildə 229 olub. Bu Dövlət Statistika Komitəsinin məlumatıdır.

Real vəziyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyir ki, yuxarıda qeyd olunan statistikadan fərqli olaraq 15-17 yaşlılar arasında erkən hamiləlikdən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə isə 2855 olub. Bu da o deməkdir ki, rəqəmlərdə azalma olsa da, hələ də Azərbaycanda uşaq nikahları var.

“Bəzən intihara da əl atırlar”

Komitənin məsləhətçisinin sözlərinə görə, uşaq nikahına cəlb olunan qız uşaqları dünya görünüşlərini, təhsil səviyyələrini inkişaf etdirə bilmirlər. Bu baxımdan da onlar sənətə, peşəyə yiyələnə bilmirlər: “Onlar ailə həyatına hazır olmadıqları üçün onlarda sosial - psixoloji problemlər olur. Erkən ailə həyatı quran qızlar şəxsiyyət kimi inkişaf edən dövrdə dünya görünüşündə dəyişiklər yaranır və onlar öz həyatından razı qalmırlar və bu mühitlə barışa bilmirlər. Boşanma zamanı da belə qadınların heç bir hüquqları olmur. Rəsmi nikah olmadığından uşağa görə ərindən aliment pulu ala bilmir, mülkiyyət problemləri olur. Bir çox hallarda uşağına şəhadətnamə belə ala bilmirlər. Bəzən intihara belə əl atırlar”.

Həkim rəyi

Akuşer - ginekoloq Rəşad Sultan erkən yaş hamilələrdə patologiyalar daha çox rast gəlindiyini deyir: “Qadın orqanizmi 18 yaşdan sonra doğuşa hazır olur. Lakin ideal yaş 20 ilə 32 arası hesab olunur. Erkən yaş hamilələrdə adətən bətndaxili inkişaf geriliyi, preeklampsiya və vaxtından qabaq doğuş olur. Preeklampsiya təzyiq yüksəkliyi, şişkinlik və sidikdə zülal olması ilə xarakterizə olunan hamiləlik patologiyasıdır. Ana ölümünün əsas səbəblərindən biridir. Bu patologiya hamiləliyin ikinci yarısında özünü büruzə verir”.

Problem necə həll olunmalı?

“Uşaq nikahlarının qarşısını almaq üçün qanunvericilikdə çox böyük işlər aparılıb. Birincisi ailə məcəlləsində dəyişiklik edilib, həm qızlar, həm də oğlanlar üçün evlilik yaşı 18 olub. İkincisi Cinayət Məcəlləsində 176.1 maddəsi əlavə olunub. Hal-hazırda valideyn məsuliyyətinin artırılması ilə bağlı layihə hazırlanır. Bu problemin aradan qaldırılması üçün ictimai məsuliyyət olmalıdır. Müəllimlər, bələdiyyə işçiləri, yerli icra nümayəndələri kənddə, qəsəbədə yaşayan hər bir insan üçün, xüsusi ilə uşaqlar üçün məsuliyyət daşımalıdırlar. Şagirdlərin dərsə davamiyyəti onları narahat eləməlidir. Yuxarıda adları çəkilən insanlar bu sahədə çox aktiv iş aparsalar, sözsüz ki, həmin kəndlərdə, qəsəbələrdə erkən nikahların sayı da azalar. Təəssüflə demək lazımdır ki, bəzi bölgələrdə vəzifə borcunu yerinə yetirməli olan şəxslər öz məsuliyyətinə barmaqarası yanaşır. Erkən nikahla bağlı faktı bilsələr belə biganə yanaşırlar. Bu biganəliyə cinayət məcəlləsi ilə iş düşür”, bunu bizə A. Veysəlova deyir.

İşin hüquqi tərəfi

Hüquqşünas Səbuhi Axundov deyir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1 maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etmə cinayət işi sayılır: "176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Təhsil Nazirliyinin rəyi

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumatda deyilir ki, ümumtəhsil məktəbləri tərəfindən icbari təhsilin təmin olunması ilə bağlı valideynlərlə maarifləndirmə tədbirləri həyata keçirilir. Lakin uşaq nikahları daha çox hansı bölgələrdə olması ilə bağlı nazirlikdə heç bir statistika aparılmayıb. Ümumtəhsil məktəblərində şagirdlərin gündəlik davamiyyətinin qeydiyyatı aparılır, buna yerli təhsili idarəetmə orqanları tərəfindən nəzarət olunur.

Uşaq yaşda ailə quran məktəbli qızlar məktəbə gəlmir. Faktı isə əksəriyyət məktəb direktorları gizlədir. Belə faktlar azalsa da, bugünkü gündə də var. Nazirlikdən sorğumuza cavabında belə faktlar daxil olmadığı bildirilir.

Vaxtında profilaktik tədbirlər görülməlidir

Bir zamanlar uşaq evliyinə görə cənub regionu üstünlük təşkil etsə də, bu gün vəziyyət belə deyil. “Təmiz Dünya” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova bu problemin az və çox bütün bölgələr üçün xarakterik olduğunu deyir.

Onun fikrincə, daha çox cənub bölgəsinin adının çəkildikdə, digər bölgələr diqqətdən kənarda qalır: “Saatlı, Sabirabad, Gəncədə də erkən evliliklər müşahidə edilir. Bu problem az və çox olmaqla bütün bölgələrimizdə var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi bu məsələyə çox diqqət ayırır, baş verəcək erkən nikahların qarşısı alınmağa çalışılır. Lakin bəzən bu latent şəkildə getdiyindən bundan xəbər tutmaq olmur. Uşağın adı məktəbə yazılır və onun təhsildən yayıldığı hiss olunmur. Erkən nikahların qarşısını almaq üçün məktəblərdə monitorinqlərin aparılması üçün imkan yaradılmalı, regional işçi qrupları olmalıdır. Burda bələdiyyələr, QHT-lər, icra nümayəndələri, eləcə də polis də iştirak etməlidir. Beşinci sinifdən sonra bu işçi qrupu məktəblərdə monitorinqlər aparmalıdır. Birinci sinifdə nə qədər uşaq gəlmişdi, beşinci sinifdə nə qədər uşaq olmuşdu. Qız uşaqlarının dərsə davamiyyəti necədi? Təhsilini davam etdirirmi? Vaxtında profilaktik tədbirlərlə problemin qarşısını almaq olur. Uşağını təhsildən yayındıran valideynlər cərimələnməlidir”.


M. Zeynalova onu da qeyd edir ki, Lənkəranda erkən nikahla bağlı hadisələr aşkarlananda uşağın valideyni pul cəriməsi tətbiq edilir: “Bu cərimələrin qanunvericilikdə nə dərəcədə nəzərdə tutulduğunu bilmirəm. Ötən illərdə müşahidə elədiyim məsələlərdən biri d bu idi ki, insan alverinin qurbanlarının əksəriyyəti erkən nikah qurbanlarıydı. Belə insanlar ikiqat zorakılığa məruz qalır. Erkən nikah quran qızlar ayrılan zaman uşağın atalığını müəyyən etmək kimi də problemlə qarşı-qarşıya qalırlar”.

Psixoloq rəyi

Ailə psixoloqu Elnur Rüstəmov deyir ki, erkən ailə quran qızlar psixoloji travma alırlar. Erkən ailə quran qız uşaqları erkən yaşda ana olurlar. Ailə qayğıları, uşağın tərbiyəsi il bağlı problemlər zaman keçdikcə onların psixikasına müəyyən mənfi təsirlər göstər: “Qurulan ailədə ailə daxili münasibətlər doğru tənzimlənmədikcə problemlər yaranır. Çox vaxt onların şikayəti uşağa baxmaqla bağlı olur. Çünki onlar özləri hələ uşaqdırlar. Bu problemlər ailə quran zaman təzə vaxtlarda özünü büruzə vermir. Bu narahatçılıq özünü xüsusi bir formada göstərməyə də bilər. Zaman keçdikcə bu travmanın təsiri onların psixikasında özünü göstərir. Depressiv hallar olur, səbəbsiz ağlayırlar, aqressiv olurlar. Bu uşaqların böyütdükləri uşaqlar yeniyetmə yaşına çatanda anada yorulma baş verir, həyatdan zövq ala bilmirlər, hər şeydən narazı olurlar. Əsasən uşaq yaşda ailə quran qızlar təhsil ala bilmirlər. Təhsil alan qızlar müəyyən qədər cəmiyyətə adaptasiya olurlar. Təhsilsiz adamların çevrəsi çox dar olur, ətrafla kommunikasiyaları az olur. Ev, məişət qayğıları zaman keçdikcə onların psixoloji durumunda müəyyən problemlər yaradır. Ailə qurmaq üçün qızlar üçün 20 -21 , oğlanlar üçün 24-25 yaş idealdır”.

İslam nə deyir?

Erkən yaşda evlilik deyəndə daha çox İslam dininin adı çəkilir. Məhəmməd peyğəmbərin 9 yaşlı Ayşəylə evləndiyi deyilir. Bu fikri isə ilahiyyatçı Elşad Miri qətiyyətlə rədd edir:

- Bəzən deyirlər ki, islam uşaq yaşda evliliyi dəstəkləyir. Bu islama atılan ləkələrdən biridir. İslam dinində azyaşlıların ərə verilməsi ilə bağlı iddia yoxdur. Sadəcə, bəziləri peyğəmbərimizin 53 yaşında olarkən 9 yaşlı Aişəylə evləndiyini iddia edirlər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, Aişə heç də 9 yaşında olmayıb. Peyğəmbərlə evlənərkən onun yaşı 20-dən çox olub. Peyğəmbərimiz öz qızlarını nə 9 yaşda, nə də 6 yaşda ərə verməyib. Ona görə də, bu məsələnin islamla aidiyyatı yoxdur. Peyğəmbərimizin hədislərində deyilir ki, islam dinində konkret yaş həddi qoyulmayıb. İnsan evlilik yaşını özüi seçə bilər. Həddi-buluğa çatan biri ilə evlənə bilər. Peyğəmbərimiz deyir ki, övladlarınıza təhsil verin. 10 yaşlı qıza təhsil verilməzdilərsə, onları cəzalandırın deyir. İslam dinində erkən nikah anlayışı yoxdur”.

İlahiyyatçı dini nikahla bağlı da fikirlərini söylədi: “İslamda “dini nikah” adlı nikah yoxdur. Avropada mövcud olan kilsə nikahı sözü ilk olaraq türk dilinə, ordan da bizim dilə tərcümə nəticəsində ortaya çıxan bir anlayışdır. Bəzən buna “molla kəbini” deyirlər, bəzən də “dini nikah”. İslamda kəbin bir cürdür. Onun da şərtləri odur ki, nikah həm qadını, həm də kişini qorumalıdır. Əfsus olsun ki, bu günləri həmin o dini kəbinlərdə qadınların hüquqları pozulur. Hər hansı bir kişi dövlət qurumuna müraciət etmədən dırnaqarası dindarlara kəbin kəsdirir. Sabah hər hansı bir problem yaşanarsa, belə kişilərin nə izi tapılır, nə özü. Bu zaman İslam dini qadınların haqqını tapdalamış olur. Onda bu necə din oldu? Ona görə də islam dini konkret olaraq qadının da, kişinin də hüquqlarını qoruyacaq bir müqavilənin olmasının tərəfdarıdır. Bu günləri bu müqaviləni dövlət qurumu həyata keçirirsə, orda qadına veriləcək mehri qeyd eləməklə dövlət nikahı dini nikahın əvəzinə keçə bilər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.